Azərbaycan pasportu Kälin və Kochenov-un Vətəndaşlıq Keyfiyyəti İndeksində (Kälin and Kochenov’s Quality of Nationality Index (QNI) mövqeyini bir qədər yaxşılaşdıraraq 2018-ci ildə 160 ölkənin pasportları arasında 108-ci yerdən 105-ci yerə qalxıb.
Bu indeksdə pasportlar keyfiyyət kateqoriyası üzrə beş dəstəyə bölünüb: “Çox yüksək”, “Yüksək”, “Orta”, “Aşağı” və “Çox aşağı”.
Bu baxımdan Azərbaycan vətəndaşlığı bütün dünya miqyasında keyfiyyətinə görə hələ də “aşağı” sayılır.
Bu kateqoriyaya reytinq cədvəlində 87-147-ci yeri tutan ölkələr daxil edilib.
Yeni QNI indeksində Azərbaycanın qonşuları 104-cü yerdə olan Dominikan Respublikası və 106-cı yerdə olan Kuba və Namibiyadır.
Sözü gedən indeksin tərtibçiləri Qroningen Universitetinin vətəndaşlıq və miqrasiya hüququ üzrə eksperti Dmitry Kochenov və Henley & Partners konsaltinq firmasının rəhbəri Christian Kälin-dir.
Gürcüstan, Ermənistan və Azərbaycan
Index 2011-ci ildən aparılır. Maraqlıdır ki, 2011-ci ildə Azərbaycan pasportu 90-cı yerdə idi və ondan sonra 2017-ci ilədək eniş başlanıb və yalnız ötən il göstərici iki pillə yaxşılaşıb.
Qonşu Gürcüstan 2011-də Azərbaycandan geridə, 93 yerdə idi. Ermənistan pasportu da 2011-də 90-cı yeri tuturdu.
Lakin son reytinqdə Gürcüstan 77-ci, Ermənistan isə 98-ci yerdədir. Hər ikisi Azərbaycanı geridə qoyublar.
Yeni reytinqdə keçmiş sovet respublikalarından Azərbaycandan geridə olanlar yalnız Özbəkistan (109), Tacikistan (114) və Türkmənistandır (122).
Estoniya pasportu 19, Latviya və Litva pasportları 20-ci yerləri tuturlar.
Rusiya pasportu bu reytinqdə 62-ci yeri tutub. Ukrayna pasportu 75, Qazaxıstan 84, Belarus 86, Qırğızıstan 102-ci yerdədir.
Türkiyə pasportu 76-cı, İran pasportu isə 125-ci pillədə qərarlaşıb.
Ən keyfiyyətli və ya keçərli pasportların ilk 10-luğuna Fransa, Almaniya, Niderland, Danimarka, Norveç, İsveç, İslandiya, Finladiya, İtaliya, Britaniya, İrlandiya və İspaniya daxildir.
Birləşmiş Ştatların pasportu 25-ci yeri tutur.
Pasportu pasport edən...
Sözü gedən reytinqin hazırlanmasında vətəndaşlıq keyfiyyətinin müəyyən edilməsi üçün daxili və xarici faktorlar nəzərə alınıb.
Bunlar ölkə iqtisadiyyatının miqyası, insan potensialının inkişaf səviyyəsi, ölkədəki ictimai asayış və sabitlikdir.
Əsas göstəricilərdən biri də vətəndaşın neçə başqa ölkəyə vizasız gedib-gəlmək, orada yaşamaq və işləmək imkanının olmasıdır.
Indeksin hesabatında deyilir ki, “bu səbəbdən də Avstraliya kimi uzunömürlü, yaxşı təhsil və yaşayış səviyyəsi və ya ABŞ kimi böyük iqtisadiyyatı olan ölkənin vətəndaşı olmaq , Venesuela kimi neftlə zəngin, amma təhlükəli ölkənin vətəndaşı olmaqdan qat-qat üstündür”.
Bu indeks üzrə “ən az mötəbərliyinə” görə sonuncu yerləri Somali, Əfqanıstan və Cənubi Sudan tuturlar.