Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

Yeni hesabat: Gürcülər 114, azərbaycanlılar isə 66 ölkəyə vizasız gedə bilər


Baş qərargahı Londonda mənzillənən nüfuzlu Henley & Partners konsaltinq firması özünün internet saytında dünya “pasportlarının indeksini” dərc edib. Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib.

Bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın 190 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri tutan Sinqapur və Cənubi Koreya Yaponiyadan “cəmi bir ölkə” geridə qalırlar.

Üçüncü yeri Almaniya və Fransa tuturlar. Onların vətəndaşları vizasız pasportla 188 ölkəni gəzə bilərlər.

Böyük Britaniya və ABŞ-ın pasport indeksindəki yeri son illər enməyə başlayıb. Bu iki ölkə indi pasport reytinqində 6-cı yeri tuturlar, halbuki 2015-ci ildə 1-ci yeri bölüşürdülər. Ekspertlər bunu sözü gedən ölkələrdə “bağlı qapılar” siyasətinin güclənməsi ilə izah edirlər.

Rusiya 119 ölkə ilə 48-ci yeri tutub. Rusiya vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin siyahısına ötən il ərzində daha 9 ölkə daxil olub.

Bu indeksdə Ukrayna Rusiyadan irəlidə, 41-ci yerdədir. Onun vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Belarus və Qazaxıstan müvafiq olaraq 66-67-ci yerləri tuturlar. Onların vətəndaşları üçün 77 və 76 ölkənin qapıları açıqdır.

Keçmiş sovetlər

Keçmiş SSRİ respublikaları arasında ən nüfuzlu pasportlar 11-ci yeri tutan Latviya və Litvadadır. Bu ölkələrin vətəndaşları vizasız olaraq dünyanın 180 ölkəsinə gedə bilərlər. 12-ci yerdə 179 ölkə ilə Estoniya gəlir. Keçmiş sovetlər arasında ən “keçərsiz” pasportu türkmənlər daşıyırlar. Bu pasport yalnız 53 ölkəyə vizasız gediş imkanı verir.

Mərkəzi Asiya ölkələri arasında pasportlarının nüfuzuna görə Qazaxıstandan sonra Tacikistan və Özbəkistan gəlir. Bu ölkələr pasport reytinqində 58 ölkəyə sərbəst girişlə 80 pillədədirlər.

Cənubi Qafqazda ən keçərli pasporta gürcülər malikdirlər. Gürcüstan pasport indeksində 51-ci yeri tutur. Gürcüstan vətəndaşları 114 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan Filippin və Tunislə birlikdə 76-cı yeri bölüşürlər.Bu ölkələrin vətəndaşları yalnız 66 ölkəyə vizasız səfər edə bilərlər. Ermənistan 61 ölkəyə vizasız girişlə 79-cu yeri tutur.

96-cı yerdə olan İranın pasportu 42, 52-ci yerdə olan Türkiyənin pasportu 111 ölkəyə vizasız gediş-gəliş haqqı verir.

Reytinq cədvəlində sonuncu 104-cü yeri Əfqanıstan və İraq tuturlar.

İkinci pasport almaq meyli yüksəlir

Henley & Partners 2019-cu ildə ilk dəfə olaraq pasport indeksi ilə yanaşı həmdə “Qlobal hərəkilik” hesabatını açıqlayıb.

Bu hesabatda əsas diqqət ölkələrin “açıqlığına” və “qapalılığına”, habelə miqrasiya proseslərinə yönəldilir.

Hesabatda habelə investisiyalar vasitəsilə başqa ölkələrin vətəndaşlığının əldə edilməsi meylləri nəzərdən keçirilir.

Hesabatda qeyd olunur ki, bütün dünya boyunca ikinci pasportun əldə edilməsinə maraq artıb.

Məsələn sərvəti 30 milyon dolları aşan ifrat varlı insanların üçdə birindən çoxunun artıq ikinci pasportu var, daha 29 faiz ikinci pasport əldə etməyi planlaşdırır.

İnvestisiya immiqrasiyası qaydaları hər beş varlı mühacirdən birinə ikinci pasportu almaqda kömək edir. Bu zaman həmin varlı “mühacirin” yeni ölkəyə köçməsi şərt olaraq qoyulmur.

Təsadüfi deyildir ki, pasportlarını investisiya proqramları ilə əcnəbilərə verən, əslində satan ölkələrin öz pasportları da mötəbər sayılır.

Məsələn, Malta pasport indeksində 9-cu yeri tutur. Malta pasportu ilə dünyanın 182 ölkəsinə vizasız getmək olar.

Sent-Kits və Nevis, Antiqua və Barbuda kimi az tanınan ölkələr də reytinq cədvəlində 27-28-ci yerləri tuturlar.

“İnvestiya vasitəsilə vətəndaşlıq” proqramına yenicə başlamış Moldova 46-cı yerdədir. Onun vətəndaşları 122 ölkəni vizasız ziyarət edə bilərlər. Çernoqoriya 123 ölkə ilə 45-ci yerdədir.

Ayrı-ayrı ölkələrin vətəndaşları onların pasportlarının hansı ölkələrə vizasız səfər imkanı verib-vermədiyini Beynəlxalq Hava Nəqliyyatı Agentliyinin (IATA) Timatic məlumat bazasından öyrənə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG