Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) iyulun 27-dən etibarən Ermənistandan süd məhsullarının idxalına məhdudiyyət tətbiq olunacağını açıqlayıb.
Qurum bildirir ki, iyulun 14-21-də Rusiya mütəxəssisləri Ermənistanın süd emalı müəssisələrində yoxlamalar aparıb və "2023-2024-cü illərdə keçirilmiş təftişlər zamanı da qeydə alınan analoji pozuntuları təsdiqləyiblər".
"Rosselxoznadzor"un məlumatına görə, xammal və hazır məhsullar üçün baytarlıq sənədləri düzgün rəsmiləşdirilməyib, həmçinin daxil olan xammalın baytarlıq-sanitariya ekspertizası aparılmayıb.
"Ermənistanın xüsusilə də 2019-cu ilin hökumət islahatlarından sonra kənd təsərrüfatı istehsalçılarına effektiv nəzarət edə bilmədiyi bir daha təsdiqlənir", –"Rosselxoznadzor" bildirib.
Ermənistan tərəfi hələlik Rusiya qurumunun bu açıqlamasına münasibət bildirməyib.
Rusiya bundan əvvəl də Ermənistandan idxal olunan tərəvəz, meyvə, gül, spirtli içkilər, su və balıq məhsullarına müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Baş nazir Nikol Paşinyan isə ölkəsinin Avropa İttifaqına yaxınlaşmaq planları ilə bağlı bəyanatlar verib.
İyunun ortalarında "Rosselxoznadzor" Ermənistandan gətirilən "karantin nəzarətinə tabe olan" məhsulların idxal qadağasını genişləndirərək bu siyahıya təxminən 130 növ məhsul daxil edib.
2 iyun
Paşinyan: Rusiyanın qadağalarından zərər görən bizneslərə subsidiya veriləcək
Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, hökumət Rusiyanın son qadağalarından zərər çəkmiş və haqsızlıqla üzləşmiş bizneslərə subsidiya ayıracaq.
Baş nazir deyib ki, alternativ bazarlara ixrac məsələsi ilə bağlı biznes nümayəndələri ilə görüş keçirilib və razılaşmalar əldə edilib: "Bəzən keyfiyyət standartlarına cavab verməyən məhsullar olur. Biz həmin iş adamlarına məhsullarını yeni standartlara uyğunlaşdırmaqda dəstək verəcəyik. Əgər başqalarına qarşı ədalətsizlik olubsa – yəni ixrac edilməli olduğu halda, ixrac olunmayan məhsullar varsa – onlar üçün də dəstək və subsidiya proqramları həyata keçirəcəyik".
Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya bir sıra erməni mallarının keyfiyyət standartlarına cavab vermədiyini əsas gətirərək onların bazarına girişini məhdudlaşdırıb. Rəsmi Moskva, demək olar ki, hər gün Ermənistana xatırladır ki, ölkə eyni vaxtda həm Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirə, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) qala bilməz. Aİİ-nin digər üzvləri – Belarus, Qazaxıstan və Qırğızıstan liderləri Rusiya prezidenti Vladimir Putinə qoşularaq Ermənistanda referendum keçirilməsinə çağırırlar.
Baş nazir Paşinyan iyunun 1-də Ermənistanın Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanla birlikdə Aİİ-də qalacağını bildirib: "Avrasiya İqtisadi İttifaqında sakit, dinc, əsəbsiz və mübahisəsiz işləməyə davam edəcəyik. Əminəm ki, bu istiqamətdə hələ də potensialımız var və yaxın gələcəkdə bundan yararlanacağıq".