Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Ermənistandan diri balıq idxalına məhdudiyyət tətbiq edib. Qurum iyunun 1-də bildirib ki, Ermənistan iyunun 2-dən etibarən Rusiyaya ixrac üçün nəzərdə tutulmuş diri balıq və balıq məhsullarına sertifikat verilməsini dayandırmalıdır. Bu qadağa yalnız xüsusi yoxlamadan keçmiş iki müəssisənin məhsullarına aid edilməyəcək. Məhdudiyyət Rusiyadan göndərilən mütəxəssislərin Ermənistandakı balıq emalı müəssisələri və forel yetişdirmə təsərrüfatlarında apardıqları yoxlamaların nəticələrinə əsasən tətbiq olunub. Bildirilir ki, qadağa "mövcud problem yoluna qoyulana qədər" qüvvədə qalacaq.
"Rosselxoznadzor"un iddiasına görə, yoxlamaların nəticələri qənaətbəxş olmadığı üçün Ermənistandan Rusiyaya balıq və balıq məhsullarının ixracı, adı açıqlanmayan həmin iki müəssisə istisna olmaqla, tamamilə dayandırılır.
Əvvəlki məhdudiyyətlər
Moskva bundan əvvəl də Ermənistan məhsullarına qarşı iqtisadi sanksiyalar tətbiq edib. Məsələn, "Rosselxoznadzor" mayın 30-dan Ermənistandan pomidor, xiyar, bibər, göyərti və çiyələk gətirilməsini bloklayıb, ondan əvvəl isə gül idxalını dayandırıb. Digər tərəfdən, "Rospotrebnadzor" üç böyük erməni şirkətinin alkoqollu içkilərinin satışını dayandırıb və məşhur "Cermuk" mineral suyunun Rusiya bazarına girişini qadağan edib.
Bu proseslər Ermənistanda 7 iyun parlament seçkiləri ərəfəsində Moskva ilə Yerevan münasibətlərinin görünməmiş dərəcədə gərginləşməsi fonunda baş verir. Rusiya rəsmiləri Nikol Paşinyan hökumətini sərt tənqid edərək bildirirlər ki, Yerevan həm Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyündən faydalanmağa, həm də Avropa İttifaqına (Aİ) inteqrasiya olunmağa çalışır.
Moskva Ermənistana xəbərdarlıq edib ki, qaz tədarükü müqaviləsinin şərtlərinə yenidən baxıla bilər. Ukrayna prezidenti Volodimir Zelenskinin Ermənistana son səfəri ilə əlaqədar Yerevana qarşı siyasi ittihamlar da səsləndirilib.
Aİİ üzvlərinin xəbərdarlığı
Aİİ-nin Astanada keçirilən iclasında qurumun digər dörd üzv ölkəsinin rəhbərləri Ermənistanın mümkün Aİ üzvlüyü ilə bağlı narahatlıqlarını bildirib, Yerevanı ya Aİ-yə inteqrasiya, ya da Aİİ-də qalmaq məsələsinə dair referendum keçirməyə çağırıblar. N.Paşinyan isə bu gün, iyunun 1-də bildirib ki, Ermənistan rəsmi şəkildə Avropa İttifaqına namizəd statusu almadan hər hansı referendumun keçirilməsi məntiqsiz olardı. Bununla belə, o əlavə edib ki, iki blok arasında seçim qaçılmaz olarsa, ölkədə mütləq referendum keçiriləcək. Paşinyan indiki məqamda bu seçimi "nəzəri" adlandırıb və Ermənistanın Aİİ çərçivəsində fəaliyyətini hələlik davam etdirdiyini vurğulayıb.
Paralel olaraq, iyunun 1-də Kremlin rəsmi saytında Rusiya prezidenti Vladimir Putinin adından Paşinyana ad günü münasibətilə təbrik məktubu dərc edilib. "Ölkələrimiz və xalqlarımız arasında münasibətlər ənənəvi dostluq xarakteri daşıyır. Biz onların gələcəkdə də ardıcıl inkişafında maraqlıyıq. Sizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram", – deyə Putin məktubunda qeyd edib. Təbrik məktubunda Moskva ilə Yerevan arasındakı mövcud kəskin problemlərdən bəhs olunmur.