Keçid linkləri

2026, 14 İyul, çərşənbə axşamı, Bakı vaxtı 19:43

Paşinyan Mişustinə: Ermənistan Aİİ-də qalmaq istəyir

Paşinyan və Mişustin (Arxiv fotosu)
Paşinyan və Mişustin (Arxiv fotosu)

Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq istəyir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşündə bəyan edib.

"Bugünkü görüş münasibətlərimizin bütün aspektlərini müzakirə etmək, seçkilərdən sonra isə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir", – deyən Paşinyan vurğulayıb ki, ölkəsi həm seçki öncəsi, həm də seçkidən sonrakı dövrdə Rusiya ilə əlaqələrin davamlı inkişafına sadiqdir və Aİİ-də iştirakda maraqlıdır.

Mişustin isə bildirib ki, Moskva seçkilərdən sonra yeni Ermənistan hökumətinin Rusiya ilə əlaqələri "dostluq və mehriban qonşuluq ruhunda" davam etdirəcəyinə ümidlidir: "Ermənistan hökumətinin rusiyalı investorlar üçün yaxşı şərait yaratmağa davam etməsi və onların hüquqlarını, qanuni maraqlarını qoruması vacibdir".

Digər tərəfdən, parlament seçkilərindən demək olar ki, bir ay keçməsinə baxmayaraq, Rusiya tərəfi hələ də Paşinyanı rəsmən təbrik etməyib. Bugünkü görüşün mətbuata açıq hissəsində də buna dair heç bir işarə olmayıb.

Buna baxmayaraq, "İnterfaks" agentliyi xüsusi olaraq vurğulayır ki, Rusiya Paşinyanın iyunun 7-də keçirilən parlament seçkilərindən sonra işgüzar səfərə çıxdığı ilk ölkədir.

Danışıqlar Rusiyanın Ermənistan mallarının idxalına tətbiq etdiyi məhdudiyyətlər və tərəflər arasında mövcud olan siyasi gərginlik fonunda baş tutub.

Ali Avrasiya İqtisadi Şurasının iclasının iştirakçıları, Astana
Ali Avrasiya İqtisadi Şurasının iclasının iştirakçıları, Astana
29 may

Rusiya və müttəfiqlərindən Ermənistana referendum ultimatumu: 'Ya Aİ, ya Aİİ'

Avrasiya İqtisadi İttifaqının (Aİİ) dörd ölkəsinin liderləri Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma siyasətinə qarşı birgə bəyanat yayaraq Yerevanı birmənalı seçim etməyə çağırıb.

Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasının yekunlarına dair sənəddə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın gələcək geosiyasi xəttini müəyyənləşdirmək üçün ümumxalq referendumunun keçirilməsini tələb edir.

Sənəddə Ermənistanın Aİ-yə üzvlük hazırlığının "Aİİ dövlətlərinin iqtisadi təhlükəsizliyi üçün ciddi risklər" yaratdığı vurğulanır. Bəyanat müəlliflərinə görə, Yerevanın avrointeqrasiya istiqamətində atacağı növbəti addımlar ittifaq ölkələrinin iqtisadi maraqlarına birbaşa zərbə vura bilər.

Putinin Ukrayna müqayisəsi və xəbərdarlığı

Astana sammitinin yekunlarına dair mətbuat konfransında Vladimir Putin Ermənistandakı mövcud vəziyyəti Ukrayna böhranı ilə müqayisə edib. "Mən artıq bunu qeyd etmişdim. Ukraynadakı böhran vaxtilə bu ölkənin Aİ-yə qoşulmaq cəhdləri ilə başladı. Biz buna qarşı deyildik", – deyə Rusiya lideri vurğulayıb.

2025-ci ilin yazında Ermənistan parlamenti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun qəbul edib. Astanadakı mətbuat konfransında Putin bildirib ki, Yerevan Aİ standartlarına keçidə başlasa, Ermənistanın Avrasiya İttifaqına inteqrasiyası dayandırılacaq.

Paşinyanın balans siyasəti

Ermənistanın baş naziri hələ ki, bu çağırışlara birbaşa cavab verməyib. Amma o, əvvəlki çıxışlarında rəsmi Yerevanın həm Aİ, həm də Aİİ ölkələri ilə münasibətləri paralel şəkildə inkişaf etdirməyə çalışdığını dəfələrlə diqqətə çatdırıb. Paşinyan etiraf edib ki, əgər bu tarazlığı qorumaq mümkün olmasa, son seçimi referendum vasitəsilə birbaşa Ermənistan xalqı etməlidir. Bununla belə, o, indiki mərhələdə Aİİ-dən çıxış məsələsinin səsverməyə çıxarılmasının əleyhinə olduğunu bildirib.

Yerevanın Qərblə yaxınlaşma kursu Ermənistanla Rusiya arasında münasibətlərdə kəskin gərginliyə yol açıb. Moskva Ermənistan rəhbərliyini qərbpərəst siyasətinə görə mütəmadi olaraq tənqid edir. Rusiyanın müvafiq qurumları isə Ermənistandan gələn bir sıra məhsulların idxalına birtərəfli qadağalar qoyur.

XS
SM
MD
LG