Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanı iyunun 7-nə təyin edilmiş parlament seçkiləri vasitəsilə baş nazir Nikol Paşinyan hökumətini devirməyə cəhd göstərməkdə ittiham edib.
Simonyan Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasının aparıcı üzvlərindən biridir. O, bu ittihamları həftəsonu Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirib.
"Ermənistanın quberniyaya çevrilməsinə imkan verməyəcəyik"
"Ukraynada öz maraqlarını hərbi yolla reallaşdırmağa çalışırlar. Ermənistanda isə siyasi əməliyyat aparmağa, hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Demokratiyamızdan özümüzə qarşı istifadə etməyə çalışırlar. Deyirlər ki, "ölkənizdə internet azaddır, biz o internetdə rubllarımızla o qədər reklam alarıq ki, hər şey bizim olar'", – Simonyan deyib.
"Ermənistan Respublikasının quberniyaya çevrilməsinə imkan verməyəcəyik, bizi Belarus kimi idarə edə bilməyəcəklər", – o əlavə edib.
Moskva bu ittihamlara hələ reaksiya verməyib. Belarus Xarici İşlər Nazirliyi (XİN) isə mayın 5-də Ermənistanın Minskdəki müvəqqəti işlər vəkilini çağıraraq, Yerevanın "qeyri-dost addımları" ilə bağlı ona etiraz notası təqdim edib. Nazirlik rəsmisi Simonyanın açıqlamalarını "seçkiqabağı populizm" adlandırıb.
Ermənistan parlamentinin sədri mayın 6-da jurnalistlərə açıqlamasında öz mövqeyini bir daha təkrarlayaraq "Belarusun idarəetmə modeli ölkəm üçün qəbuledilməzdir" deyib.
"Hakimiyyəti ələ keçirməyə cəhd edilir", – deyən Simonyan Moskvaya ünvanlanmış ritorik hücumlarını davam etdirib.
Bəyanatlar Yerevanda Avropa sammitləri fonunda səslənib
AzadlıqRadiosunun erməni xidməti Simonyanın bəyanatlarının Yerevanda keçirilən iki Avropa sammitindən əvvəl və sonra səsləndiyinə diqqət çəkir. Ermənistan müxalifəti bu tədbirləri Paşinyan və onun partiyasına seçkiqabağı dəstək nümayişi kimi dəyərləndirir. Müxalifət liderlərinin iddiasına görə, Paşinyan Ermənistanı Qərbin Rusiya ilə geosiyasi qarşıdurmasına sürükləyir və bununla da ölkənin təhlükəsizlik risklərini daha da artırır.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Paşinyanla görüşü zamanı Ermənistan hökumətinin Avropa İttifaqına yaxınlaşmasının ölkə üçün ağır iqtisadi nəticələr doğura biləcəyinə eyham vurub. Putin həmçinin Yerevanı iyunun 7-dəki parlament seçkilərində "rusiyayönümlü" adlandırdığı müxalif qüvvələrin iştirakına mane olmamaq barədə xəbərdarlıq edib.
Seçkilərdə iştirak edən üç müxalif blokun başında rusiyalı erməni milyarder Samvel Karapetyan, Rusiyaya yaxın sayılan keçmiş prezident Robert Koçaryan və digər nüfuzlu işadamı Qaqik Tsarukyan dayanır. Paşinyanın siyasi müttəfiqləri onları "Rusiyanın agentləri" adlandırırlar.
Paşinyan Putinlə son danışıqlarından sonra Rusiya-Ermənistan münasibətlərindəki gərginliyi azaltmağa çalışıb. "Azatutyun" Simonyanın kəskin açıqlamalarının bu gərginliyi yenidən alovlandıra biləcəyini vurğulayır.