Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 11:28

Şoyqu: Ermənistan dəmir yollarının idarəçiliyi başqa ölkəyə verilsə...

Şoyqu və Paşinyan
Şoyqu və Paşinyan

Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarəçiliyində Rusiyanı əvəzləmək istəyi kobud qərardır, bu, qurulmuş sistemin "bir anda" çökməsi ilə nəticələnər. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu TASS agentliyinə müsahibəsində bildirib.

"Digər dövlətlərin dəmiryol iqtisadiyyatının idarə olunmasındakı səriştəsini qiymətləndirmək istəmirəm. Amma əminliklə deyə bilərəm ki, çətin ki, başqa bir şirkət Rusiya dəmiryol operatorunu tam əvəzləyə bilsin, o, uzun müddətdir Ermənistanda, o qədər də asan olmayan şərtlərlə effektiv işləyir", – Şoyqu deyib.

O belə bir sual da verib – ABŞ ilə nüvə məsələləri üzrə əməkdaşlıq elə təhlükəli eksperimentlərə gətirib çıxarmaz ki onun bədəlini Ermənistanın sadə vətəndaşları ödəməli olsunlar?

Fevralın 18-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova da bu məsələyə şərh verib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin dəmiryol şəbəkəsi üzərində Rusiya idarəçiliyinə son qoyulması ilə bağlı çağırışlarını "əcaib" adlandırıb.

"Əcaib bəyanatlardır. Düşünürəm ki, bunlar çətin qəbulediləndir", – sözçü deyib.

Zaxarova qeyd edib ki, "Rusiya Dəmir Yolları" (RJD) şirkəti müqavilə öhdəliklərini ardıcıl yerinə yetirib, Ermənistanın dəmiryol şəbəkəsinə "əhəmiyyətli" investisiyalar yatırıb.

"Rusiya operatoru respublikanı rəqabət üstünlüklərindən məhrum etmir, əksinə, onları yaradan bir qurumdur", – Zaxarova Moskvada brifinqdə deyib.

Aleksey Overçuk
Aleksey Overçuk
13 fevral

Rusiya Ermənistanın Türkiyə və Azərbaycan sərhədinə dəmir yolu üzrə danışıqlara 'hazırdır'

Rusiya fevralın 12-də bildirib ki, Ermənistanın dəmiryol şəbəkəsinin Azərbaycan və Türkiyə sərhədlərinə aparan iki qısa hissəsini bərpa etməyə hazırdır. Bu ölkədə dəmiryol şəbəkəsini Rusiya idarə edir.

"Ermənistanın müraciətinə uyğun olaraq, Ermənistan xalqına dostluq və qardaşlıq hisslərindən çıxış edərək, Rusiya Federasiyası Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı substantiv danışıqlara başlamaq qərarına gəlib. Bu, Yerasx kəndi yaxınlığında Azərbaycan, Axuryan şəhəri yaxınlığında Türkiyə dəmir yolları ilə əlaqəni təmin edəcək", – Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

Overçuk deyib ki, təmirə ehtiyacı olan iki hissənin ümumi uzunluğu cəmi 14 kilometrdir.

Paşinyan Ermənistan dəmir yollarını Rusiyanın idarə etməsi haqda suallar qaldırır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin dəmiryol şəbəkəsinin Rusiyanın idarəçiliyində olmasına dair suallar qaldırıb. Paşinyan deyib ki, bu, onun hökumətinin Türkiyə və Azərbaycanla nəqliyyat əlaqələrini bərpa etmək səylərinə mane olur.

"Rusiya Dəmir Yolları" (RJD) dövlət şirkəti Yerevanla 2008-ci ildə imzalanmış 30 illik müqavilə əsasında bu şəbəkəni idarə edir. Paşinyan ötən ilin sonunda dəfələrlə bu şirkəti Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmiryol xətlərini sürətlə bərpa etməyə çağırıb. O deyib ki, Rusiya bunu edə bilməsə, yaxud etmək istəməzsə, Ermənistan hökuməti həmin xətləri öz hesabına təmir etməyə hazırdır.

Fevralın 10-da dövlət televiziyasına müsahibəsində Paşinyan deyib ki, Rusiyanın bu sektorda idarəçiliyi Türkiyə və Azərbaycanın Ermənistanın daha böyük hissəsindən tranzit məqsədilə istifadəsinə mane olur. O, Azərbaycanı Naxçıvan eksklavı və Türkiyə ilə Ermənistanın Sünik vilayətindən keçməklə birləşdirəcək dəmir yolundan danışıb.

"Dəmir yolunun (Sünikin) Meğri şəhərinə Zəngilandan daxil olacağı, Meğridən Naxçıvana - Ordubada keçəcəyi aydındır. Beynəlxalq kontekstdə bu dəmir yolunun necə davam edəcəyi çox vacibdir. Hazırda iki rəqabətli variant var", – Paşinyan vurğulayıb.

Qars-Dilucu marşrutu

Yerevan xəttin Türkiyəyə birbaşa deyil, Ermənistanın digər bölgələrindən keçməklə birləşməsini istəyir. Ankara isə ötən ilin avqustunda Türkiyənin şərqindəki Qars şəhərindən Naxçıvana uzanacaq dəmir yolunun tikintisinə başlayıb. Bu xətt Ermənistandan yan keçəcək.

"Görürük ki, beynəlxalq kontekstdə dəmir yolunun bu hissəsinin Rusiya nəzarətində olması Qars-Dilucu marşrutunun daha əlverişli variant kimi təqdimatı üçün istifadə olunur, bu isə bizim üçün problemdir", – deyən Paşinyan əlavə edib ki, Yerevan bu məsələ ilə bağlı Moskva ilə həll yolu tapmaq istəyir.

"Həll yolu tapmalıyıq və bu həlli dostluq, qardaşlıq məntiqi çərçivəsində tapmalıyıq", – o əlavə edib.

Paşinyan bu müsahibədən bir gün öncə ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilə danışıqlar aparıb.

Baş nazir RJD ilə idarəetmə müqaviləsinə xitam verilməsinə çalışıb-çalışmayacağını da deməyib.

Rusiya isə Sünikdən keçəcək, prezident Donald Trampın adını daşıyacaq tranzit dəhlizinə ilə bağlı narahatlığımı bildirib. Ermənistan marşrut üzərində ABŞ-yə eksklüziv hüquqlar verib. Təhlilçilər bu razılaşmanı Rusiyanın Ermənistandakı mövqelərinə növbəti zərbə kimi görürlər.

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ayın sonunda bildirib ki, Moskva "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində pay sahibi olmaqda maraqlıdır. Ermənistan rəsmiləri isə belə bir ehtimalı istisna ediblər.

XS
SM
MD
LG