Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Avropa Birliyində 7 nəfər, Azərbaycanda 300 nəfər


Milli Məclis, arxiv foto
Milli Məclis, arxiv foto

40 min seçicinin imzası vətəndaşların qanun layihəsi ilə çıxış etməsi üçün yetərlidir. Onlar istənilən sahədə... Amma yox, vətəndaşlar bəzi məsələlərlə bağlı qanun layihələri təqdim edə bilməzlər. Buraya dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası, cinayət və ya inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü daxildir.

Yerdə qalan məsələlərlə bağlı isə qanun layihəsi təqdim edə bilərlər. Ancaq bundan ötrü öncə ən azı 300 nəfərlik təşəbbüs qrupu yaradılmalıdır, üstəlik, qrup üzvləri 60 seçki dairəsindən olmalıdır, daha sonra bu imzalar 60 seçki dairəsi ərazisində toplanmalıdır.

Yeni qanunvericiliyin tələbi belədir. Milli Məclis bugünlərdə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etdi.

Söhbət seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə çıxış etməsindən gedir. Belə bir hüquq 2009-cu ildə keçirilmiş referendumdan sonra Konstitusiyaya daxil edilib. Bu hüququn həyata keçirilməsinə dair qanunun qəbulu isə 10 il sonra gündəmə gəlib.

arxiv foto
arxiv foto

​Hüquqşünaslar belə bir qanunun qəbulunu müsbət hal kimi dəyərləndirsələr də, ordakı bəzi müddəalardan dolayı vətəndaşların bu hüquqdan yararlana bilməyəcəyi, bu imkanın məhdudlaşdırıldığı qənaətinə gəlirlər.

MİRƏLİ HÜSEYNOV: "O QƏDƏR AĞIR VƏ ÇƏTİN PROSES MÜƏYYƏNLƏŞDİRİLİB Kİ..."

“Demokratiyanı Öyrənmə” İctimai Birliyinin rəhbəri Mirəli Hüseynov hesab edir ki, sözügedən qanun layihəsi vətəndaşların təşəbbüs hüququnu “əhəmiyyətli dərəcədə məhdudlaşdırmağa” hesablanıb və bu hətta hüquqdan yararlanmağı “mümkünsüz edir”.

Qanun layihəsinə görə, təşəbbüs qrupu ən azı 300 nəfərdən ibarət olmalıdır, onlar 60 dairəni təmsil etməlidirlər. Eyni zamanda 40 min imza 60 seçki dairəsindən toplanmalıdır.

“Könüllülük prinsipi əsasında fəaliyyət göstərən, heç bir maddi dəstəyi, təşkilati strukturu olmayan bir təşəbbüs qrupunun bu həcmdə işi görməsi faktiki mümkün deyil. Və ya ekspert rəyinin alınması və s. kimi məhdudlaşdırıcı və proseduru ağırlaşdıran şərtlər var”, – deyən Mirəli Hüseynov bəzi ölkələrin təcrübəsini araşdıraraq qanun layihəsinin beynəlxalq tələblərə uyğun gəlmədiyini üzə çıxarıb. Onun sözlərinə görə, Şərqi Avropa ölkələrində təşəbbüs qrupunun yaradılmasında 5-10, maksimum 15 nəfər iştirak edir:

“Ən böyük qurum Avropa Birliyidir. AB-də qanunverici təşəbbüsü ilə çıxış etməkdən ötrü bir milyon imza tələb olunur. Ancaq təşəbbüs qrupunun yaradılmasına 7 nəfər bəs edir. Həmin 7 nəfər 7 AB ölkəsindən seçilməlidir. Bu boyda ərazini əhatə edən, bu boyda statusa malik qurumda qanun layihəsi vermək üçün sadə prosedur müəyyənləşdirdiyi halda bizim qanunverici orqan nə qədər ağır şərtlər qoyur”.

ƏLƏSGƏR MƏMMƏDLİ: "HƏM KONSTİTUSİYAYA ZİDDİR, HƏM DƏ VƏTƏNDAŞA ETİMADSIZLIQDIR"

Layihənin şərtlərini “faktiki olaraq 40 min vətəndaşın hüququnun məhdudlaşdırılması” sayan hüquqşünas Ələsgər Məmmədli qanun layihəsinin həm Konstitusiyaya zidd olduğunu düşünür, həm də vətəndaşa etimadsızlıq kimi dəyərləndirir.

“Azərbaycanda beş qrup qanunverici təşəbbüslə çıxış edə bilər. Bunlar millət vəkilləri, prezident, baş prokuror, Naxçıvan Ali Məclisinin sədri və 40 min imza toplamış vətəndaşlardır. Konstitusiya bunların birini digərindən ayırmadığı halda bu qanun layihəsində görünən odur ki, ən aşağı səviyyədə görünən və ən az etimad olunan tərəf 40 min vətəndaşdır. Bu, çox biabırçı vəziyyətdir”, - hüquqşünas AzadlıqRadiosu-na deyir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Belə anlaşılır ki, vətəndaşın layihə verməsini belə istəmirlər və bunun yolunu qapadırlar. Vətəndaş təşəbbüslərini minimuma endirmək üçün faktiki, Konstitusiyada müəyyən edilmiş çərçivəni aşaraq orda olmayan məhdudiyyətləri qanuna gətirərək yeni bir layihə hazırlayıblar”, - deyən hüquqşünas qanunvericiliyin tələbinə zidd olaraq layihənin Milli Məclisin saytına yerləşdirilmədiyini və ictimai müzakirə aparılmadan birinci oxunuşda qəbul edildiyini də ayrıca vurğulayır.

DEPUTAT: "GÜNDƏ AĞLAGƏLƏN 7 NƏFƏR YIĞIŞIB BİR TƏŞƏBBÜSLƏ ÇIXIŞ EDƏ BİLƏR"

AzadlıqRadiosu layihənin hazırlandığı Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən deputatlarla əlaqə saxlaya bilməyib. Deputat Fazil Mustafa isə tənqidləri qəbul etmir. O, müəyyən məhdudiyyətlərin olmasına normal baxır, xüsusən də vətəndaşların bəzi sahələrdə – “separatçılığa, hansısa ölkənin suverenliyinə yönəlik və ya insan haqlarına zidd təşəbbüslərin olmaması istiqamətində” qanunverici təşəbbüslə çıxış etməsinə məhdudiyyət qoyulmasını mümkün sayır.

Fazil Mustafa
Fazil Mustafa

Deputat təşəbbüs qrupu üzvlərinin sayının 300 nəfər olması, imzaların 60 dairədən toplanması haqda iradları da yaxına buraxmır:

“Bu, təşəbbüsün ciddiliyi, əhatəliliyi və əsaslandırılması baxımından vacibdir. O baxımdan ki, gündə ağlagələn 7 nəfər yığışıb bir təşəbbüslə çıxış edə bilər. Bununla xüsusi məşğul olmamaq üçün 300 nəfərlik təşəbbüs qrupunun yaradılması nəzərdə tutulur”.

Fazil Mustafanın qənaətincə, ortaya əsaslandırılmış, ölkə əhəmiyyətli qanun layihəsi qoyulduğu halda təşəbbüs qrupunun yaradılması üçün “300 nəfərin tapılması çətin məsələ deyil”. Deputat deyir ki, 7 nəfərlik bir qrup qanun təşəbbüsü ilə çıxış edərsə, cəmiyyətin dəstəyi böyük olmaya bilər, o zaman qanun layihəsinin qəbul edilməməsi ehtimalı da arta bilər:

“Amma əks halda əsaslandırma zamanı deyə biləcəklər ki, Azərbaycanı əhatələyən təşəbbüslə çıxış etmişik, 60 dairədən imza toplamışıq, arxasında 300 nəfərlik təşəbbüs qrupu var və s. Bu, təşəbbüs müəlliflərinin özlərinə faydalıdır”.

VƏTƏNDAŞ DÖVLƏT BÜDCƏSİ İLƏ BAĞLI QANUN LAYİHƏSİ VERƏ BİLMƏZ?

Yuxarıda qeyd edildiyi kimi, layihəyə görə, vətəndaşlar dövlət büdcəsi, dövlət rüsumu daxil bir sıra məsələlərlə bağlı qanun layihələri təqdim edə bilməzlər.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Facebook sosial şəbəkəsində yazır ki, bunlarla yanaşı vətəndaşlar Konstitusiya qanunlarının layihələrini də irəli sürə bilməzlər, həmçinin, bir təşəbbüs qrupu yalnız bir qanun layihəsi ilə çıxış edə bilər.

“Bu məhdudlaşdırmaların bütün qanunvericilik subyektlərinə deyil, yalnız seçki hüququna malik 40 min vətəndaşa aid edilməsi ayrı-seçkilik yaratmırmı?”, - ekspert sual edir. Onun sualları bununla bitmir, 40 min vətəndaşın dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi və sairə məsələlər üzrə qanunvericilik təşəbbüsünün hansı normativ-hüquqi akta əsasən məhdudlaşdırıldığını da soruşur.

Hafiz Həsənov hesab edir ki, layihə birbaşa insan hüquqları ilə bağlı olduğundan ona Avropa Şurası Venesiya Komissiyası tərəfindən rəy verilməsi də vacibdir.

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, bu məsələnin gündəmə gətirilməsi daha çox siyasi səbəblərlə bağlıdır. O, ReAL Partiyasının bu hüquqdan yararlanmasını, yəni 40 min seçicinin adından hökumətə bəzi təkliflərlə müraciət etməsini yada salır:

“Hökumət 10 ildə etmədiyini indi gerşəkləşdirməyə çalışır. ReAL-ın imza toplayıb təqdim etməsi onu fakt qarşısında qoydu. Məsələyə baxılanda bəlli oldu ki, ortada hüquqi prosedur yoxdur”.

Bu deyilənlərə Milli Məclis üzvlərindən rəy almaq mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG