Tikinti, dövlət sektoru ixtisarlardan yayına bilməyəcək
Gələn ilin büdcəsi bu ilin büdcəsindən 25 faiz az olacaq. Hansı sahələrdə iş yerləri ixtisar oluna bilər? İqtisadçı Samir Əliyevin fikrincə, bu sahələr ilk növbədə tikintidir, daha sonra dövlət sektorudur. Bu sahələrdə ixtisarlar gözlənilir.
İqtisadçının fikrincə, ümumiyyətlə, gələn ilin büdcəsi bu ilin büdcəsi ilə müqayisədə az olsa da, bu ilin büdcəsindən daha realdır.
Bundan başqa, asan neft pulları dövrü arxada qaldı, bu dövrdə hamıya bir az az, bir az çox neft pulu düşsə də, bu dövr Azərbaycanı iqtisadi islahatlar baxımından geri salıb. İndi asan pullar olmayanda, liberal islahatlara yol açılır. Bu baxımdan neft pullarının azalmağının da müsbət tərəfləri var.
Böyrəyini satıb, iPhone 6 almaq istəyib
China Daily yazır ki, Çində bir nəfər böyrəyini satıb, iPhone 6S almaq istəyib. Ancaq xoşbəxtlikdən internetlə tapdığı insan orqanları alverçisi görüşə gəlməyib, sonra isə o, fikrindən daşınıb.
YAP indiki deputatlarının 80 faizini siyahıya salıb
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı iclası başa çatıb.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.
Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: “Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin”.
İlham Əliyev: "Biz dırnaqarası dəyərlərdən qorunmalıyıq"
“Biz gənclərimizi yad təsirlərdən, bizə xas olmayan dırnaqarası dəyərlərdən qorumalıyıq. Qloballaşma adı altında eyniləşmə gedir. Bəzi beynəlxalq dairələr sanki təsir məntəqələrini yaratmaq istəyirlər. Bizim isə öz yolumuz var”.
“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev Bakının Sabunçu rayonunda əsaslı şəkildə yenidən qurulan 148 nömrəli tam orta məktəbin açılış mərasimində deyib.
"Görün indi Avropada hansı dəhşətli hadisələr baş verir, müharibədən qaçan yazıq insanlara, qaçqınlara hansı işgəncələr verirlər. Budurmu Avropa dəyərləri?! Budurmu uzun illər bəyan etdikləri prinsiplər?! Bəs haradadır tolerantlıq, haradadır multikulturalizm, xeyirxahlıq, mərhəmət, haradadır?! Biz bunu görmürük. Nəyi görürük? - ədavət, dini, milli zəmində ədavət, ayrı-seçkilik, diskriminasiya, ksenofobiya, islamofobiya, faşizm, irqçilik. Budurmu dəyərlər?! Bəziləri bunları bizdə də tətbiq etmək istəyirlər. Belə dəyərlər bizə lazım deyil. Qoy, özləri üçün qalsın".