Keçid linkləri

2017, 13 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Dövlətə məxsus «Aqrolizinq» ASC 10 rayonda pambıq tədarükü məntəqələrinin tikintisi üçün tələb olunan layihə-smeta sənədlərinin hazırlanmasını «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutuna tapşırıb. Tərəflər arasında müqavilə oktyabrın 4-də bağlanıb. Layihələndirmə ilə bağlı müqavilə hələ yeni imzalansa da, tikinti işləri artıq başlanıb.

Layihə hazır deyil, tikintiyə isə başlanıb

«Aqrolizinq» ASC Ağcabədi, Ağsu, Biləsuvar, Füzuli, Kürdəmir, Sabirabad, Neftçala, İmişli, Salyan və Yevlax rayonlarının hər birində bir pambıq qəbulu məntəqəsini tikməyi nəzərdə tutur. Layihə institutuna bu məqsədlə 182,2 min manat ödənilib. Aqrolizinq ASC-nin texniki şöbəsinin müdiri Tariyel Budaqov sözügedən məntəqələrdə tikinti işlərinin getdiyini təsdiqləyib.

Buna da bax: Ekspert: 'Hökumətin yanlış pambıq siyasətinin acı nəticəsi...' [video]

KTN-in bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov AzadlıqRadiosu-nun suallarını cavablandırarkən deyib ki, bu məntəqələr həmin rayonlarda nazirliyin dəstəyi ilə özəl sahibkarlar tərəfindən yaradılan və pambıqçılıq sahəsində ixtisaslaşan kənd təsərrüfatı müəssisələrinin ehtiyacını ödəməkdən ötrü tikilir. Onun sözlərinə görə, bu tədarük məntəqələri «Aqrolizinq» ASC-nin balansında olacaq.

Ekspert deyir ki, bu, dövlətin işi deyil

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə dövlətin pambıqçılığa bu cür səxavətlə vəsait ayırmasını doğru hesab etmir. O hesab edir ki, pambıqçılığın infrastrukturunu özəl şirkətlər və fermerlər – istehsal, emal və ixracdan birbaşa fayda görən şəxslər yaratmalı, dövlət isə kredit resurslarına rahat çıxışı təmin edən mühit formalaşdırmalıdır.

Vahid Məhərrəmli
Vahid Məhərrəmli

«Pambıq yığımının gedişi əminliklə deməyə əsas verir ki, hökumətin pambığa bağladığı ümidlər doğrulmadı. Əkin sahələrinin 3 dəfə genişləndirilməsi, dövlət maliyyəsi hesabına meliorativ tədbirlərə və aqrotexnikanın alınmasına yüz milyonlarla manatın ayrılması gözlənilən nəticəni vermədi. Verə də bilməzdi, çünki fermerləri bu prosesə ürəklə cəlb edə bilmədilər. 2005-ci ildə dövlətin heç bir əlavə dəstəyinin, pambıqyığan texnikanın olmadığı zamanda fermerlər 112 min hektardan çox sahədə səpin aparmiş və 196 min ton pambıq yığmışdılar. İndi isə yığımın ən qaynar dövrü arxada qalıb, cəmi 77 min ton məhsul götürülüb», – V. Məhərrəmli söyləyib.

Buna da bax: Pambıq tarlalarından son rəqəmlər...

Dövlət dəstəyinin arxasında gizlənən niyyət

Ekspert hesab edir ki, kənd təsərrüfatına dövlət dəstəyi adı altında gizlənən bəzi məmurlar sadəcə öz maraqlarına qulluq edirlər. Çünki ayrılan dövlət vəsaitinin bir hissəsi bəzən bu sistemin içində korrupsiyanın dərinləşməsinə xidmət edir.

Sentyabrın əvvəlində KTN 140 pambıqyığan kombaynın, 400-dən çox qoşqunun «Aqrolizinq» ASC-nin regional nümayəndəliklərinin, onların rayon bölmələrinin, eləcə də pambıq istehsalı ilə məşğul olan «MKT İK» MMC, «CTS-Aqro» MMC və «Şamo» MMC-nin istifadəsinə verildiyini açıqlamışdı. Məlumatda həmin kənd təsərrüfatı texnikasının özəl şirkətlərə hansı şərtlərlə verilməsi haqda isə bir söz deyilmirdi.

Buna da bax: Yağış pambıq yığımına təsir edib

Bu il pambıq 136,4 min hektar sahədə səpilib. Hökumət hər hektardan, azı, 20 sentner məhsul götürüləcəyini proqnozlaşdırırdı. Bu, təxminən 270 min ton məhsul deməkdir. 2016-cı ildə 51,3 min hektar sahədən 89,4 min ton pambıq yığılmışdı. Hektarın məhsuldarlığı isə 17,4 sentner idi. Bu il də pambıq ötənilki qiymətlə - tonu 400-500 manata satın alınır. Dövlət büdcəsi hesabına pambığın hər tonuna 100 manat subsidiya ödənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG