Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 23:43

158 səhmdar cəmiyyət dövlətə cəmi 900 manat ödəyib


Özəlləşdirmə auksionu (arxiv fotosu)

Özəlləşdirmə prosesində yaradılan və səhmləri bütövlükdə və ya qismən dövlətə məxsus səhmdar cəmiyyətləri bu ilin 6 ayı ərzində dövlətə 900 manat dividend ödəyib. Bu məbləğ 2016-cı ilin nəticələrinə görə qazanılan mənfəətdən ödənib. Hər SC-nin payına, orta hesabla, 5 manat 70 qəpik düşür.

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) illik hesabatlarında, bir qayda olaraq, idarəetməsində olan səhmdar cəmiyyətlərinin təsərrüfat fəaliyyətinin nəticələri haqda məlumat vermir. Əvəzində dövlət əmlakının yönəldilməsinə nəzarət edən Hesablama Palatası hesabatlarında bu məsələyə aydınlıq gətirir.

Buna da bax:​ İqtisadçıdan hökumətə özəlləşdirmə tövsiyələri

900 manatı 158 səhmdar cəmiyyət ödəyib

Palatanın 2016-ci ilin dövlət büdcəsinin icrasına dair hesabatında deyilir ki, ƏMDK-nın sərəncamında özəlləşdirilməsinə məhdudiyyət olmayan və tam özəlləşdirilməmiş 157 səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin ümumi dəyəri 131,6 milyon manatdır. Səhmlərinin nəzarət zərfinin, yaxud məhdudlaşdırıcı hissəsinin dövlətdə saxlanılması barədə qərar qəbul olunmuş bir səhmdar cəmiyyətinin nizamnamə kapitalında dövlətin 4 milyon 428,6 min manat payı var. Əvvəlki ildə komitənin sərəncamında 196 SC vardı. Müşahidələrə əsasən, əksəriyyəti bölgələrdə yerləşən bu müəssisələrin bir çoxu fəaliyyətsizdir və müflis vəziyyətdədir.

Hesablama Palatasının məlumatına görə, 2016-cı ildə bu müəssisələr dövlət büdcəsinə 41,7 min manat, 2015-ci ildə - 40 min manat, 2014-cü ildə isə 50,3 min manat dividend ödəyiblər.

Buna da bax: Özəlləşdirmədə elektron dövr başlayır

Bu il ƏMDK-nın fəaliyyəti hökumətin «planı» ilə üst-üstə düşməyə bilər

Dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərin icrası da yaxşı vəziyyətdə deyil. Hərçənd, ƏMDK bu ilin altı ayında özəlləşdirmədən 2016-cı ildəkindən 21 milyon manat daha artıq vəsait əldə edə bilib. Bu il komitənin qarşısında özəlləşdirmədən 200 milyon manat, əvvəlki ildə nəzərdə tutulandan iki dəfə çox vəsait etmək vəzifəsi qoyulub. Bu vəsait dövlət büdcəsinin kəsirinin bir hissəsini ödəmək üçün nəzərdə tutulub.

Palatanın hesabatına görə, hələlik, ƏMDK özəlləşdirmədən 52 milyon 324,4 min manat əldə edə bilib. Bunun 17,7 milyon manatı «kiçik özəlləşdirmədən» (dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin, yarımçıq tikililərin və daşınar dövlət əmlakının hərracda və əmək kollektivinə birbaşa satışı) əldə olunub. Bundan iki dəfə artıq vəsait, yəni 34,2 milyon manat isə özəlləşdirilmiş müəssisələrin yerləşdiyi torpaq sahələrinin satışından götürülüb.

Buna da bax:​ Ekspert: 'Yaşayış minimumu 500 manata qaldırılmalıdır'

Vaxt ötüb, borc ödənilmir, ƏMDK susur

ƏMDK-nın Hesablama Palatasına təqdim etdiyi başqa bir məlumatda isə deyilir ki, dövlət əmlakını almış şəxslərin müqavilə üzrə vaxtı keçmiş 8 milyon 387,1 min manat borcu yığılıb qalıb. Qanunvericiliyə əsasən, kiçik müəssisələrin, torpaq sahələrinin və pul hərraclarında səhmlərin satışı üzrə müqavilənin bağlanmasından keçən 10 gün ərzində beh çıxılmaqla yerdə qalan məbləğ tam ödənilməlidir. İnvestisiya müsabiqələrinin qaliblərinə isə daha çox vaxt verilir.

Əmək kollektivi üzvlərinə güzəştli ödəmə müddəti 2 ilədək çəkə bilər. Bu müddətdə ödəniş aparılmazsa, müqavilə ləğv edilir, beh geri qaytarılmadan əmlak yenidən hərraca çıxarılır. Bəzi hallarda ƏMDK bu vasitəyə əl atır.

Günün bütün mövzuları

XS
SM
MD
LG