Keçid linkləri

2017, 24 İyun, şənbə, Bakı vaxtı 09:24

İqtisadçıdan hökumətə özəlləşdirmə tövsiyələri


Qubad İbadoğlu

«2018-ci ildə Beynəlxalq Bank və Daşkəsən Filiz Saflaşdırma Kombinatının səhmləri satışa çıxarılacaq».

Bunu ölkədə özəlləşdirmə prosesinin növbəti mərhələsini dəyərləndirərkən iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı xatırladır ki, Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı iki dövlət proqramı həyata keçirilib.

***Buna da bax-'Daşkəsən filizsaflaşdırma'nın özəlləşdirilməsi – 5-ci raund

«Bu proqramlar çərçivəsində kiçik- və ortaölçülü dövlət müəssisələrinin böyük əksəriyyəti özəlləşdirilib. Növbəti ildən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan iri müəssisələrin özəlləşdirilməsi gözlənilir… Son məlumatlara görə, özəlləşdirilməyə açıq elan edilə biləcək müəssisələrin siyahısında öndə Beynəlxalq Bank və Daşkəsən Filizsaflaşdırma Kombinatı gəlir. Hər iki müəssisəni strateji əhəmiyyətini nəzərə alsaq, özəlləşdirməyə start verilməmişdən əvvəl bir sıra məsələlərə aydınlıq gətirilməlidir».

YENİ HÜQUQİ, NORMATİV BAZA HAZIRLANMALIDIR

Q.İbadoğlunun fikrincə, ilk növbədə üçüncü özəlləşdirmənin yeni hüquqi, normativ bazası hazırlanmalıdır.

Bundan başqa, özəlləşdiriləcək əmlakın dəyərinin qiymətləndirilməsi və götürüləcək investisiya öhdəliklərinin həcminin müəyyənləşdirilməsini nüfuzlu beynəlxalq qiymətləndirici şirkətlər həyata keçirməlidir:

***Buna da bax-Qazaxıstan Azərbaycandakı pullarını almaq üçün xüsusi komissiya yaradıb

«Özəlləşdirmədə xarici investorların iştirakına məhdudiyyət qoyulmamalı, investorların cəlbi üzrə aydın və təminatlı dövlət siyasəti həyata keçirilməlidir. Xarici sərmayə qoyuluşunun hüquqi və iqtisadi əsasları müasir tələblərə uyğunlaşdırılmalıdır».

ŞƏFFAFLIQ TƏMİN EDİLMƏLİDİR

İqtisadçı hesab edir ki, özəlləşdirmədə sosial ədalətin qorunmasından ötrü əmək kollektivlərinin iştirakını təsbit edən yeni hüquqi normalar yaradılmalı və səhmlərin bir hissəsi şərt qoyulmadan onların ixtiyarına verilməlidir:

«Özəlləşdirmə zamanı investisiya müsabiqəsinin qaliblərinin götürdükləri öhdəliklərin icrasının monitorinqi nəzərdə tutulmalıdır. Bu sahədə dövlət nəzarəti ilə yanaşı, əmək kollektivinin ictimai nəzarəti də təmin olunmalıdır. Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dair bütün informasiyalar açıq, dövlətsizləşdirmə prosesi şəffaf və hesabatlı olmalıdır».

XATIRLATMA

Ötən il iyulun 19-da prezident İlham Əliyev dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliyinin artırılması ilə bağlı fərman imzalayıb. Bundan sonra ölkədə özəlləşdirmənin növbəti mərhələsinə start verilib.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da isə prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir. Ötən il və bu ilin əvvəlində də bir sıra dövlət müəssisələri özəlləşdirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG