Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 14:51

Ekspert: 'Yaşayış minimumu 500 manata qaldırılmalıdır'


Bakıda Avropa Oyunlarının açılışı - 12 iyun 2015

Azərbaycanın Cənubi Qafqaz regionunda yeri, «Müsəlman Birliyi» Hərəkatının rəhbərinin həbsxanadan məktubu, yaşayış meyarının müəyyən edilməsi və ləğv edilən banklar ətrafında korrupsiya təhlükəsi bu gün medianın aparıcı mövzusudur...

CƏNUBİ QAFQAZIN GÜC MƏRKƏZİ

«Azərbaycan» qəzetində dərc edilən «Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni güc mərkəzi» sərlövhəli məqalədə Azərbaycanın bölgədə yeri və rolu dəyərləndirilir.

Müəllifə görə, Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib və cəmiyyətin bütün sahələrindəki intibah meylləri sosial-mədəni sferada da özünü qabarıq büruzə verir.

Müəllif hesab edir ki, dövlət başçısı İlham Əliyevin Azərbaycanı qısa zamanda bölgədə və Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həmdə xaricdə ciddi siyasi dəstək almasına zəmin yaradıb: «Rəsmi Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi, humanitar tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi Şərqlə Qərb arasında multikultural mərkəz rolunu oynaması ilə şərtlənir».

Məqalədə belə tədbirlər kimi «Eurovision-2012» musiqi yarışması və «Bakı-2015» ilk Avropa Oyunları xatırlanır.

Müəllif yazır ki, Azərbaycanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməsi baxımından 2016-cı il də istisna təşkil etməyib.

Məqalədə qeyd edilir ki, gələn il də Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Müəllifə görə, ölkədə makroiqtisadi sabitliyin təmin olunması, demokratik-hüquqi islahatların uğurla davam etdirilməsi Azərbaycanın nüfuzunu daha da artırır.

Taleh Bağırov
Taleh Bağırov

TALEH BAĞIROVDAN LEYLA YUNUSA MƏKTUB

Azadliq.info hazırda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırovun hüquq müdafiəçisi, keçmiş məhbus Leyla Yunusa məktubunu dərc edib.

Taleh Bağırov məktubun əvvəlində öz inamını ifadə edib. O, yazıb ki, Leyla Yunusun azadlığa qovuşduğu kimi, tezliklə bütünlükdə xalqın da hakimiyyətin bəd əməllərindən xilas olacağına inanır: «Xatırlayıram, dekabr ayının 8-i idi. Növbəti dəfə mənə zirzəmidə amansızcasına işgəncə verib 5-ci mərtəbəyə qaldırdılar. Otağa daxil olduğum zaman ilk sözləri bu oldu: «Xəbərin var, Leyla Yunus azadlığa buraxıldı?!... Zindanda, o ağır işgəncələr altında Allah məni Sizin azadlıq xəbərinizlə sevindirmişdi. Onlar məni zindana salsalar da, ruhum azad idi və mən uca Allahın köməyi ilə o günlərdən ləyaqətlə çıxa bildim».

Taleh Bağırov yazır ki, yenə də müqəddəs missiya, ölkənin, xalqın xilası, azadlığı uğrunda mübarizə davam etməlidir. O bu mübarizənin qələbəsinə inandığını bəyan edir. «Fərq etməz, biz həmin vaxt torpağın altında və ya üstündə olaq. Əsas odur ki, insanlarımız Vətənimizdə əzab çəkməsin, işgəncə görüb döyülməsin. Öz ölkəsi, dövləti ilə qürur duysun»,-deyə Taleh Bağırov məktubunda vurğulayır.

Foto illüstrasiya
Foto illüstrasiya

EHTİYAC MEYARI 200 MANAT OLMALIDIR

«Exo» qəzetində isə «Yaşaya bilmək üçün Azərbaycanda adambaşına 500 manat lazımdır» sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkədə istehlak səbətini ekspert Nəriman Ağayevlə müzakirə edir: «Son illər Azərbaycanda istehlak səbətinin məzmunu demək olar ki, dərc edilmir. Bunun səbəbi də aydındır. Belə ki, onun məzmunu 2017-ci ildə 155 manat həddinə qalxacaq istehlak minimumunun içinə «sığmır»».

Ekspertə görə, hətta bu artım belə olduqca azdır. Onun fikrincə, bu cüzi artım bazardakı qiymət artımı ilə müqayisədə ölçüyə gəlməzdir.

N.Ağayevə görə, böhranı, ərzaq və qeyri-ərzaq məhsullarının bahalaşması nəzərə alınmaqla, «ehtiyac meyarı» 200 manata, yaşayış minimumu isə 500 manata qaldırılmalıdır: «Normal yaşaya bilmək üçün adambaşına 500 manat lazımdır. O zaman adam kommunal xidmət ödənişləri edə bilər, özünə süd və ət məhsullarını rəva bilməklə normal qidalanar. Bundan əlavə, adam səhhəti üçün zəruri olan dərmanları ala bilər».

Ekspert deyib ki, hökumət əlavə vəsait əldə etməkdən ötrü enerjidaşıyıcıların qiymətini artırmaqdansa, özəlləşdirmə prosesini daha ha genişləndirməli idi.

Yazıda qeyd edilir ki, qaz və elektrikin qiymətinin artması hesabına 2017-ci ildə ehtiyac meyarının 105 manatdan 116 manata qaldırılması haqda maliyyə naziri Samir Şərifovun açıqlaması xalqın pulu ilə ona minnət qoymaqdır.

Əkrəm Həsənov
Əkrəm Həsənov

KORRUPSİYA TƏHLÜKƏSİ

«Yeni Müsavat» qəzetində isə «Bağlanan banklarla bağlı təhlükə- ləğvetmə şəffaf deyil» sərlövhəli məqalə oxumaq olar. Yazıda bağlanan banklar ətrafında gedən proseslər ekspert Əkrəm Həsənovla dəyərləndirilir: «Ölkədə bağlanan banklarla bağlı daha bir təhlükə var. Belə ki, hazırda 10-dan çox bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur. Halbuki «Banklar haqqında» Qanuna əsasən, bankın ləğvedicisi hüquqi şəxs ola bilməz, yalnız fiziki şəxs ola bilər. Çünki həmin maddəyə əsasən, ona əməkhaqqı ödənilməlidir. Əməkhaqqı isə yalnız insana ödənilə bilər»,-deyə ekspert qeyd edib.

Ə.Həsənov deyib ki, müflis olmuş banklarda pulu qalmış sığortasız əmanətçilər və şirkətlərdən ibarət kreditorların ümumi komitəsinin yaradılması barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına təklif verib: «Ümid edirəm ki, Palata təklifimi qəbul edəcək. Əks halda ləğvetmə prosesində korrupsiya maraqların olduğu aşkar olacaq. Amma hər bir halda, sözügedən kreditorların özü də fəal olmalıdır».

Ə.Həsənov hesab edir ki, kreditorların ümumi komitəsi yaradılsa, onlar bankın vəziyyəti, gəliri və xərcləri barədə məlumatlı ola biləcəklər. Onun fikrincə, əks halda ləğvetmə prosesi illərlə davam edəcək, kimlərsə bundan milyonlar qazanacaq, kreditorlar isə heç nə ala bilməyəcəklər.

Ə.Həsənov müflis bankların ləğv etmə prosesində korrupsiya təhlükəsini istisna etmir: «Kreditorlar müflis bankda nə baş verdiyini bilmirlər, ləğvetmə prosesinə təsir etmək imkanından məhrumdurlar. Çünki bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu üzərində heç bir real təsiredici nəzarət yoxdur. İstədiyini edə bilər, rüşvət ala, bankın pulunu mənimsəyə, gəlirləri azalda, xərcləri isə şişirdə bilər və sair».

XS
SM
MD
LG