Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Aqil Abbas: 'Məndən olsa, ordu mövzusunda hərbi senzura tətbiq olunmalıdır'


Azərbaycanın Dağlıq Qarabağ ərazisində döyüşdən sonra yerdə qalan silah... 19 mart 2015
Azərbaycanın Dağlıq Qarabağ ərazisində döyüşdən sonra yerdə qalan silah... 19 mart 2015

“Mənim fikrimcə, orduya nəzarəti dövlət gerçəkləşdirməlidir. Aqil Abbasın orduya nəzarətini mən qəbul etmirəm”, – Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, yazıçı, redaktor Aqil Abbas Silahlı Qüvvələr üzərində ictimai nəzarətin məhdudlaşdırılması ilə bağlı AzadlıqRadiosu-nun sualını cavablandırarkən belə deyir.

Dekabrın 15-də parlament Silahlı Qüvvələr haqqında qanunu ikinci oxunuşda qəbul edib. Qanunun müzakirəsi zamanı fərqli fikirlər səsləndirilib. Xüsusən də Silahlı Qüvvələrə nəzarətin məhdudlaşdırılması ilə bağlı narazılıqlar dilə gətirilib. Məsələn, Qüdrət Həsənquliyev deyib ki, ordudakı problemlərdən yazmadıqca, o problem daha da artacaq:

Buna da bax: Qarabağ danışıqlarında son bir il-'ümidlər son mərhələdədir'

“Əlbəttə, hərbi sirr qorunmalıdır və onsuz da qorunur. Amma peşəkar fəaliyyət göstərən jurnalistlərə ordudan yazmağı qadağan etmək, məhdudlaşdırmaq düzgün deyil”.

Onun həmkarı Aqil Abbas isə bu haqda fərqli düşünür:

Aqil Abbas
Aqil Abbas

– Mən də deyirəm ki, ordu üzərində nəzarəti qəbul etmirəm. Burda nə var ki? Mən nə nəzarət edəcəm ki orduya? Mən ordunun işini bilirəm? Orduya nəzarət dövlət tərəfindən olmalıdır. Mən belə düşünürəm.

– Bir neçə il öncə orduda neqativ hallar baş verirdi. Əsgərlərə köhnə, keyfiyyətsiz ərzaq verilməsi, əsgər ölümləri və s haqda vaxtaşırı məlumatlar gəlirdi. Elə indinin özündə bu cür informasiyalar var. Sizcə, bu cür halları önləmək üçün nəzarət lazım deyilmi?

Buna da bax: “Böyük güclərdən icazəsiz müharibəyə başlamaq intihardır ”

– Orduda neqativ hallar olurdu, sonra qarşısı yavaş-yavaş alındı. Orduda rəhbərlik dəyişdi, islahatlar getdi. Bizim bilmədiyimiz hallar var. Orduda ölüm hallarına qalanda, küçədə getdiyi yerdə, ya yol qəzasında kimsə ölürsə, ya da cavan yaşda kimsə infarktdan, xəstəlikdən ölürsə, orduda da kimsə ölə bilər. Böyük ordudur, nə qədər üzvü var. Təbii ki, kimsə ölə bilər. Bir var qəsdən adam öldürmə, bir də var xəstəlikdən. Bunlar başqa-başqa hallardır. Hərbi prokuror da çıxışlarında deyir ki, bu cür hallarla mübarizə aparılır.

– Siz özünüz də mətbuat işçisisiniz. Necə bilirsiniz, mətbuatın ordudan yazmasına məhdudiyyət qoyulmalıdır, ya əksinə onun yazmasına, nəzarətinə ehtiyac var?

Buna da bax: Aprel döyüşlərindən sonra həyatı dəyişən qərvəndli

– Mətbuat ordunun işinə qarışmamalıdır. Ordu məsələsində ciddi olmaq lazımdır. Məndən olsa, ordu mövzusunda hərbi senzura tətbiq olunmalıdır. Elə şeylər var mətbuata çıxmamalıdır.

– Silahlı Qüvvələrin daxili proseslərə müdaxiləsinə necə baxırsınız?

– Ordu daxili proseslərə qoşulmur. Ordu Azərbaycan dövlətinin təhlükəsizliyini, sərhədlərini qoruyur. O, Azərbaycana qarşı hücum olacağı halda hərəkətə gələcək, ancaq daxili proseslərə qarışmayıb, qarışmayacaq da. Daxildə baş verən proseslərlə bağlı Daxili Qoşunlar var.

“Azərbaycan reallığı üçün tezdir”

Buna da bax: Aprel döyüşlərindən bir il sonra [video]

Deputat Zahid Oruc da AzadlıqRadiosu-na danışarkən orduya “daxili mübarizədə, ictimai-siyasi təhlükəsizliyin təmin edilməsi məqsədilə hər hansı hüquq verilməsi” barədə deyilənləri “cəfəngiyat” adlandırıb.

Zahid Oruc
Zahid Oruc

Deputat sözügedən qanunun 16 maddədən ibarət olduğunu, onu hazırlarkən beynəlxalq praktikadan yararlandıqlarını deyir: “Xüsusi vurğulayıram ki, bu, çərçivə sənədidir və burda ölkədə hansı növ silahlı qüvvələrin mövcud olduğu, təyinatı, funksiyalarından bəhs olunur. Bu üzdən ordunun siyasətə müdaxiləsi, “ölkədə kövrək vəziyyət var, silahlı qüvvələrə əlahiddə səlahiyyət verilir” fikrinin əsası yoxdur”.

Buna da bax: Lavrov gəldi-getdi - nə dəyişdi? [video]

İctimai nəzarət məsələsinə gəlincə, deputat deyir ki, ordu qapalı strukturdur, QHT-lərin və ya KİV-lərin onun üzərində nəzarəti arzuedilən olmazdı: “Amma bu, qətiyyən elə başa düşülməsin ki, ordunun maliyyə fəaliyyəti yoxlamalardan, nəzarətdən kənarda qalacaq. Hesablama Palatası, biz həmin istiqamətdə nəzarət aparacağıq. O cümlədən Ombudsman Aparatının da belə nəzarət imkanı olacaq. Ancaq QHT strukturuna və KİV-lərə, Avropada olduğu kimi, orduya nəzarət və ya monitorinq aparmaq səlahiyyət verilməsi Azərbaycan reallığı üçün tezdir və təhlükəsizlik problemləri yarada bilər”.

Buna da bax: Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

Ekspert: “Qanunsuz addımdır”

Hərbi ekspert Telman Əbilovsa Silahlı Qüvvələr haqda qanunun, az qala, məxfi saxlanılmasını, ictimaiyyətə geniş məlumat verilməməsini düzgün saymır:

Telman Əbilov
Telman Əbilov

“Məndə olan məlumata görə, Silahlı Qüvvələrdən, Ordudan ölkədaxili təhlükəsizliyin təminatında istifadə edilə bilər. Belə bir şey varsa, bu qanunsuzdur. Ölkədə təhlükəsizliyi təmin etmək üçün kifayət qədər güclü orqanlar var: Daxili İşlər Nazirliyi var, onun nəzdində Daxili Qoşunlar var. Bu qurum da Silahlı Qüvvələrə daxildir. Belə maddə qəbul edilsə, absurd olacaq və qanunsuz addımdır. Beynəlxalq hüquq normalarına ziddir”.

Ekspertin qənaətincə, belə bir addım atılarsa, burda məqsəd var: “Gələcəkdə daxili proseslərə ordunu cəlb etmək üçün edilir. Buna başqa ad vermək olmaz”.

Başqa ekspert Üzeyir Cəfərov da təəssüflənir ki, bu haqda ictimaiyyətə detallı məlumat verilmir. Amma bu məsələdə müsbət yönlər olduğunu düşünür: “Gələcəkdə güc strukturlarının bir qərargahdan idarə olunması daha məntiqli olardı. Bu təcrübə Avropada da var. Düşünmürəm ki, müstəqilliyin ilk illərindəki çətin dönəm geri qayıtsın, daxili proseslərdə ordunun gücündən istifadə edilsin. Bu gün Daxili Qoşunların yetərincə texnikası, hazırlığı var ki, lazımı addım ata bilsin”.

Buna da bax: Azərbaycan və Ermənistan bəyannamənin 'bir bəndinə' görə mübahisə edirlər

“Orduya ictimai nəzarət lazımdır”

Telman Əbilov ictimai nəzarətin məhdudlaşdırılmasını da pisləyir:

“Bunu onunla əlaqələndirirlər ki, guya aprel döyüşlərindən sonra bəzi məlumatlar sızdırılıb, plan pozulub. Bunlar hamısı qanunsuz addımlarına haqq qazandırmaq üçün edilir. Orduya ictimai nəzarət lazımdır, parlament nəzarəti lazımdır. Amma bizdə nəinki ictimai, heç parlament nəzarəti də yoxdur. Silahlı Qüvvələrdə nələr baş verir, heç kim bilmir”.

Telman Əbilova görə, belə bir qanunun qəbulu, sadəcə, Silahlı Qüvvələrdə baş verənləri qanuniləşdirmək, ona hüquqi don geydirmək üçündür.

Buna da bax:​ Prezident 'Qarabağ'a 2 milyon ayırdı

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

Müdafiə Nazirliyinin keçmiş əməkdaşı Üzeyir Cəfərov da ictimai nəzarətin vacib olduğunu düşünür: “Ictimai nəzarət hər zaman olmalıdır. Bu, cəmiyyətdən daha çox, güc strukturları, o cümlədən Müdafiə Nazirliyi üçün vacibdir. Bəzən olur ki, iş zamanı özün səhvləri görmürsən, amma ictimai nəzarətsə buna dərhal reaksiya verir. Hətta Rusiyada prezident yanında ictimai nəzarəti həyata keçirən böyük komissiya var. Azərbaycanda da ictimai nəzarətdən çəkinmək lazım deyil. Sözsüz, kimsə qərəz göstərəcəksə, o, qanun çərçivəsində cəzalandırılmalıdır. Çünki fərdin və ya saytın xırda ehtiyatsızlığı ön xətdə olan əsgərlərimiz üçün ağlagəlməz problemlər yarada bilər”.

Buna da bax:

Aprel Döyüşləri nəyi dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:14:46 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG