Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:18

Oqtay Gülaliyevin ailəsi Baş Prokurorluqda olub


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

2019-cu ilin oktyabrında avtomobil qəzası nəticəsində xəsarət alan və hələ də komada olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi yanvarın 21-də Azərbaycan Baş Prokurorluğuna dəvət olunub.

Bu barədə Azadlıq Radiosuna hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev məlumat verib.

Təbriz Gülalıyevin sözlərinə görə, onlar prokurorluğa baş prokuror Kamran Əliyevə müraciət ünvanlayadan sonra çağırılıblar:

“Müraciətdə atamın indiki vəziyyətində günahkar olduğunu hesab etdiyimiz həkimlərin məsuliyyətə cəlb edilməsini və prosedurun sürətləndirməsini xahiş etmişik. Keçən ilin payızında həkimlər məsələsi hadisə ilə bağlı cinayət işindən ayrılaraq Nəsimi Rayon Prokurorluğuna göndərilib. Müraciətimizə cavab verilmirdi...”

“...xitam verilib”

Təbriz Gülalıyevin qeyd etməsinə görə, görüşdə onlara bildirilib ki, Nəsimi Rayon Prokurorluğunda qaldırılmış cinayət işinə xitam verilib:

“Bizə dedilər ki, Nəsimi Rayon Prokurorluğu məsələ ilə bağlı 3 dəfə ekspertiza üçün müracət edib. Ekspertizaların hər üçünün rəyində göstərilib ki, həkimlərin əməllərində cinayət tərkibi yoxdur. Buna görə, dekabrın 24-də müstəntiq tərəfindən cinayət işinə xitam verilib və bu barədə qərarın surəti bizə göndərilib”.

Lakin hüquq müdafiəçisinin ailə üzvləri belə bir qərarı almadıqlarını deyirlər.

Amma...

Təbriz Gülalıyev həmçinin bildirib ki, ailəsinin müraciətindən sonra cinayət işi yenidən açılıb:

“Bizə deyilib ki, cinayət işinə xitam verilməsi haqqında qərar ləğv edilib və məsələnin Nəsimi Rayon Prokurorluğu tərəfindən yenidən araşdırılması barədə qərar verilib”.

Vəkil Fuad Ağayev də bildirib ki, Oqtay Gülalıyevin işində həkimlərin məsuliyyətinin olub-olmaması ilə bağlı qaldırılmış cinayət işinə xitam verilməsi barədə qərarın surətini almayıb.

Bu deyilənlərə, hələlik, Baş Prokurorluq və başqa aidiyyatı qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Amma bu vaxta qədər istər Səhiyyə Nazirliyi, istərsə də Oqtay Gülaliyevin məhkəməsində ifadə verən həkimlər onlarla bağlı ailənin ittihamları ilə razılaşmadıqlarını bildiriblər.

Xatırlatma

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.

Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb.

Oqtay Gülalıyevi vuran avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.

Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG