Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:59

'Halal ət' dükanını partlatmaqla hədələyən indi 'peşmandır'


Halal ət satışı.

James Benjamin Jones iyunun 26-da Floridanın Fort Mayers şəhərində halal ət dükanına girərək dükanın müsəlman sahibinə onu bağlamağı əmr edib.

Bəs dükan sahibi dükanını bir ay içərisində bağlamasaydı, nə baş verəcəkdi?

“ƏLİ SİLAHLI 4 NƏFƏR GƏLƏCƏK”

"Əli silahlı dörd nəfər gələcək və dükanı partladacaq", – Jones deyib. O əlavə edib ki, özü və bir neçə başqa adam dükan sahibinə "nəzarət edəcək" və onlar "bütün müsəlmanları partladaraq bu torpağı geri alacaqlar".

Buna da bax:​ Amerikada halal qida ticarəti 20 milyard dollarla çatır

Çərşənbə günü məhkəmədə Jones-un etiraf etdiyi əməllər arasında bu faktlar da var.

Jones sözügedən insident və ondan bir ay sonra sahibi müsəlman olan başqa bir ərzaq dükanında baş vermiş hal üzrə federal nifrət cinayəti törətməkdə təqsirli bilinib.

Jones iyulun 9-da baş vermiş ikinci insidenti Fort Mayersdəki islam qaydaları ilə kəsilmiş halal ət satan "Sahara" marketində törədib.

“BİZƏ HALAL BİZNES LAZIM DEYİL”

Federal məhkəmənin sənədlərində deyilir ki, o, marketin sahibinə yaxınlaşaraq onu hədələyib.

Buna da bax:​ Ən bahalı kofe "halal" elan edildi

"Biz belə qərara gəlmişik ki, Orlandoda baş verənlər daha təkrarlanmayacaq”, – o, dükan sahibinə deyib.

"Bizə buralarda heç bir halal biznes lazım deyil, nə sən, nə də o birilər", – deyən Jones birinci insidentin baş verdiyi halal ət və ərzaq dükanını nəzərdə tutub.

"Ona görə də, özünüzün və ailənizin təhlükəsizliyi naminə sizin buranı tərk etməyə iki ayınız var", – Jones deyib.

“PEŞMANDIR”

Jones-un vəkili Chris Brown söyləyib ki, müştərisi törətdiyi əməldən peşmandır və heç kimə ziyan vurmaq niyyəti olmayıb.

Buna da bax:​ Müsəlmanların bazarı genişlənir

Brown-un sözlərinə görə, Jones-un Fort Mayersin gey icması içərisində çoxlu dostları var. O qeyd edib ki, ərzaq dükanındakı insident onun Orlandodakı "Pulse" adlı LGBT gecə klubunda baş vermiş atışmaya reaksiyası olub. Həmin atışmada İŞİD-lə (İslam Dövləti adlanan silahlı qruplaşmanın qısa adı – red.) bağlı olduğu deyilən şəxs 49 adamın həyatına son qoymuşdu.

"Cənab Jones müsəlmanlara nifrət etmir. O, dediyi sözlərlə o adamları qorxutduğuna görə peşmandır", – Brown deyib.

NİFRƏT CİNAYƏTLƏRİ KƏSKİN ARTIB

2015-ci ildə müsəlmanlara qarşı 257 nifrət cinayəti törədilib. Federal Təhqiqatlar Bürosunun (FBI) məlumatına görə, 2014-cü ildə həmin rəqəm 154 olub.

2015-ci ildə törədilmiş 5850 nifrət cinayətinin çoxu qaradərili insanları hədəfə alıb.

Buna da bax:​ Pivənin, kolbasanın, viskinin "halal"ı ola bilməz?

Məhkəmə hələ Jones barəsində qərar çıxarmayıb. Ancaq törətdiyi əməllərə görə onu 11 ilə qədər həbs cəzası gözləyə bilər. Federal sənədlərdə göstərilir ki, prokurorlar onun probasiyaya cəlbini tövsiyə edirlər.

"Müttəhim insanların sadəcə dini inancına görə onların iqtisadi dolanışığını məhv etməklə bağlı zorakı hədələr səsləndirib. Ədalət Departamenti buna bənzər davranışı yasaqlayan federal qanunlara əməl olunmasına qətiyyətlə nəzarət edir", – Ədalət Departamentinin Vətəndaş Hüquqları bölməsinin rəsmisi Tom Wheeler açıqlamasında deyib.

XS
SM
MD
LG