Amerika qida sahəsinin bütün səviyyələrində halal qida öz kiçik, ancaq sürətlə böyüyən yerini tutub.
Bəzən yemək trendləri siyasi trendlərlə ayaqlaşır. Məsələn, ABŞ Almaniya ilə müharibə vəziyyətində olanda Amerikada məşhur Sauerkraut-un (almansayağı ağ kələm turşusu, almancadan "turş kələm" kimi tərcümə olunur) adı dəyişdirilərək "azadlıq kələmi" qoyulmuşdu. Fransızlarla münasibətlər korlananda isə "frenç-frayz"ın (uzun-uzun doğranmış, fritürdə qızardılmış kartof) adı dəyişdirilərək "freedom fries" ("azadlıq qızartması") qoyulmuşdu.
Bəzənsə hadisələr çox qəribə cərəyan edir. ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trump-ın sayəsində budəfəki prezident seçkilərində müsəlmanlar Amerikada özlərini narahat hiss edirlər. Ancaq, sən demə, bu müddətdə İslam qaydalarına uyğun hazırlanmış halal yeməklərin satışı artıbmış. İndi onu təkcə Amerikanın artmaqda olan müsəlman əhalisi yox, "minillik nəsli" adlandırılan kəsim (1980-2000-ci illər arasında doğulanlar) də həvəslə alır. Bu barədə “Bloomberg.com” yazır.
Buna da bax: Ən bahalı kofe "halal" elan edildi
ETNİK TƏAMLAR NECƏ YAYILIR
Shahed Amanullah deyir ki, 1998-ci ildə o, halal qidanın satıldığı cəmi 200 yer tapa bilərdi. Həmin il o, amerikalılara halal yemək tapmaqda kömək etmək üçün xüsusi sayt yaratmışdı. Bu gün 7 min 600 belə yer var. Onun sözlərinə görə, müsəlmanları bir o qədər sevməyənlər də halal yeməyə başlayıblar. “Yemək mədəni mübadiləyə əla vasitədir", Amanullah deyir.
Amerikanın yemək mədəniyyətində bir çox yeməklər eyni yolu keçib: əvvəlcə etnik yemək statusuna malik təamlar sonradan meynstrimə çevrilir, daha geniş yayılır. Uzun zaman öncə italyan mətbəxi və halala xeyli bənzəyən koşer qidalar da bu yolu keçib.
Durrani və Amanullah deyirlər ki, keçmişdə halal qida tapılmadığından valideynləri onlara koşer yeməklər yedirirmiş.
Amerika qida sahəsinin bütün səviyyələrində halal qida öz kiçik, ancaq sürətlə böyüyən yerini tutub.
Buna da bax: Pivənin, kolbasanın, viskinin "halal"ı ola bilməz?
15 FAİZLİK ARTIM
Avqust ayına qədərki 12 ay ərzində ərzaq dükanları, kiçik marketlər və buna bənzər satış yerlərində halal qida satışının 1,9 milyard dollara çatdığı müəyyən edilib. Bu, 2012-ci ildən bəri 15 faizlik artım deməkdir.
Amerika İslam Qida Şurası bildirir ki, bu il restoranlarda və supermarketlərdə halal ticarətin 20 milyard dollara çatacağı gözlənilir. Bu isə 2010-cu ilə nisbətən 33%-ə qədər artım deməkdir. Amerika İslam Qida Şurası halal qidanı təsdiqləyən və bu mövzuda maariflənmə işi aparan qurumdur.
Bu sahənin pionerlərindən olan məşhur "Whole Foods Market Inc." şəbəkəsi halal qida satışını ən sürətli artımlı kateqoriya hesab edir. 2011-ci ildən bəri hər il "Whole Foods"da halal qida satışında ikirəqəmli artım qeydə alınıb.
MÜSƏLMANLAR YƏHUDİLƏRİ ÖTƏCƏK
"Whole Foods" ilk Ramazan kampaniyasını keçirəndə bir çoxları onu digər dini bayramları belə keçirməməkdə günahlandırmışdı. Şirkətin qlobal ərzaq koordinatoru Rick Findlay-nin sözlərinə görə, şirkət geri çəkilməyib.
“İnsanlar "Whole Foods"a trend yaradıcısı kimi baxırlar. Biz öndə olmaq və riskləri daşımaqdan məmnunuq", o deyir.
Ötən il ABŞ-da 3,3 milyon müsəlman qeydə alınıb. Ancaq bu rəqəmin 2050-ci ilədək 8,1 milyona çatacağı gözlənilir. “Pew” Tədqiqat Mərkəzi təqribən 2033-cü ilə doğru müsəlmanların sayca yəhudiləri ötərək ölkənin ən böyük qeyri-xristian qrupuna çevriləcəyini bildirir.
"American Halal Co." şirkətinin baş icraçı direktoru Adnan Durrani deyir ki, onun "Saffron Road" brendinin alıcılarının 80%-i İslam qaydalarına əməl etməyə çalışmır. Onlar daha keyfiyyətli dondurulmuş qidalara üstünlük verən yemək həvəskarlarıdır. Bu brend bir "Whole Foods" da daxil olmaqla, bir çox şəbəkədə, ümumilikdə ölkə boyu 12 min satış nöqtəsində satılır.
Buna da bax: Müsəlmanların bazarı genişlənir
“HALAL GUYS”
İndoneziya və Səudiyyə Ərəbistanı kimi böyük müsəlman ölkələrinin qida bazarında mühüm yer tutan çərəz nəhəngi "Mondelez International Inc." ABŞ bazarına az sayda məhsul çıxarır. Dünyanın ən böyük qida şirkəti olan "Nestle"ninsə halal qida istehsal edən 151 zavodu var! Malayziyadan Pakistana qədər bir çox ölkədə yerləşən bu müəssisələr bütün dünyada "halal" sertifikatı almış yüzlərlə məhsul satır.
"Halal Guys" Nyu Yorkda halal ət yeməkləri satan səyyar dükandır (Amerikada "food truck" adlanan və yük maşınında düzəldilmiş səyyar restoranlar çox populyardır). Onların yeməkləri o qədər yaxşı satılır ki, indi onlar yaxın bir neçə il ərzində ölkə boyu 300 restoran (səyyar olmayan) açmağı planlaşdırırlar.
Kolumbiyadan gəlmiş 30 yaşlı Alejandro Nova deyir ki, Nyu Yorka gəlib burada yemək yeməmək olmaz.
Adi cümə günü nahar fasiləsi vaxtı "Halal Guys"ın arabasının qarşısında aralarında həm ofis işçiləri, həm də turistlərin olduğu təxminən 20 nəfərlik qrupun növbəyə durduğunu görmək olur.