Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Economist İntelligence Unit təşkilatı bütün dünyanı əhatə edən 400-dən çox menecer arasında araşdırma aparıb, respondentlərin əksəriyyəti halal məhsul bazarının getdikcə daha da artacağını bildirib

Dünyada 1,8 milyard müsəlman yaşayır və onların sayı artmaqdadır. Müsəlman əhalinin yarıdan çoxunu gənclər təşkil edir. 25 yaşına qədər müsəlmanların sayı dünya əhalisinin 10 faizini təşkil edir. Bu və digər səbəblər tədricən dünyada halal məhsulların istehsalının artmasına gətirib çıxaracaq.

Bu haqda Economist Intelligence Unit tərəfindən (“The Economist” jurnalının analitik şöbəsi) yayılan hesabatda açıqlama verilib. Hesabatda bildirilir ki, hazırda bir çox sahələrdə - maliyyə, turizm, moda, əczaçılıq, qidalanma sənayesinə İslamın təsiri güclənməkdədir. Bu biznesin qlobal xarakterini nəzərə alaraq EİU hesab edir ki, növbəti illərdə halal məhsulları biznesi müxtəlif ölkələrdə fərqli sürətlə genişlənəcək.

HALAL MALLARIN SATIŞI ARTIR

Economist Intelligence Unit (EİU) bu məsələ ilə əlaqədar araşdırma aparıb, ekspertlər arasında sorğu keçirib. Sorğu iştirakçılarının 54 faizi deyib ki, şəriətə uyğun məhsul bazarı onların biznesi üçün ciddi önəm daşıyır. Bu sahənin 3 ildən sonra onların biznesinə təsir edib-etməyəcəyi barədə suala daha çox respondent – 68 faiz müsbət cavab verib.

Sorğu iştirakçıları deyiblər ki, şəriət bazarının genişlənməsini satış göstəricilərindən də görmək mümkündür. Belə ki, respondentlərin 51 faizinin məhz müsəlmanlar üçün olan malların satışından gəlirləri 5 faiz artıb. Suala cavab verənlərin 34 faizi isə 15 faizlik artımdan danışıb.

Araşdırmada iştirak edən ekspertlər bildiriblər ki, şəriətə görə halal hesab edilən məhsullara əsasən ərəb ölkələrində, daha sonra Şimali Afrika və Cənubi Asiyada tələbat çoxdur.

SUKUKA TƏLƏBAT ARTACAQ

Onlar əsasən İslam bankçılığı və halal qida sənayesini daha çox inkişaf edən sahə kimi görürlər. Tədqiqat iştirakçılarının 55 faizi qeyd edib ki, İslam maliyyə sektoru indi dünya bankçılığında böyük önəm kəsb edir və getdikcə İslam istiqrazlarına – Sukuka olan tələbat artacaq. Sorğu iştirakçılarının 81 faizi hesab edir ki, halal yeməklə dünya qida sənayesinin ayrılmaz hissəsinə çevrilib.

Amma islam qaydalarına uyğun biznesin genişləndirilməsində də problemlər var. Araşdırma iştirakçıları bu çətinliklər sırasında peşəkar menecmentin olmamasını, məhsul və xidmətlərin etibarlı brendinginin aparılmaması, halal sertifikat və standartlaşdırılma ilə bağlı problemləri sadalayıblar. Qeyd olunub ki, bu sahədə brendə çevrilmək istəyən firmalar gərək müsəlman icmasının dəyərlərini bölüşdüklərini nümayiş etdirsinlər.

SORĞUDA 400-dən ÇOX RESPONDENT İŞTİRAK EDİB

Economist Intelligence Unit dünya üzrə iqtisadi və biznes araşdırmaların aparıcı resurslardan hesab edilir. Baş qərargahı Londonda yerləşən bu qurum 40-dan artıq şəhərdə ofisə, 650 ekspert və analitik şəbəkəsinə malikdir.

Bu onlayn sorğuda dünya üzrə C dərəcəli 400-ə yaxın rəhbər işçi, top-menecerlər iştirak ediblər. Respondentlər fərqli sənaye sahələrində fəaliyyət göstərən şirkətləri təmsil ediblər. Onlayn sorğudan əlavə, halal məhsul istehsal edən 13 şirkətin rəhbəri ilə dərinləşdirilmiş müsahibə də keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG