Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07
NİYƏ BƏZİ ƏRZAQLAR "HARAM"DIR?

“İnsan təbiət etibarilə hər şeyi etmək istəyir. Onda səma tərəfindən onların hərəkətlərini məhdudlaşdırmaq lazım gəlir. Haram və halal təsisatları İslamda bu nöqteyi-nəzərdən ortaya çıxıb”.

Halal qida necə olmalıdır və Azərbaycanda bu məhsulların istehsalı mövzusuna həsr olunmuş “İslam və demokratiya” verilişinin qonağı dinşünas Elvüsal Məmmədov bu fikirləri bildirib. Onun sözlərinə görə, Qurani-Kərimdə Allah-təalanın insanlara onlar üçün yaradılanların ən təmizindən, ən gözəlindən yemək məsləhət görülür.


"HALAL"IN YANINDA "HARAM" OLMAZ

“Şəriətdə qidanın halal olmasının təxminən 5 əsas meyarı var. Əvvəla, qidanın tərkibində ətinin yeyilməsi haram saylan, şəriətə uyğun kəsilməyən heyvanın əti olmamalıdır. Həmin qida İslamın buyurduğu üslubda istehsal olunmalıdır. Digər məqam – halal və haram sayılan qidalar təmasda olmamalıdır. Məsələn, donuz əti ilə islam qaydalarına uyğun kəsilmiş mal əti soyuducuda yanaşı qoyularsa, yağın, qanın təması baş verə bilər. Lakin örtükdə olan halal məhsulun spirtli içki, yaxud digər haram qida ilə yanaşı olmasında problem yoxdur”.


AZƏRBAYCANIN HALAL STANDARTI

Qeyd edək ki, avqustun 1-dən etibarən Azərbaycanda rəsmi “Halal” standarıt qəbul edilib. Standarta əsasən, kəsilməli olan heyvanlar diri və sağlam olmalıdır. Heyvanların əvvəlcədən elektrik cərəyanı ilə, çəkic və ya balta ilə vurmaqla keyləşdirilməsi məsləhət görülmür. Müstəsna hallarda sakitləşdirici elektrik cərəyanı tətbiq etməyə yol verilir. Elektrik cərəyanının gərginliyi, gücü və təsir vaxtı heyvanın növünə əsasən texnoloji sənəddə göstərilməlidir. Hər bir heyvanı kəsməyə "Bismillah, Allahu Əkbər!" deməklə başlamaq lazımdır. Standarta əsasən, "halal" heyvanların kəsilməsində "haram" sayılan heyvanların keyləşdirilməsi və kəsilməsi üçün işlədilmiş alətlərdən istifadə etməyə icazə verilmir. Həmçinin standartda istehsal sahələrinə və proseslərinə, qablaşdırma və markalanmaya, məhsulun daşınması, saxlanması və satışına olan tələblər də göstərilib.


"ELEKTRİK CƏRƏYANIYLA KEYLƏŞDİRİLMİŞ MAL ƏTİ HALALDIR?"

Elvüsal Məmmədov deyir ki, elektrik cərəyanı heyvanın əziyyətinin qarşısını almaqdan ötrü qadağan edilir. Çünki verilən cərəyanın gərginliyi yüksək olarsa, onda heyvanın beyninə qan sızır, onun burnundan qan fışqırır. Heyvanı əziyyətlə kəsmək ətin, həm də ondan hazırlanan məhsulun halallığına xələl gətirir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı kəsilməzdən öncə ona verilən qidalar, yemlərə olan tələblərdən tutmuş kəsənin alətin, kəsən şəxsin, müəssisənin təmizliyində tutmuş avtomobillərlə daşınmasına kimi hər bir məqam nəzərə alınır.

Qeyd edək ki, hazırda ət və ət məhsulları istehsal edən 10-a yaxın müəssisə tərəfindən “Halal” standartın tətbiqi ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət daxil olub. Komitə həmin müəssisələrə bu standarta keçidlə bağlı hazırlıq işlərinin aparılması üçün 3 ay vaxt verib.


"HARAMI HALLAŞDIRANLAR HALAL ZİNA DA İCAD EDƏCƏKLƏR"

Halal içkilərə gəlincə, dinşünas spirtli içkinin halalı olacağını istisna edir.

“Bu ona bənzəyir ki, bir azdan qanuni zina da çıxaracaqlar. İstər pivə, istər viski olsun, onun halalı ola bilməz. Bir haramın halal versiyası ola bilməz. Bu cür məhsulların buraxılması İslam dəyərlərinə təhqirdir, müsəlmanların hisslərinin istismardır. Digər tərəfdən, əgər inanclı insan pivə içmək istəyirsə, deməli, artıq onun təbiətində içkiyə meyl var”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hazırda dünyanın hər yerində, o cümlədən xristian ölkələrində də insanların “Halal” adı ilə aldadılması baş verir. E.Hüseynov məhsulların halallığına əmin olmaq üçün istehsal prosesinin daha ciddi izlənmə mexanizminin olmasını zəruri sayır.

Elvüsal Məmmədov hesab edir ki, indi müsəlmanlar Halal adı ilə aldıqları məhsulun halallığından əmin olmaq üçün özləri onun istehsalı ilə maraqlanmalıdırlar.

Şərhləri göstər

XS
SM
MD
LG