Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

Sarkozynin rəqibi hökuməti insanları aldadıb onlara halal ət yedirtməkdə ittiham etdi

Fransa paytaxtında hər kəs özü də bilmədən halal ət yeyir. Bu iddianı prezidentliyə namizəd, sağların təmsilçisi Marine Le Pen səsləndirib. Bununla da o, Fransa prezidenti Sarkozynin onun tərəfdarlarını öz tərəfinə çəkmək niyyətinə cavab vermiş olub.

Le Pen təmsil etdiyi partiyanın qurultayında deyib ki, indi hökumət Paris əhlinin aldanmasına göz yumur. Belə ki, paytaxtda satılan ətin hamısı Avropa standartlarına yox, dini qaydalara uyğun kəsilən məhsullardır:

“Ile-de-France bölgəsində sallaqxanaların hamısı halal qaydada heyvan kəsir. Burda halal olmayan bir dənə də sallaqxana yoxdur. Deməli, Paris ətrafından gətirilən ətlərin hamısı halaldır. İnsanlar da bunu bilmədən, qaydalara uyğun kəsilməyən ət alırlar. Bu, hökumətin yalanıdır”.

PARİSLİLƏR ÖZLƏRİ DƏ BİLMƏDƏN HALAL ƏT YEYİR

Heyvanların müdafiəsi ilə məşğul olan təşkilat rəhbəri Frédéric Freund da bu fikri bölüşür. Onun iddiasına görə, Fransada dini qaydalara uyğun kəsilən heyvanın üçdə ikisi keyləşdirmə aparılmadan kəsilir. Bəzən halal məhsul qeyri-müsəlman mağazalarına da gəlib çıxır və istehlakçılar özləri də bilmədən halal ət almış olurlar.

Bu məsələ France 2 kanalındakı veriliş zamanı ortaya atılıb. Proqramlardan birində İle-de-France bölgəsinin Heyvandarlıq Evinin rəhbəri Hallepée deyib ki, adıçəkilən bölgədəki sallaqxanaların hamısı müsəlmanlara məxsusdur. Ona görə də İle-de-Francedəki ətin hamısı halaldır.

Bundan sonra Marine Le Pen məsələni partiya toplantısında qaldırıb. Onun köməkçiləri deyiblər ki, xanım siyasətçi halal ət istehsalçılarına qarşı “məhsulun təhrif olunmasına görə” iddia qaldıracaq.

YALNIZ 1 FAİZ ƏT HALALDIR

İnterprofessional Heyvandarlıq və Ət üzrə Milli Assosiasiyanın (İnterbev) prezidenti Dominique Langlois isə Le Penin iddialarını əsassız sayıb. O, deyib ki, İle-de-Francedə kəsilən ət ölkə üzrə satışa çıxarılan ətin yalnız 1 faizini təşkil edir:

“Fransada satışda olan ətin yalnız 1 faizi halal üsulla kəsilir. Parisdəki bütün ətlərin halal olmasını iddia etmək tamamilə yanlışdır”.

Ərzaq naziri də bu fikri dəstəkləyib. Deyib ki, həmin bölgədəki sallaqxanalar çox balacadır və bütün Parisi əhatə edə bilməz.

Seçki qabağı keçirilən ictimai rəy sorğuları Marine Le Penin ölkədə populyarlığına görə üçüncü yerdə olduğunu göstərir. Son vaxtlar Fransada siyasi sferada antimüsəlman meyllərinin artması müşahidə olunur. Ötən ilin aprelində Fransada küçəyə niqabla çıxmaq, həmçinin küçədə namaz qılmaq da yasaqlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG