Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 17:14

Hüquqşünaslar narahatdır - 'Vətəndaşları kim müdafiə edəcək'


Hüquqşünasların mətbuat konfransı.

Oktyabrın 20-də Milli Məclisdə Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin məhkəmədə nümayəndə qismində iştirakının qadağan olunması məsələsi müzakirəyə çıxarılacaq. Mülki və İnzibati Prosessual məcəllələrə, eləcə də «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna bu məqsədlə dəyişiklik təklifi Ali Məhkəmədən gəlib. Dəyişiklik layihəsinə görə, ölkədə nümayəndəlik institutu ləğv olunur, məhkəmələrdə hüquqi yardımı ancaq Vəkillər Kollegiyasının üzvü olanlar göstərə bilər.

Praktik hüquqşünaslar bu dəyişiklik layihəsi ilə əlaqədar həyəcan təbili çalır. Bir qrup hüquqşünas oktyabrın 17-də mətbuat konfransı keçirərək bu addımın əksinə, ölkədə ədalət mühakiməsinə ciddi zərbə vuracağını, hüquq sistemində korrupsiyanın daha da artmasına rəvac verəcəyini bəyan edib.

GÜRCÜSTANDA 800 NƏFƏRƏ BİR VƏKİL

Hüquqşünas Ramil Süleymanlı Azərbaycanda vəkillərin sayının onsuz da çox az olduğunu, praktik hüquqşünasların fəaliyyətinə qadağanın son nəticədə vətəndaşların məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdıracağını deyir:

***Buna da bax-Aslan İsmayılova cinayət işi açılıb

«10 milyon əhalisi olan ölkədə Vəkillər Kollegiyasının üzvü olan cəmi 936 nəfər vəkil var – hər 11 min 100 nəfərə bir vəkil düşür. O 936 nəfərin də təxminən 150-si fəaliyyətini dayandırıb, ya bizneslə məşğul olur, ya dövlət qulluğunda çalışır. Dörd milyon əhalisi olan Gürcüstanda isə 5 min vəkil var – 800 nəfərə bir vəkil düşür. ABŞ-da mülki işlərin 27 faizini, pensiya mübahisələrinin 92 faizini məhkəmələrdə praktik hüquqşünaslar aparıb. Ümumiyyətlə, dünya praktikasında yalnız Vəkillər Kollegiyasının üzvlərindən yardım almaq anlayışı yoxdur. Hökumət iddia edir ki, hüquqi yardımın keyfiyyətini artırmaq üçün bu dəyişiklik vacibdir. Halbuki, dövlət vətəndaşın qayğısına qalırsa, onun hüquqlarının qorunmasını istəyirsə, ilk növbədə məhkəmələrdə islahatlar aparılmalıdır. Buna görə nümayəndəlik institutunu sıradan çıxarmağa gərək yoxdur».

«VƏTƏNDAŞ RÜŞVƏT VERİB İŞİNİ HƏLL ETMƏLİ OLACAQ»

Bir neçə il öncə Vəkillər Kollegiyasından çıxarılmış və hazırda mülki-inzibati işlərdə nümayəndə qismində vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olan Xalid Bağırov deyir ki, vəkilliyin keyfiyyətsizliyinə görə nümayəndəlik institutu gücləndi:

«İnsanlar danışmaq istəyirsə, onun ağzını açmaq lazımdır, burnunu tıxamaq yox. Yəni vəkilliyi inkişaf etdirmək lazımdır. Nümayəndəlik institutunun ləğvi problemi göstərən güzgünü sındırmaq deməkdir. Bu dəyişiklik ümumiyyətlə, hüquqi yardım institutunun iflic olmasıdır».

Hüquqşünasların mətbuat konfransı.
Hüquqşünasların mətbuat konfransı.

X.Bağırov hesab edir ki, parlament dəyişikliyi qəbul etsə, bu, həm də məhkəmə sistemində korrupsiyanın daha da artmasına səbəb ola bilər:

«Özünü müdafiə edə bilməyən vətəndaş rüşvət verib işini həll eləməli olacaq. Fikir verin, dəyişiklik təşəbbüsü də məhkəmə sistemindən gəlib».

RUSİYA VARİANTI

X.Bağırov dəyişiklik layihəsində narahatlıq doğuran başqa bir məqama da toxunub. Layihəyə görə, mülki işlərdə 10 min, iqtisadi mübahisələrdə isə 20 mindən aşağı məbləğdən söhbət gedərsə, bu halda vətəndaş Ali Məhkəməyə kassasiya şikayəti verə bilməyəcək. Bu dəyişiklik təklifinin məqsədi «məhkəmələrin iş yükünün azaldılması» ilə izah olunur.

***Buna da bax-Yalçın İmanov 'ölkədə sabitliyi pozmaqda' suçlanır

Vəkillər Kollegiyasından kənarlaşdırılmış daha bir hüquqşünas Fərhad Mehdiyev deyir ki, bu dəyişiklik həm də vəkillərin özlərinin başının üstündə Damokl qılıncı olacaq. Aztəminatlı təbəqənin məhkəməyə çatımlılıq hüququ məhdudlaşacaq, çünki adamlar vəkillərlə müqavilə bağlamaqda maddi baxımdan çətinlik çəkəcək:

«Bir sıra hallarda praktik hüquqşünaslar pulsuz hüquqi yardım göstərirdi. İcbari tibbi sığortanı tətbiq eləməyən hökumətin guya keyfiyyətli hüquqi yardıma görə bu addımı atması səmimi görünmür».

Dəyişikliyə etiraz edən hüquqşünasların təklifi də var. Təklifi hüquqşünas Səməd Rəhimli açıqlayıb:

«Ya indiki vəziyyət olduğu kimi qalsın, ya da Rusiya variantı tətbiq olunsun. Rusiya variantı budur ki, yalnız hüquq təhsili olan şəxslər vergi orqanında qeydiyyatdan keçir, məhkəmədə işə çıxarkən etibarnamə ilə yanaşı, həmin sənədi də təqdim edir».

Hüquqşünaslar dəyişikliyin qarşısını almaq üçün müzakirələri davam etdirəcəklərini bildiriblər.

Rafael Cəbrayılov
Rafael Cəbrayılov

DEPUTATSA DEYİR Kİ...

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov isə bu günlərdə «Report»a bildirib ki, nümayəndəlik institutu ləğv edilmir, dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun vəkillik institutu ilə əvəzlənməsindən söhbət gedir:

«Nümayəndəlik institutu saxlanılır. Yəni, hər bir hüquqi şəxs öz işçisini məhkəmə prosesinə nümayəndə kimi göndərə bilər. Dəyişiklikdə vəkillik institutunun daha da gücləndirilməsi təklif edilir. Nümayəndəlik institutunun ləğv edilməsindən söhbət getmir. Belə bir şey olsaydı, Azərbaycanın mülki hüququ şikəst olardı. Yəni, mülki fəaliyyət qabiliyyəti olmayanlar, mülki fəaliyyət qabiliyyəti məhkəmə qaydasında məhdudlaşdırılanlar və yetkinlik yaşına çatmayanların hüquqlarını kim müdafiə edəcək?».

Deputat vurğulayıb ki, kassasiya instansiyasında, yəni Ali Məhkəmədə işlərə baxılan zaman nümayəndənin iştirakına yol verilməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG