Nepalda qəfil daşqından bir həftə keçir, minlərlə itkin şəxsin sağ tapılacağına ümid azalır. Daşqına Himalay dağlarında buzlağın uçması səbəb olmuşdu.
Rəsmi məlumata görə, azı 1 min 114 nəfər həlak olub, 4 minə yaxın insan hələ də itkin sayılır. Onların çoxunun daşqının gətirdiyi dağıntılar altında qaldığı güman edilir.
Daşqın Çinlə sərhəd yaxınlığındakı şəhərləri və vadiləri dağıdıb.
Çin hakimiyyətinin açıqladığı son məlumata görə, Tibetdə 16 nəfər ölüb, 546 nəfər itkin düşüb.
Nepal hökumətinin rəsmisi Fanindra Paudel bildirib ki, sağ qalanların tapılması ehtimalı getdikcə azalır.
Xilasedicilər su elektrik stansiyalarının tunellərində sağ qalanların ola biləcəyinə ümid edirlər. Ordunun sözçüsü deyib ki, bu stansiyaların yeraltı hissələrində insanların sığına biləcəyi otaqlar və boş sahələr var.
İndiyədək su elektrik layihələrinin dağıntıları arasından 279 nəfər xilas edilib, azı 639 nəfər hələ də itkin sayılır. Onlardan bəzilərinin tunellərdə qaldığı güman edilir.
Xilasetmə əməliyyatlarına Hindistan, Çin və ABŞ-dən xüsusi qruplar da qoşulub.
BMT-nin yüksək vəzifəli rəsmilərindən biri deyib ki, Himalay regionunda gələcəkdə də buzlaq daşqınları baş verə bilər.
Nepalın baş naziri Balendra Şah bildirib ki, buz və qaya kütləsinin niyə uçduğu, belə böyük həcmdə suyun necə yarandığı beynəlxalq səviyyədə araşdırılmalıdır.
Çin də daşqını iqlim dəyişikliyi ilə əlaqələndirib.
"Üstümüzə nəhəng palçıq axını gəlirdi"
"Reuters" yazır ki, həqiqiliyi təsdiqlənmiş videolarda nəhəng su və dağıntı kütləsinin onlarla insanı apardığı görünür. Sel Nepalda evləri, yolları və enerji infrastrukturu obyektlərini də yuyub aparıb.
"Birbaşa üstümüzə nəhəng palçıq axını gəlirdi", — Nepalda xəstəxanada müalicə olunan 68 yaşlı Keşav Prasad Baral deyib.
Dörd saat sonra helikopter Baralı təhlükəsiz yerə çatdırıb. "Həyat yoldaşım hələ də palçığın altındadır. O, artıq yoxdur", – o əlavə edib.
Daşqından sağ çıxan başqa bir nəfər deyib ki, manqo ağacından yapışaraq xilas olub, işlədiyi ev gözünün qabağındaca yoxa çıxıb.