Ukraynanın antikorrupsiya idarəsi deputatlar və prezident Volodimir Zelenskinin administrasiya əməkdaşları ilə bağlı yeni təhqiqata başlayıb. Ölkədə populyar keçmiş müdafiə naziri Mixaylo Fedorov isə bir gün əvvəl Zelenskini yeni seçkilər keçirməyə çağırıb.
Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) avqustun 19-da “Forrest Qamp əməliyyatı” adlı istintaqla bağlı treyler videosu yayıblar.
Qurumların birgə bəyanatında deyilir ki, parlamentin hazırkı və keçmiş deputatlarının rəhbərliyi altında fəaliyyət göstərən, prezident administrasiyasının yüksək vəzifəli əməkdaşlarının və digər şəxslərin daxil olduğu cinayətkar təşkilatı ifşa etmək üçün xüsusi əməliyyat keçirilir.
Sonradan istintaqın detallarını açan 24 dəqiqəlik video yayımlanıb.
Məlumata görə, “Midas əməliyyatı” ilə əlaqəli çirkli pulların yuyulmasının təşkili və buna şərait yaradılması ilə bağlı şəxslər həbs olunub. “Midas əməliyyatı” nəticəsində Zelenski mayda administrasiyanın nüfuzlu rəhbəri Andrey Yermakı vəzifədən azad edib.
Axtarışlar aparılır
İstintaq Zelenskinin ofisinin rəhbər müavini, keçmiş deputat, dövlət banklarından birinin idarə heyətinin sədri, bir dövlət bankının müşahidə şurasının sədri və başqa şəxsləri əhatələyir.
Müxalifətçi deputat Oleksiy Qonçarenko sosial mediada yazıb ki, Zelenskinin ofisinin rəhbər müavini İrina Mudranın olduğu yerlərdə axtarışlar aparılır. Bir neçə saat sonra Mudra vəzifəsindən azad edilib. Bunun səbəbi izah edilməyib.
Keçmiş müxalifətçi deputat, biznesmen Vadim Stolar sosial mediada “NABU müstəntiqləri mənim evimdə istintaq hərəkətləri aparırlar” yazıb.
Zelenskinin ofisi antikorrupsiya istintaqı, Frdorovun videosu ilə bağlı açıqlama verməyib. Prezidentə qarşı birbaşa korrupsiya ittihamı irəli sürülməyib və o, heç bir iş üzrə rəsmi şübhəli kimi göstərilməyib.
Avqustun 19-da ölkə parlamenti Yevgeni Xmaranı müdafiə naziri postuna təsdiqləyib. Zelenski etirazçıların Fedorovu bu vəzifəyə qaytarmaq tələbləri ilə razılaşmamış, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini icra edən Xmaranı müdafiə naziri vəzifəsinə təqdim etmişdi.
Fedorov seçkilərin vacibliyindən danışıb
Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov videomüraciət yayıb. O bildirib ki, ölkə hətta uzunmüddətli müharibə şəraitində belə seçkilərin bərpası üçün “qanuni, təhlükəsiz və real mexanizm” tapmalıdır:
“Müharibə daha bir, iki, üç il davam etsə, Rusiya faktiki ukraynalıların öz hakimiyyətini yenidən nə vaxt seçə biləcəyini müəyyənləşdirmək hüququ əldə edə bilərmi? Əminəm ki, yox. Demokratiya Rusiyanın girovuna çevrilə bilməz. Hətta uzunmüddətli müharibə dövründə belə Ukraynaya tam demokratik prosesi bərpa etməyə imkan verəcək qanuni, təhlükəsiz və real mexanizm tapmalıyıq”, – Fedorov söyləyib.
Bu bəyanatdan az əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Yevgeni Xmaranın müdafiə naziri təyin olunması ilə bağlı Ali Radaya təqdimat göndərib.
Keçmiş müdafiə naziri deyib ki, hərbçilərin, xaricdə yaşayan milyonlarla ukraynalının və cəbhəyanı bölgələrdə yaşayan insanların səsvermə hüququ təmin olunmalıdır.
Onun sözlərinə görə, müharibə dövründə korrupsiya təkcə maliyyə problemi deyil, həm də “sağ qalmaq və qalib gəlmək qabiliyyətidir”. Fedorov Ukraynada idarəetmə sisteminin böhran içində olduğunu bildirib.
35 yaşlı Fedorov iyulun 15-də istefa verib. O, Ukrayna Müdafiə Nazirliyinə 2026-cı ilin əvvəlindən rəhbərlik edirdi. Vəzifədən azad edilən Fedorov həmin vaxt hələ Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olan Aleksandr Sırskini sərt tənqid edib. Fedorovla Sırski hərbi strategiyaya, xüsusilə dronlardan daha geniş istifadəyə fərqli yanaşırdı deyə aralarında münaqişə olub. Keçmiş müdafiə nazirinin sözlərinə görə, məhz Sırski onun istefaya getməsini istəyib.
Fedorov vəzifəsindən azad edildikdən sonra iyulun ortalarında ölkədə kütləvi etirazlar dalğası baş verib.
Ukraynada hərbi vəziyyət haqqında qanun səsvermə keçirməyə imkan vermir. Hərbi vəziyyət dövründə prezident, parlament və yerli seçkilərin keçirilməsi qadağandır. Ölkədə sonuncu dəfə 2019-cu ildə ümummilli seçkilər keçirilib.
Fedorovun açıqlamaları cəmiyyətdə ciddi dəstəyə malik Zelenskiyə təzyiqi artıra bilər. Ancaq son vaxtlar prezident korrupsiya qalmaqalları və kadr qərarları ilə bağlı suallarla üzləşib.