Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ötən həftə bulanıq bir foto yayıb, orada iki mülki geyimli kişinin başqa bir kişini qarda diz çökdürdüyü görünür. Məlumata görə, foto Moskvadan təxminən 250 kilometr şimal-şərqdə yerləşən Yaroslavlda 48 yaşlı kişinin saxlanıldığı an çəkilib. O, Ukraynada həlak olmuş hərbçilərin məzarlarının foto və videolarını gizli çəkməkdə ittiham olunur.
Rusiya hərbçilərinin məzarlarının görüntülərini çəkdiklərinə görə insanlar dövlətə xəyanətdə ittiham olunurlar. Sverdlovskda iki şübhəli hər foto üçün 1 dollar qarşılığında görüntüləri öz kuratorlarına göndərməkdə suçlanır.
Əksər hallarda FSB şübhəlilərin ukraynalı kuratorlar üçün işlədiyini iddia edir.
Məzarlar – itkilərin sübutu
Məzarların fotoşəkilləri Rusiyanın Ukrayna müharibəsində döyüş itkilərini hesablamağa kömək edir, jurnalistlər, hüquq müdafiə təşkilatları üçün mənbədir.
Rusiya hakimiyyəti itki sayını açıqlamır. Amma həlak olanların sayı ilə bağlı müxtəlif hesablamalar var.
Mayda Britaniya kəşfiyyatının rəhbərlərindən biri Ukraynadakı işğalçı müharibədə təxminən 500 min Rusiya hərbçisinin öldürüldüyünü bildirib. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) ötən ay yaydığı hesabatda bu sayı 450 min göstərib.
"Kreml ölənlərin real sayını gizlətmək üçün əlindən gələni edib. Rusiya ordusunun fəaliyyəti son yüz ildə araşdırdığımız bütün böyük ordulardan daha pis olub", – CSIS təhlilçisi Set Cons bu ilin əvvəlində AzadlıqRadiosuna deyib.
CSIS ABŞ, Ukrayna və Avropa rəsmiləri ilə müsahibələrə, Rusiya hakimiyyətinin "xarici agent" elan etdiyi müstəqil "Mediazona" nəşrinin topladığı məlumatlara istinad edir.
"Mediazona" Ukraynada öldürülən 236 min Rusiya hərbçisinin adını müəyyənləşdirib. Mayda nəşr müharibədə həlak olan Rusiya hərbçilərinin real sayının təxminən 350 min olduğunu bildirib.
"Mediazona"nın redaktoru Dmitri Treşşanin "Current Time" telekanalına deyib ki, qəbiristanlıqlara getmək onlar üçün mühüm məlumat mənbəyi idi, amma "əvvəllər bu, dövlətə xəyanət kimi yozulmayıb".
2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğal başlayandan Rusiyada dövlətə xəyanət ittihamı ilə açılan cinayət işlərinin sayı artıb.
Dələduzlar ailələri hədəfə alır
Treşşanin deyir, bu arada döyüşlərdə yaxınlarını itirmiş ailələri hədəfə alan dələduzlar da fəallaşıb. Onlar ailələrlə əlaqə saxlayaraq onların yaxınlarının əslində ölmədiyini, Ukraynaya əsir düşdüyünü iddia edir, azadlığa buraxılmaları üçün pul istəyirlər. Məzarların fotoları dələduzlara potensial qurbanları müəyyənləşdirməyə kömək edə bilər.
Treşşanin deyir, ona yazıb ölənlərin adlarını istəyənlər olur. O əlavə edir ki, açıq mənbələr əsasında araşdırmalar üçün məzarların fotolarını çəkən könüllülərə yeni təhlükə yaranır: "Bu fotolara görə 12 ildən 20 ilədək həbs cəzası ala bilərlər".
Prokurorların bildirdiyinə görə, Yaroslavldakı şübhəli 2024-cü ilin oktyabrından foto və videolar çəkməyə başlayıb. İşə qapalı məhkəmə iclasında baxılacaq.
Treşşaninin sözlərinə görə, FSB insanlara foto çəkmək üçün pul təklif etməklə onları asanlıqla tələyə sala bilər: "Dələduzlara ehtiyac yoxdur. Kiməsə tapşırıq verirsən, sonra da guya onun planlaşdırdığı cinayətin "üstünü açırsan"".
Rusiyanın müharibə itkiləri barədə qəbiristanlıqlardan birbaşa sübut toplamaq indi xeyli riskli işə çevrilib. Amma bunun başqa yolları da var. Rusiyanın rəsmi mənbələrində və ya mediada dərc olunan ölüm elanları, dost və ailə üzvlərinin sosial şəbəkə paylaşımları, dəfn mərasimləri haqqında məlumatlar bu sıradadır.