Keçid linkləri

2026, 28 May, cümə axşamı, Bakı vaxtı 21:09

Britaniya kəşfiyyatı: Ukraynada 500 min Rusiya hərbçisi həlak olub

Rusiya hərbi qəbirləri
Rusiya hərbi qəbirləri

Rusiya 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan təxminən 500 min rusiyalı hərbçi həlak olub. Bunu Britaniya kəşfiyyatının yüksəkvəzifəli rəsmisi deyir. Müharibə hazırda, demək olar ki, dalana dirənmiş vəziyyətdədir.

Bu rəqəmi mayın 27-də Böyük Britaniyanın Hökumət Kommunikasiya Qərargahının (GCHQ) direktoru Enn Kist-Butler səsləndirib. Son aylar digər Qərb hökumətləri, müstəqil media qurumları da oxşar rəqəmlər paylaşırlar.

Rusiyanın cəhdlərini pozmağa çalışırlar

Enn Kist-Butler Britaniya hökumətinin digər xəbərdarlıqlarını təkrarlayıb. Onun sözlərinə görə, Rusiya Britaniya və Avropa boyunca "kritik infrastrukturu, demokratik prosesləri, təchizat zəncirlərini və ictimai etimadı amansızcasına hədəfə alır".
GCHQ Britaniyanın elektron rabitəni və siqnalları izləyən kəşfiyyat qurumudur, ABŞ Milli Təhlükəsizlik Agentliyinin analoqu sayılır.

Kist-Butler bildirib ki, GCHQ Britaniyanı birləşdirən sualtı kabellərin və boru kəmərlərinin qorunmasına, həmçinin sabotaj və sui-qəsd cəhdlərinin qarşısının alınmasına fokuslanıb. Dediyinə görə, hakimiyyət orqanları Rusiyanın Qərb texnologiyalarını qaçaqmalçılıq yolu ilə əldə etmək, 2022-ci ilin fevral işğalından sonra tətbiq olunan Qərb sanksiyalarından yayınmaq cəhdlərini pozmağa çalışır.

"Ukraynaya dəstəyimizdə qətiyyətimizi saxladığımız müddətdə Putin döyüş meydanında geriləyir. Yeni kəşfiyyat məlumatları göstərir ki, münaqişə başlayandan təxminən yarım milyon rusiyalı əsgər öldürülüb", – o deyib.

Oxşar rəqəmlər

Bu rəqəm Rusiyanın Ukraynada verdiyi itkilərlə bağlı digər açıq hesablamalara uyğundur.

Niderlandın əsas hərbi kəşfiyyat qurumu ötən ay illik hesabatında Rusiyanın daimi itki sayının 1.2 milyon olduğunu, 500 mindən çox hərbçinin öldürüldüyünü bildirmişdi.

Rusiyanın mühacirətdə fəaliyyət göstərən "Mediazona" və "Meduza" nəşrləri isə vərəsəlik sənədləri əsasında birgə hesablama aparıb, 2022-ci ildən bəri 352 min rusiyalı hərbçinin öldürüldüyünü bildirib.

Ötən ilin sonlarınadək Rusiya kiçikmiqyaslı sızma taktikalarından istifadə etməklə Ukraynanın müdafiəsini yarırdı, bu zaman çox böyük itkilər verirdi.

Son vaxtlar Ukrayna qüvvələri dron innovasiyaları və yeni dron taktikaları sayəsində Rusiya qoşunlarının irəliləyişini, demək olar ki, tam dayandıra bilib. Ukrayna bəzi yerlərdə kiçik torpaq sahələrini geri qaytara bilib.

XS
SM
MD
LG