Milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" alyansı parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyana qarşı vahid cəbhə yaratmaq üçün digər iki böyük müxalifət qüvvəsi ilə danışıqlara başlayıb.
Karapetyan ötən cümə axşamı verdiyi müsahibədə 'seçkisonrası müxalifət koalisiyası' ideyasını irəli sürüb. O, hökumətə qarşı birgə addımları əlaqələndirmək üçün müxalif qüvvələrin iştirakı ilə xüsusi "koordinasiya şurası" yaradılmasını təklif edib.
Koçaryan ideyanı dəstəkləyir
Keçmiş prezident Robert Koçaryanın "Hayastan" alyansı bu təklifi dərhal müsbət qarşılayıb. Koçaryan jurnalistlərə müsahibəsində Karapetyanın təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirib.
Eks-prezidentin oğlu, "Hayastan" blokunun deputatlığa namizədi Levon Koçaryan danışıqların müsbət məcrada davam etdiyini və tezliklə xoş xəbərlərin veriləcəyini bildirib. Blokun digər rəsmisi İşxan Sağatelyan isə AzadlıqRadiosunun erməni xidmətinə müxalifət arasında məsləhətləşmələrin getdiyini təsdiqləsə də, detalları açıqlamayıb.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Paşinyanın "Mülki Müqavilə" partiyası 49.8 faiz səslə seçkilərdə qalib gəlib. "Güclü Ermənistan" 23.3 faizlə ikinci, "Hayastan" 9.9 faizlə üçüncü, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4 faizdən bir qədər az səslə dördüncü sırada qərarlaşıb. Rəsmi nəticələrin saxtalaşdırıldığını bildirən bu üç partiya və digər üç müxalif qrup seçkilərin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
"Yol xəritəsi" gözlənilir
Tsarukyanın müttəfiqi Suren Surenyants "Çiçəklənən Ermənistan"ın da danışıqlarda iştirak etdiyini təsdiqləyib. Onun sözlərinə görə, rus-erməni milyarder Karapetyan hakimiyyət dəyişikliyi üçün hələlik konkret yol xəritəsi təqdim etməyib. Surenyants düşünür ki, birgə aksiyaların uğuru məhz bu sənəddən asılıdır.
Müxalif siyasətçinin fikrincə, Karapetyan, Koçaryan və Tsarukyan əsas qərarları üçtərəfli görüşdə qəbul edəcəklər. Hələlik belə bir görüşün anonsu verilməyib.
Küçə etirazları və uzunmüddətli mübarizə
Müxalifət tərəfdarlarının çoxu hüquqi müstəvidəki mübarizəyə şübhə ilə yanaşır və küçə aksiyalarının bərpasını tələb edir. Surenyantsın düşərgəsi isə hesab edir ki, "ildırımsürətli inqilab" real olmadığı üçün müxalifət tələsməməli və uzunmüddətli müqavimətə hazırlaşmalıdır.
"Hakimiyyət ətrafındakı daxili və xarici təlatümlər səngiməyəcək, əksinə, problemlər daha da dərinləşəcək. Paşinyanın xarici öhdəlikləri və Rusiya-Ermənistan münasibətlərindəki ciddi böhran da buna daxildir. Ona görə də müxalifət ortamüddətli fəaliyyət proqramı qəbul etməlidir", - Surenyants bildirib.