Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) müxalif partiyaların deputatlığa namizədləri Ruslan Barseğyan, Asatur Koçaryan və Aşot Yeğiazaryanın həbs olunmasına rəsmi icazə verib. Prokurorluq artıq bu şəxslərə qarşı rəsmi ittiham irəli sürüb.
Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir. Bir gün əvvəl MSK eks-prezident Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə, "Güclü Ermənistan" blokundan digər namizəd Davit Ğazinyanın həbs olunmasına rəsmi razılıq verib.
Müxalifətçilər rəsmən deputatlığa namizəd olduqları üçün qanunla onları MSK-nın icazəsi olmadan həbs və ya məsuliyyətə cəlb etmək mümkün deyil.
Koçaryan ölkədən buraxılmayıb
İyunun 14-də Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) R.Koçaryanın Rusiyaya uçmaq üçün təyyarəyə minməsinə mane olub və onun ölkədən çıxışına icazə verməyib. MTX və prokurorluq bu qadağanın səbəblərini açıqlamayıb. Koçaryanın ofisi isə bu addımı qanunsuzluq kimi qiymətləndirib.
Koçaryan hazırda 2008-ci ildə Yerevanda seçkilərdən sonra baş vermiş iğtişaşlardakı rolu ilə bağlı mühakimə olunur, amma indiyədək onun ölkədən çıxışına qadağa qoyulmamışdı. Keçmiş prezidentin sözçüsü Bağrat Mikoyan bildirib ki, 71 yaşlı Koçaryan ona qarşı irəli sürülməsi nəzərdə tutulan yeni, "uydurma" ittihamların detalları barədə hələ məlumatlı deyil.
"Azatutyun" xatırladır ki, baş nazir Nikol Paşinyan iyunun 5-də Yerevanda seçki kampaniyasının yekun çıxışında Koçaryanın seçkilərdən dərhal sonra yenidən həbs olunacağını bildirmişdi.
Baş nazir digər iki böyük müxalifət qüvvəsinin liderləri – iş adamları Samvel Karapetyan və Qaqik Tsarukyanın da həbs olunacağını vəd edib. Hər iki siyasətçi barəsində qaldırılmış cinayət işləri ilə əlaqədar onlara daha əvvəl ölkədən çıxış qadağası qoyulmuşdu.
Ermənistan MSK iyunun 14-də parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Paşinyanın "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faizini, Karapetyanın "Güclü Ermənistan" bloku 23.2 faizini, Koçaryanın "Hayastan" alyansı isə 9.9 faizini toplayıb. Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 3.9 faiz səs toplayaraq parlament baryerini (4 faiz) aşa bilməyib.