Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 22:09

Qazaxıstanda seçkilərdə hakimiyyətə yaxın 'Ədalət' partiyası qalib gəlib

Qazaxıstanda seçki
Qazaxıstanda seçki

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 24-də parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK-nın məlumatına görə, səslərin 71 faizdən çoxunu özünü prezident Qasım-Jomart Toqayevin siyasi kursunun dayağı adlandıran “Ədalət” partiyası qazanıb.

AzadlıqRadiosunun qazax xidmətinin məlumatına görə, bu il iyunun ortalarında yaradılan və hakim “Amanat” (keçmiş “Nur Otan”) partiyası ilə birləşən “Ədalət” 145 yerlik parlamentdə 105 mandat əldə edə bilər. “Ədalət”ə seçki kampaniyası başlamazdan Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Aybek Dadebay başçılıq edir. Prezidentin qardaşı qızı Dana Medeuova da partiyanın siyasi şurasına daxil olub.

Daha dörd partiya Kurultaya düşmək üçün tələb olunan 5 faizlik baryeri keçib. Bunlar “Auıl” (6,26 faiz), “Ak Yol” (5,21 faiz), Ümummilli Sosial-Demokrat Partiyası (5,11 faiz) və “Respublika” (5,56 faiz) partiyalarıdır.

Seçkilərdə iştirak edən bütün partiyalar prezident Toqayevə loyal sayılır. Seçkilər yalnız partiya siyahıları üzrə keçirilib.

Ölkə üzrə seçici fəallığı 74 faizi ötüb.

Hakimiyyət seçkiyə yeddi partiyanı buraxıb

Qazaxıstanda ciddi nəzarət şəraitində parlament seçkiləri keçirilib. Real müxalifət qrupları seçki yarışına buraxılmayıb.

Ölkədə konstitusiyaya dəyişikliklərdən yeni birpalatalı parlament yaradılıb. Hakimiyyət seçkiyə yeddi partiyanı buraxıb. Müxalifət qruplarına isə siyasi partiya statusu verilməyib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 18:00-a qədər seçici siyahısında olan 12,6 milyondan çox seçicinin 72,15 faizi səs verib. İlkin nəticələrin avqustun 24-də açıqlanacağı gözlənilir.

Prezident Qasım-Jomart Toqayev Astanadakı seçki məntəqələrindən birində səs verib, seçkiləri Qazaxıstan üçün "mühüm tarixi hadisə" adlandırıb. O deyib ki, səsvermə daha geniş islahat prosesinin yalnız başlanğıcıdır.

Toqayevdən növbəti dəfə prezidentliyə namizəd olub-olmayacağını soruşublar. O, bu barədə danışmaq üçün hələ tez olduğunu deyib. Konstitusiya dəyişikliklər Toqayevin daha yeddi il prezident olması üçün hüquqi yol açıb.

Qazaxıstanda seçkilər müstəqil fəallara və mediaya təzyiqlər barədə məlumatlar fonunda keçirilib.

Almatıda yaşayan vətəndaş cəmiyyəti fəalı Aset Abişev avqustun 23-də polisin onun evdən çıxmasına imkan vermədiyini bildirib, bunu səsvermə hüququna müdaxilə adlandırıb. Polis bu iddiaya dərhal münasibət bildirməyib.

Müşahidəçilər

Müstəqil seçki müşahidəçiləri də məhdudiyyətlərlə üzləşib.

Qaydalara görə, birbaşa və ya dolayı yolla xaricdən maliyyələşən yerli qeyri-hökumət təşkilatları seçki məntəqələrində müşahidə apara bilməzlər.

Nəticədə Qazaxıstanın müstəqil müşahidə təşkilatları rəsmi seçki monitorinqi prosesindən kənarda qalıb.

Hakimiyyət seçkiləri müşahidə etmək üçün 777 xarici müşahidəçinin akkreditasiyadan keçdiyini açıqlayıb. Onların çoxu Müstəqil Dövlətlər Birliyi (MDB) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) daxil olmaqla regional təşkilatları təmsil edir. ŞƏT müşahidəçiləri avqustun 23-də səsvermənin ilk yarısında heç bir pozuntu və ya şikayət qeydə almadıqlarını bildiriblər.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) da seçkiləri müşahidə edir. Qurum aralıq hesabatında ölkədə real müxalifət partiyalarının və müstəqil namizədlərin olmaması, siyasi ifadə azadlığına məhdudiyyətlərlə bağlı narahatlıq qeyd edib.

XS
SM
MD
LG