Altıncı günündə ABŞ-İsrail-İran müharibəsinin sədası Qafqazdan eşidildi. Martın 5-də Naxçıvan şəhər aeroportu və yaxınlığında yerləşən məktəbə dron zərbələri endirildi.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, İranın Silahlı Qüvvələri tərəfindən Naxçıvana dörd PUA yönləndirilib. Dörd nəfərin yaralandığı və xəstəxanaya yerləşdiyi bildirilir.
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi İranın qonşularını hədəf almadığını açıqlayıb. "Yalnız düşmənlərimizin hərbi bazaları olan ölkələr hədəfə alınacaq", - o əlavə edib.
Azərbaycan prezidenti İlham Əliyev bunu İranın törətdiyini deyərək qonşu ölkənin üzr istəməli olduğunu bildirib: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilib. Bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
Martın 5-də Təhlükəsizlik Şurasının iclasında prezident vurğulayıb ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Bununla yanaşı o, Silahlı Qüvvələrin bir nömrəli səfərbərlik vəziyyətinə gətirildiyini də deyib.
Naxçıvan Muxtar Respublikası bir əsrdir imzalanan Qars müqaviləsinə əsasən Türkiyənin himayəsində sayılır. Türkiyə bu müqavilə ilə Naxçıvanın Azərbaycan tərkibində statusunun və təhlükəsizliyinin beynəlxalq hüquqi zaminidir.
Hərbi ekspert Səxavət Məmməd AzadlıqRadiosuna müsahibəsində deyir ki, müharibənin genişlənməsində və digər dövlətlərin də qoşulmasında maraqlı qüvvələr var: "Təkcə İrandan getmir söhbət, Amerika və İsrail də əslində müharibənin miqyasını genişləndirmək istəyir. Onlar da maraqlıdırlar ki, İrana qarşı hansısa bir dövlətləri çıxarsınlar. Böyük ehtimalla bu dövlətlərdən biri Türkiyədir, digəri də Azərbaycan. Çox ağır bir proses gedir. Hesab edirəm ki, bu proseslər daha da dərinləşəcək və rəsmi Bakı müxtəlif addımlar ata bilər. Azərbaycan tərəfinin İrana qarşı hərbi əməliyyatlar keçirəcəyi, yaxud da İrana zərbə endirəcəyi inandırıcı deyil. Amma İran sərhədi istiqamətində hava hücumundan müdafiə sistemlərinin və radio elektron mübarizə vasitələrinin sayını artıra bilər".
"Naxçıvanda ABŞ və İsrail kontingenti ilə bağlı ola bilər"
Rəsmi Ankara dron hücumlarını pisləyib və Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.
Türkiyədən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay da bu hücumların Türkiyə və Azərbaycanı müharibəyə çəkmək üçün təxribat ola biləcəyini istisna etmir: "Bu dronlar İrandan atılıbsa, Azərbaycan radarlarında aşkarlanmadan Naxçıvana necə çatıblar? Burada Azərbaycan hava hücumundan müdafiə sisteminin bir çatışmazlığımı var? Yoxsa bu, Azərbaycan və Türkiyəni İrana qarşı hərəkətə gətirmək üçün təxribat xarakterli bir hərəkətdir?".
İranın xarici işlər naziri Abbas Əraqçi Naxçıvan ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. O, bunun iki ölkə arasındakı münasibətləri pozmaq məqsədilə İsrail tərəfindən törədilə biləcəyini iddia edib.
Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun hərbi eksperti Fərzin Nadimi düşünür ki, İranın regionun hər yerində kəşfiyyat agentlərinin olması faktını nəzərə almaq lazımdır: "Ehtimalıma görə, dron hücumları İran daxilinə keçərək vurulmuş təyyarələrin pilotlarını xilas etmək üçün Naxçıvanda gözləyən israilli və amerikalı döyüş axtarış-xilasetmə (CSAR) kontingenti ilə bağlıdır. Daha aydın desəm, belə bir kontingentin hazırda Naxçıvanda yerləşib-yerləşmədiyini bilmirəm, lakin praktiki və məntiqi səbəblərə görə bunun mümkün olduğunu güman edə bilərəm. Kiçik CSAR qrupu aqressiv və ya düşmən niyyəti ifadə etmir. Azərbaycan bunu humanitar addım kimi təqdim edə bilər".
"Dronlar Azərbaycanın Xəzər dənizindəki enerji infrastrukturuna çata bilər"
İran ABŞ və İsrailin zərbələrinə cavab olaraq ABŞ-nin regiondakı hərbi və diplomatik obyektlərini raket və dronlarla vurur, Fars körfəzində əsas enerji infrastrukturunu hədəfə alır. Ekspertlərin qənaətincə, Tehranın məqsədi müharibəni genişləndirmək, Vaşinqton və müttəfiqləri üçün münaqişənin bədəlini artırmaqdır.
"Təhlükəli durumdur", – Almaniyada yaşayan azərbaycanlı hərbi təhlilçi Cəsur Məmmədov belə deyir.
"Azərbaycanın İranla uzun sərhədi var və Bakının ən yaxın müttəfiqi Türkiyə bu prosesə qoşulmasa, ölkəni müdafiə etmək çox çətin olar", – o bildirir.
Azərbaycan, əsasən, İranın onun enerji infrastrukturunu, boru kəmərlərini və istehsal obyektlərini vura biləcəyindən ehtiyatlanır.
C.Məmmədov İranın min kilometrə qədər uça bilən dron texnologiyası hazırladığını deyir: "Bu isə o deməkdir ki, həmin dronlar Azərbaycanın Xəzər dənizindəki enerji infrastrukturuna, eləcə də istənilən şəhərə asanlıqla çata bilər".
İranın uzaqmənzilli "Şahed" dronu təxminən 1500 kilometr qət edə bilir.
Azərbaycanın İranla sərhədi təxminən 700 kilometrdir.
Ekspertlər Bakının İsraillə sıx əlaqələrinin onu İran üçün potensial hədəfə çevirdiyini deyirlər. Azərbaycan İsrailə əsas neft tədarükçülərindən biridir. İsrail isə Bakıya silah və dron satır.
ABŞ-də yaşayan İran üzrə təhlilçi Aleks Vatanka müharibə başlamazdan öncə deyirdi: "İsrail İranın enerji infrastrukturunu vursa, Tehran Azərbaycanın enerji obyektlərini potensial hədəf kimi görə bilər, çünki israillilər enerjinin böyük hissəsini Azərbaycandan alır".
İsraillə əlaqələri güclənən Bakı dəfələrlə bəyan edib ki, heç bir ölkənin İran əleyhinə hərbi əməliyyatlar üçün öz ərazisindən və ya hava məkanından istifadə etməsinə icazə verməyəcək.