Keçid linkləri

2026, 20 Aprel, bazar ertəsi, Bakı vaxtı 11:55

Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gedib

Türkiyə Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda
Türkiyə Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda
Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dronlar düşüb. Prezident İlham Əliyev hadisəni "terror aktı" kimi pisləyib, İrandan üzrxahlıq tələb edib. Tehran isə Azərbaycanı, qonşu ölkələri hədəfə almadığını bildirib.

+++

Martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar.

M.Tokel bölgədə sabitliyin gücləndirilməsi, təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq, istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib.

Şuşa bəyannaməsi 2021-ci il iyunun 15-də Şuşa şəhərində iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış sənəddir.

Bu səfərdən öncə, martın 5-də Naxçıvana dron hücumu olub. Azərbaycan hakimiyyəti dörd nəfərin xəsarət aldığı bu hücuma görə İranı günahlandırıb. Amma İran rəsmiləri bu məsələdə əllərinin olmasını təkzib ediblər.

10 mart

Azərbaycan İrana humanitar yardım göndərir

Azərbaycandan İrana humanitar yardım göndərilir. AZƏRTAC-ın xəbərinə görə, yardım Fövqəladə Hallar Nazirliyinin avtomobilləri vasitəsilə yola salınır.

Humanitar yardımın tərkibinə 30 tona yaxın qida məhsullarının daxil olduğu açıqlanıb. Yardıma 10 ton un, 6 ton düyü, 2.4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, həmçinin 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxildir.

9 mart

Azərbaycanla İran arasında yüklərin daşınması bərpa olunub

Azərbaycan ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış martın 9-u saat 10:00-dan bərpa olunur.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Martın 5-də Azərbaycan İranla sərhəddə yük maşınlarının hərəkətini dayandırmışdı. Buna səbəb kimi həmin gün Naxçıvana dron hücumları göstərilirdi. Prezident İlham Əliyev baş verənlərə görə İranı günahlandırmışdı.

Bakıdan Naxçıvana birbaşa uçuşlar bərpa edilib

"Azərbaycan Hava Yolları" (AZAL) martın 9-dan etibarən Bakıdan Naxçıvan istiqamətində birbaşa uçuşları bərpa edib. Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Martın 5-də Naxçıvan Muxtar Respublikasına (MR) dron hücumlarından sonra Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bütün birbaşa reyslər ləğv olunmuşdu.

Əvəzində Bakıdan Naxçıvana gedəcək ölkə vətəndaşları Türkiyənin qonşu İğdır şəhərinə uçur, oradan isə avtobuslarla Naxçıvana qayıdırdılar.

Naxçıvan MR ilə Azərbaycanın digər ərazilərinin quru sərhədi yoxdur.

8 mart

Pezeşkian Əliyevə zəng edib

Martın 8-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək hadisənin araşdırılacağını bildirib.

Xəbərə görə, Əliyev də hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.

Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Azərbaycanla İran, əsasən, nəqliyyat, energetika və iqtisadi sahələrdə birgə layihələr həyata keçirir. Əsas layihələrə Araz çayı üzərində Xudafərin, Qız Qalası hidroqovşağının tikintisi, "Şimal-Cənub" nəqliyyat dəhlizi daxildir.

ABŞ-dan dəstək

"Amerika Birləşmiş Ştatları İran rejiminin 5 mart tarixində Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbi hədəf alan səbəbsiz dron hücumunu qətiyyətlə pisləyir". ABŞ-nin Azərbaycandakı səfirliyinin martın 8-də yayılan açıqlamasında belə bildirilir.

Vurğulanır ki, "bu zərbələr Azərbaycanın suverenliyinin kobud şəkildə pozulması olmaqla yanaşı, İranın təcavüzkar davranışının əsassız şəkildə eskalasiyasıdır".

"Amerika Birləşmiş Ştatları bu təhdidlər qarşısında Azərbaycanla tam həmrəylik nümayiş etdirir. Bölgədəki tərəfdaşlarımızın ərazisinə qarşı hücumlar qəbuledilməzdir və belə hallara ABŞ-ın həmin tərəfdaşlara qətiyyətli dəstəyi ilə cavab veriləcək", - açıqlamada deyilir.

Naxçıvana dron hücumunu niyə önləmək mümkün olmayıb?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
6 mart

Azərbaycan İrandakı diplomatlarını təxliyə edir

"Əlavə təhlükəsizlik tədbirləri çərçivəsində Tehrandakı səfirliyimizin və Təbrizdəki baş konsulluğumuzun evakuasiyası barədə göstəriş verilib". AZƏRTAC-ın xəbərinə görə, bunu martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

5 mart

Əraqçi Bayramova zəng vurub

Martın 5-də İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Bayramov İran tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumlarını pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib.

"İran naziri Naxçıvan ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib", - məlumatda vurğulanıb.

"İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb", - Azərbaycan XİN-in məlumatında əlavə edilib.

Azərbaycan və Türkiyə prezidentləri danışıb

Martın 5-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

President.az saytının məlumatına görə, Türkiyə prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvana dron hücumunu qınadığını deyib, Azərbaycan xalqına dəstəyini ifadə edib.

Naxçıvana dronla zərbələr endirilib

Martın 5-də Naxçıvan şəhər aeroportu dronla vurulub. Bu barədə muxtar respublika sakinləri bildirib.

Daha bir neçə dronun digər yerlərə düşdüyü vurğulanır.

"Reuters" Azərbaycan hökumətinə yaxın mənbəyə istinadla yazır ki, İrandan Naxçıvan aeroportu yaxınlığına raket və dronlar düşüb.

Naxçıvan Beynəlxalq Aeroportu İranla sərhəddən 10 km məsafədə yerləşir.

Naxçıvan sakinləri AzadlıqRadiosuna deyib ki, muxtar respublikada ali və orta məktəblərdən valideynlərə təcili gəlib uşaqlarını götürmək tapşırılıb. "Polis insanları sıx, bir yerə toplaşmağa qoymur. Onları evlərinə getməyə, təhlükəsizlik qaydalarına əməl etməyə çağırır", - sakinlərdən biri vurğulayıb.

Naxçıvanda dron hücumu ilə bağlı cinayət işi başlanıb

Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun məlumatına görə, "Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və işinə əhəmiyyətli ziyan vurulub... Naxçıvan-Bakı istiqaməti üzrə 264 nömrəli reysi həyata keçirməli olan təyyarə havada olarkən təhlükəsizlik məqsədilə Bakı istiqamətində geri qayıtmağa məcbur olub".

"Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", - Baş Prokurorluq əlavə edib

Hadisə nəticəsində dörd mülki şəxsin xəsarət aldığı bildirilir. Onlardan üçünün hava limanının əməkdaşı, birinin isə sərnişin olduğu vurğulanır.

Tehran Azərbaycanı hədəfə almadığını bildirir

"Tehran qonşu ölkələri hədəfə almır". Bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "AnewZ" televiziyasına müsahibəsində deyib. O, Naxçıvan aeroportunun dronlarla vurulması xəbərini belə şərh edib. "Yalnız düşmənlərimizin hərbi bazaları olan ölkələr hədəfə alınacaq", - Qəribabadi bildirib.

Nazir müavini bu insidentlə bağlı xəbərləri araşdıracağını sözlərinə əlavə edib.

Bundan öncə İranın Silahlı Qüvvələri Azərbaycanın dronlarla hədəfə alınması xəbərlərini təkzib edib.

AMN İranın dörd dron yönəltdiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) İran tərəfinin təkzibini məqbul saymır.

"Texniki vasitələrlə təsbit edilmişdir ki, İran Silahlı Qüvvələri tərəfindən dörd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktları törətmək üçün yönləndirilib", - nazirlik vurğulayıb.

"Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb, digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Orta məktəb binasını hədəfə alan pilotsuz uçuş aparatı xoşbəxtlikdən hədəfə yetişməyib, məktəbin yaxınlığında yerə çırpılaraq partlayıb", - AMN əlavə edib.

Rauf Mirqədirov
Rauf Mirqədirov

Mirqədirov: "Azərbaycan və Türkiyə hadisələrin təhlükəli gedişinə hazırlaşmalıdır"

"Naxçıvan Muxtar Respublikasının beynəlxalq aeroportuna dron hücumu təsadüf də ola bilər, vəziyyətin kəskin şəkildə ağırlaşdırırılması ilə bağlı da". Bunu AzadlıqRadiosuna siyasi icmalçı Rauf Mirqədirov deyib. Onun fikrincə, məntiqlə İranın Türkiyə və Azərbaycana hücum etməsi ilə bağlı hər hansı bir əsas yoxdur, onlar bitərəfliyi qoruyub saxlamağa çalışırlar.

R.Mirqədirovun vurğulamasına görə, İranda rejimin devrilməsinə İraqdakı kürd əsilli yaraqlıların qoşulmasına dair məlumatlar eşidilir və bu da vəziyyəti gərginləşdirir: "Bu gün Azərbaycanda çoxları İran rejimi üçün yas tutur. Yas tutmaq lazım deyil. Mövcud təhdidləri nəzərə almaq lazımdır. Rejimin gec-tez dağılacağının qaçılmaz olduğunu nəzərə alaraq, çoxdan hadisələrin inkişafına hazır olmaq lazım idi. Bu, İranın parçalanmasına və ya konfederasiyaya çevrilməsinə start verə biləcək hadisədir".

R.Mirqədirova görə, baş verənlər Azərbaycan və Türkiyədən birlikdə hadisələrin təhlükəli gedişinə hazırlaşmaq tələb edir.

XS
SM
MD
LG