Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:49

Hadı Rəcəblinin cangüdəni: 'İcra başçısı öz xasiyyətnaməsini mənə yazıb'


Nardaranda əməliyyat
Nardaranda əməliyyat

Nardaran hadisələrinə görə həbs olunub, ondan çox ağır maddə ilə suçlanan ilahiyyatçılar Zülfüqar Mikayılov, Elman Ağayev və daha 10 nəfərin məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində on aydan çoxdur davam edən və şərti olaraq «Nardaran-3» adlandırılan bu işdə məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilən 12 nəfərə 14 ildən 16 ilə qədər həbs cəzası istəyib. Artıq vəkillərin çıxışları da başa çatıb. Oktyabrın 23-də Nardaran məhbusları son sözlərini deməyə başlayıblar.

Amma təqsirləndirilən şəxslər son sözə başlamazdan öncə prokuror əvvəlki məhkəmələrdə vəkillərin çıxışlarında səslənən fikirlərə münasibət bildirib. Deyib ki, təqsirləndirilən şəxslərə verilmiş terrorçuluq, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama kimi ittihamların sübut olunmadığı haqda fikirlər yanlışdır. Dövlət ittihamçısı iddia edib ki, ortaya kifayət qədər sübutlar qoyulub.

«PROKUROR ORTAYA SÜBUT YOX, HAKİMLƏRİN ÜZƏRİNƏ YÜK QOYDU»

Elxan Həsənovun vəkili Ramiz Məmmədov prokurora etiraz edib. Deyib ki, ittiham tərəfi ortaya sübut yox, hakimlərin üzərinə yük qoyub:

***Buna da bax-Nardaran işi-3: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

«Hökmdə hakimlər prokurorluğun əvəzinə ittihamları əsaslandırmaq məcburiyyətində qalacaq».

Başqa bir vəkil Zibeydə Sadıqova da ortaya heç bir ciddi sübut qoyulmadığını söyləyib. Vəkilin sözlərinə görə, prokurorun «sübut» dediyi polislərdən ibarət şahid ifadələridir. O ifadələri də təqsirləndirilən şəxslər rədd edir:

«Burada ancaq ittiham tərəfinin şahidləri dindirildi – polislər. Müdafiə tərəfinin vəsatətləri təmin olunmadı, istədiyi şahidlər dindirilmədi».

«CİNAYƏT İŞİNİ OXUYANDA ADAMIN GÜLMƏYİ GƏLİR»

Ardınca təqsirləndirilən şəxslərin son sözləri başlayıb. Təqsirləndirilən şəxslərdən ilk çıxış edən Lənkəran sakini Elxan Həsənov olub. Vaxtilə deputat Hadı Rəcəblinin şəxsi cangüdəni olduğunu deyən E.Həsənovun sözlərinə görə, onun özünün tələbəsi olan idmançılar beynəlxalq yarışlarda iştirak edib, mükafatlar qazanıblar. Ona qarşı irəli sürülmüş bütün ittihamların yalan olduğunu söyləyən Nardaran məhbusu deyir ki, 2015-ci ilin noyabrında hadisələr vaxtı Kərbəla ziyarətində olub. E.Həsənov onun radikal olması haqda rəy vermiş Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu da ittiham edib:

«Öz xasiyyətnaməsini mənə yazıb».

Üzərində və evində heç bir silah olmadığını, protokollarda yazılan silah-sursatın evə polislərin özləri tərəfindən qoyulub-götürüldüyünü deyən E.Həsənov özü də daxil, məhkəmə önünə çıxarılanların hamısının günahsız olduğunu bildirib:

***Buna da bax-Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

«Belə çıxır ki, məni İmam Hüseynə yas saxladığıma görə tutublar. Cinayət işini oxuyanda adamın gülməyi gəlir. Bizi həbs eləyənlər, yalan ittihamları günahsız adamlara verənlər burada oturmalıdır, biz yox. Mən dünyada bayrağımızı ucaltmışam, ölkəmi təmsil etmişəm. Bu dövləti biz qurmuşuq, niyə çevriliş edək axı?! Vaxtilə Lənkəranı parçalanmağa kim qoymadı? Nə oldu, bütün bu proseslər başa çatandan, hər şey düzələndən sonra indiki məmurlar çıxıblar ortaya...».

E.Həsənov çıxışının sonunda hakimlərə də müraciət edib:

«Onsuz da hər şey sifarişlə həll olunacaq. Belədirsə, daha siz orada niyə oturmusuz?».

«İMANINIZ OLMASA DA, HEÇ OLMASA, MƏRD OLUN...»

Digər təqsirləndirilən, 70 yaşlı Əli Hüseynov da günahsız olduqlarını söyləyib. Bildirib ki, onların heç birindən terrorçu çıxmaz. Çünki hər biri ölkəsini canı qədər sevən adamlardır:

«Oğlum hərbi xidmətə gedəndən beş ay sonra evə gəldi. Məlum oldu ki, güllə atmaq yarışında birinci yerə çıxıb, mükafat olaraq, evə göndəriblər. Oğlum deyirdi ki, başqaları bilərəkdən düzgün vurmurdular, birdən döyüşlər başlasa, onları dərhal aparmasınlar. Mənim oğlum isə hədəfə vurub. Soruşdum ki, sən niyə belə elədin? Cavab verdi ki, başqa cür hərəkət eləsəydim, günah olardı. Biz belə uşaqlar tərbiyə eləmiş adamlarıq...».

Ə.Hüseynov deyir ki, əksinə, günahsız insanları bu cür ağır cinayətlərdə şərləyənlər dövlətini, xalqını sevməyən adamlardır.

***Buna da bax-Əhsən Nuruzadənin anası: 'Narkotik satan bu gündə yaşayar?!'

«İmam Hüseyn deyirdi ki, imanınız olmasa da, heç olmasa, mərd olun...», - Ə.Hüseynov son sözünü belə yekunlaşdırıb.

Təqsirləndirilən Mehman Quliyev isə səhhətində ciddi problemlər olduğunu, bu üzdən danışa bilmədiyini deyərək, son sözünü yazılı şəkildə məhkəməyə təqdim edib.

Məhkəmə oktyabrın 30-da digər təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) maddələrlə ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG