Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:02

Əhsən Nuruzadənin anası: 'Narkotik satan bu gündə yaşayar?!'


Zeynəb Hüseynova

«Vallah, mənim balam narkotik satıb eləmir. Narkotik satan adam bu vəziyyətdə yaşayar, evi bu gündə olar? Evimiz başımıza uçur. Mən əhəng alıb divarıma çəkə bilmirəm. Əhsənin pulu olsa, alıb evinə böyük stol qoyardı. Mənim oğlum beş manat qazananda uşaqları üçün çörəyə verirdi. Biz ancaq ona çalışırıq ki, bir tikə çörək tapaq, o uşaqlar ac qalmasınlar...», – narkotik satışı suçlaması ilə həbs olunan dindar fəal Əhsən Nuruzadənin anası Zeynəb Hüseynovanın sözləridir.

Oktyabrın 6-da evinin yaxınlığında mülkigeyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılan Ə.Nuruzadədən dörd gün sonra xəbər çıxdı. Məlum oldu ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun barəsində CM-nin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə cinayət işi başlanıb, özü də artıq Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasındadır.

***Buna da bax-'Əhsən Nuruzadə dörd gündən sonra tapıldı, amma... '

«PARÇA ALIB BAYRAQ TİKDİRİRDİ»

Bu xəbərdən sonra Əhsənin anası Zeynəb Hüseynova və vəkili Yalçın İmanov birgə mətbuat konfransı keçirib.

Z.Hüseynova deyir ki, oğlu günahsızdır, onu həbsdə olan ilahiyyatçı Taleh Bağırovun müdafiəsindən çəkilmədiyinə, mitinqlərdə iştirakına görə narkotiklə şərləyib cəzalandırıblar:

«Mənim balam üç dəfə oğurlanıb. Birinci dəfə yanvarda altı gün balamdan xəbər tuta bilmədim, sonra dedilər ki, guya söyüş söydüyünə görə 10 sutka veriblər. İkinci dəfə sentyabrda yenə evin yaxınlığından oğurladılar, dörd gün xəbər çıxmadı. Sonra bir vəkil zəng elədi ki, yenə 10 sutka veriblər. Bu da üçüncü dəfə... Yenə dörd sutka idi ki, balamdan xəbər yox idi. Hansı orqana müraciət edirdiksə, deyirdilər ki, «xəbərimiz yoxdur, axtarırıq». Bu gün yaşadığımız azad Azərbaycan dövləti mənim oğlum və onun kimilərin sayəsində var olub. O dövrdə az yaşına baxmayaraq, mitinqlərə gedirdi, döyülüb-söyülürdü bu dövlətin yolunda. Evdən pul götürüb parça alıb bayraq tikdirirdi. Qarabağda vuruşub, böyrəkləri xəstəlik tapıb. Nəyə görə? Bundan ötrü ki, balamı belə damğalasınlar?».

Əhsən Nuruzadə
Əhsən Nuruzadə

AİLƏ 190 MANATIN ÜMİDİNƏ QALIB

Ə.Nuruzadənin iki azyaşlı qızı olduğunu, həyat yoldaşının heç yerdə işləmədiyini deyən Z.Hüseynovanın sözlərinə görə, ailə onun aldığı 190 manatlıq pensiyanın ümidinə qalıb:

«Əhsən özü ev təmir edən qohumların əlinin altında fəhlə işləyib, balalarını dolandırırdı. Yoldaşının, balalarının üzünə baxa bilmirəm. Mən xəstə adamam, bu 190 manatla uşaqları dolandırım, Əhsənin yanına gedim? Ömrümə zəmanət almamışam ki, o, buraxılıb gələnə qədər balalarının üstündə olacam. Belə insafsızlıq olar?».

***Buna da bax-Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb

Z.Hüseynova Birinci-vitse prezident Mehriban Əliyevaya da müraciət edib. Deyir ki, o da üç övlad anasıdır, yəqin başa düşər ki, darda olan balanın anası nə çəkir:

«Əhsən mənim tək oğul balamdır. Onu günahsız yerə tutublar. Bu mənim balama şərdir, böhtandır...».

Vəkil Yalçın İmanov bildirib ki, Ə.Nuruzadənin həbsi də, ona qarşı irəli sürülmüş ittihamlar da əsassızdır. Ona görə də onun barəsində həbs-qətimkan tədbiri seçilməsinə dair Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək:

«Bu həbs Əhsənin ictimai fəaliyyəti ilə bağlıdır. Ona xəbərdarlıq olunmuşdu ki, geri çəkilməsə, uzunmüddətli həbsə göndəriləcək. İctimai-siyasi baxımdan fəal adamlara qarşı narkotik ittihamı artıq ənənə halını alıb».

XATIRLATMA

«Müsəlman Birliyi» Hərəkatının üzvü, «Nardaran işi» üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Ə.Nuruzadə ilk dəfə yanvarın 24-də evinin yaxınlığında tutulmuşdu. Yalnız yanvarın 30-da onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olmuşdu. Həmin gün vəkilə Ə.Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Eyni hal sentyabrın 19-da təkrarlanmışdı. Həmin gün o, evdən mağazadan siqaret almaq adı ilə çıxmış və mülkigeyimlilər tərəfindən saxlanılaraq aparılmışdı. Dörd gün sonra ailəsinə zəng edərək bildirilmişdi ki, Əhsən yenə BMCMİ-nin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib, ona görə də 10 sutka inzibati həbs cəzası alıb. Dindar fəal oktyabrın 2-də həbsdən çıxmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG