Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin daha bir aktiv iştirakçısı, sentyabrın 21-dən yoxa çıxan dindar fəal Bəhruz Quliyevdən hələ də xəbər yoxdur.
Yaxınları və vəkili onun yerini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin "102" xidmətindən tutmuş, Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəlif qurumlara müraciət etsələr də, heç bir nəticə əldə edə bilməyiblər. Bu haqda AzadlıqRadiosu-na dindar fəalın vəkili Yalçın İmanov məlumat verib.
Buna da bax: Dörd gündür yoxa çıxan fəala 10 sutka həbs verilib
"Şəxsən mən özüm Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdim, Bəhruz Quliyevin vəkili olduğumu dedim və onun bu idarədə olub-olmadığını soruşdum. Amma heç bir məlumat vermədilər. Nizami rayonu ərazisində yerləşən iş yerindən çıxarkən tutulub aparıldığına görə Nizami Rayon Məhkəməsinə də müraciət elədik. Bildirildi ki, bu məhkəmədə belə bir şəxs haqda inzibati həbs və ya həbs-qətimkan tədbiri qərarı çıxarılmayıb. Nərimanov və Sabunçu rayon məhkəmələrindən də eyni cavabı aldım", – vəkil bildirib.
“QARA AVTOMOBİLƏ MİNDİRİB APARIBLAR”
Vəkil sentyabrın 22-də B.Quliyevin evində aparılmış axtarışın ayrıntılarını da açıqlayıb. Həyat yoldaşının bildirdiyinə görə, səhər saat 7 radələrində üçü kişi və biri qadın olmaqla, dörd nəfər axtarışa gəlib. Onlar mülki geyimdə olub və özlərini təqdim etməyiblər: "Evdən Bəhruzun kompüterini, üzərində Taleh Bağırovun şəkli olan köynəyi, Müsəlman Birliyi Hərəkatının loqosu olan fincanı və hərəkatın anket vərəqini götürüblər. Həyat yoldaşı Bəhruzun yerini soruşsa da, heç bir məlumat verməyiblər".
Buna da bax: Həbsdən buraxılan 14 Nardaran məhbusu kimlərdir?
Bəhruz Quliyev sentyabrın 21-də Nizami rayonu ərazisində işlədiyi ticarət mərkəzindən çıxarkən dörd nəfər mülki geyimli tərəfindən saxlanılıb. Ticarət mərkəzində çalışanlar onun ailə üzvlərinə deyib ki, həmin şəxslər Bəhruzu məcburi şəkildə qara rəngli avtomobilə mindirib aparıblar.
Başqa bir dindar fəal Əhsən Nuruzadə də sentyabrın 19-dan yoxa çıxmışdı. Yalnız ayın 22-də axşam saatlarında onun yeri haqda ailəsinə məlumat verildi. Bəlli oldu ki, o, bu müddətdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Sentyabrın 22-də isə idarənin qarşısından keçərkən söyüş söymə, onu intizama dəvət edən polislərin göstərişinə tabe olmama suçlaması ilə məhkəmə önünə çıxarılaraq, 10 sutka inzibati həbs cəzası verilib.
* * *
Sentyabrın 21-də işlədiyi ticarət mərkəzindən evinə gedərkən mülki geyimli şəxslər tərəfindən məcburi şəkildə maşına mindirilib naməlum istiqamətdə aparılan dindar fəal Bəhruz Quliyev tapılıb. Bu haqda AzadlıqRadiosu-na onun vəkili Yalçın İmanov məlumat verib.
Vəkil bildirib ki, B.Quliyev ötən dörd gün ərzində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırmış. O, sentyabrın 25-də axşam saatlarında buraxılıb.
Vəkil deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsin yerini müəyyənləşdirmək məqsədi ilə bu idarəyə müraciət etsə də, ona məlumat verməkdən imtina etmişdilər.