Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:08

'Əhsən Nuruzadə dörd gündən sonra tapıldı, amma... '


Nardaranlı fəal Əhsən Nuruzadə
Nardaranlı fəal Əhsən Nuruzadə

Oktyabrın 6-da yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən maşına mindirilib naməlum istiqamətə aparılan dindar fəal Əhsən Nuruzadə dörd gündən sonra tapılıb.

Məlum olub ki, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasındadır. Oktyabrın 9-da axşam saatlarında təcridxanaya gətirilənə qədər isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırmış. Bu haqda AzadlıqRadiosu-na Ə.Nuruzadənin vəkili Yalçın İmanov məlumat verib.

Buna da bax:​ Dindar fəalın evindən fincan, köynək və kompüter aparılıb [yenilənib]

Vəkil bildirib ki, Ə.Nuruzadəyə CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İstintaqı da BMCMİ aparır.

“İndiyədək nə vəkili olaraq mənə, nə də ailə üzvlərinə onun yeri, durumu haqda heç bir məlumat verilməyib. Təsadüfən şəxsi mənbələr vasitəsilə Əhsən Nuruzadəyə verilmiş ittihamdan, haqqındakı qərardan xəbər tuta bildim”, – Y.İmanov bildirib.

“ONA XƏBƏRDARLIQ ELƏMİŞDİLƏR”

Vəkil hesab edir ki, narkotik ittihamı bundan öncə iki dəfə BMCMİ-də Ə.Nuruzadəyə edilmiş xəbərdarlığın nəticəsidir: “İstər yanvarda onu bir neçə gün saxlayıb, sonra 10 sutka inzibati həbs cəzası veriləndə, istərsə də ikinci dəfə sentyabrın 19-da evinin yanından aparıb, 4 gün o idarədə saxlayıb 10 sutka veriləndə ona xəbərdarlıq eləmişdilər. “Bandotdel”də ona demişdilər ki, kənara çəkilib sakit oturmasan, cinayət işi qaldırıb, səni uzunmüddətli həbsə göndərəcəyik. Deyildiyi kimi də oldu”.

Buna da bax: Nardaranlı fəaldan hələ də xəbər yoxdur

Müsəlman Birliyi Hərəkatının üzvü, Nardaran işi üzrə məhkəmə proseslərinin fəal iştirakçılarından biri olan Ə.Nuruzadə ilk dəfə yanvarın 24-də də evinin yaxınlığında mülki geyimlilər tərəfindən saxlanılaraq, bilinməyən istiqamətdə aparılmışdı. Yalnız yanvarın 30-da onun BMCMİ-də saxlanıldığı bəlli olmuşdu. O vaxta qədər isə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, yerini öyrənə bilmirdilər.

Yanvarın 30-da vəkilə Ə. Nuruzadənin yeri haqda məlumat veriləndən sonra bildirilmişdi ki, bu idarənin qarşısından keçəndə söyüş söyüb, onu intizama dəvət edən polis əməkdaşlarının tələbinə tabe olmayıb. Ona görə də 10 sutka inzibati həbs cəzası alıb.

Eyni hal sentyabrın 19-da təkrarlanmışdı. Həmin gün o, evdən mağazadan siqaret almaq adı ilə çıxmış və mülki geyimli üç nəfər tərəfindən saxlanılaraq aparılmışdı. Dörd gün ondan xəbər çıxmadı. Sentyabrın 22-də axşam saatlarında ailəsinə zəng edərək bildirdilər ki, Əhsən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən telefon danışığında bu qurumun ünvanına təhqiramiz ifadələr işlədib, onu intizama dəvət edən polislərə müqavimət göstərib, ona görə də Nərimanov rayon məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

Buna da bax:​ 'Bandotdel' dindar fəalın telefonunu qaytarmır

Ə.Nuruzadə inzibati həbsdən oktyabrın 2-də buraxılmışdı.

O, həm yanvarda, həm də sentyabrda təcridxanada vəkili ilə görüşərkən bildirmişdi ki, söyüş söyməsi, polisə müqavimət göstərməsi haqda protokolda yazılanlar yalandır. Onu elə əvvəldən evinin yaxınlığından BMCMİ əməkdaşları tutub aparıb, orada Müsəlman Birliyi Hərəkatının maliyyəsi, qurumun sədri Taleh Bağırov, Milli Şuranın mitinqi haqda suallar veriblər.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Buna da bax: Əhsən Nuruzadənin həbsindən şikayət verilib

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG