Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'


Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası
Gündüz Ağayevin "Nardaran işi" məhkəməsi illisturasiyası

“Günahsız adamlara “terrorçu” damğası vurmaq nə hüquqa sığar, nə insanlığa... Neçə aylardır məhkəmə gedir, adamlar gəlib izləyir, eşidir. Məhkəmə qarşısına çıxarılan adamların günahkar olduğuna onları inandıra bildinizmi? Əlbəttə ki, yox, mümkün deyil. Ortada əksəriyyəti polislərdən ibarət şahidlərdən başqa heç bir sübut yoxdur. Bu adamlar terrorçu deyil, günahsızdır”, – Nardaran əməliyyatından sonra həbs olunan ilahiyyatçı Zülfüqar Mikayılovun vəkili Rüstəm Zülfüqarovun sözləridir.

O, oktyabrın 16-da Nardaran işi üzrə ağır maddələrlə ittiham olunan üçüncü qrupun məhkəməsində belə deyib.

Buna da bax: Nardaran işi-3: Telefonda Allahşükür Paşazadənin müavininin fotosu...

Bakı Ağır Cinayətlər Məhkəməsində on aydır ki, mühakimə olunan üçüncü qrupa Z.Mikayılovla yanaşı, daha 11 nəfər daxildir. Onların işi üzrə məhkəmə istintaqı yekunlaşıb, prokuror da çıxış edib, təqsirləndirilən şəxslərə 14 ildən 18 ilə qədər həbs cəzası istəyib. Ən ağır cəzanın (18 il) Z.Mikayılova verilməsini təklif edib. Hazırda məhkəmədə vəkillərin çıxışı mərhələsidir.

"Nardaran işi" məhkəməsi qarşısında
"Nardaran işi" məhkəməsi qarşısında

“BƏZİ ŞAHİDLƏRİ BİR NEÇƏ GÜN SAXLAYIBLAR”

İlahiyyatçının vəkili isə deyir ki, bu məhkəmə Z.Mikayılov da daxil, təqsirləndirilən şəxslərin təqsirsizliyini ortaya qoydu. Müdafiəçi bildirib ki, təqsirləndirilən şəxslər ağlasığmaz işgəncələrə məruz qalıb. Təkcə özləri ilə kifayətlənməyiblər, onların əleyhinə ifadə almaq üçün şahidlərə qarşı da zorakılığa yol verilib: “Bəzi şahidləri bir neçə gün saxlayıb, bu adamların əleyhinə istədikləri ifadəni alandan sonra buraxıblar”.

Vəkil R.Zülfüqarov hesab edir ki, Nardaran hadisələrinə görə həbs olunan və sonradan üç ayrı qrup kimi məhkəməyə göndərilən şəxslərin işinə birlikdə baxılmalıydı.

Buna da bax: Siyasilərin 'psixuşka'ya salınması halları arta bilərmi?

Digər təqsirləndirilən Mehman Quliyevin vəkili Zibeydə Sadıqova çıxışında öncə Nardaran hadisələrindən sonra həbs olunan şəxslərin hamısının qanunsuz silah saxlamaqda suçlanmasından danışıb. Vəkil deyir ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyatdan sonra qəsəbə mühasirəyə alınmışdı, hətta çörək maşınlarını da buraxmırdılar. Mehman Quliyev də həmin vaxt həbs olunub: “Bu cür nəzarət altında adamların özlərində silah saxlaması, daşıması qətiyyən inandırıcı deyil. Necə olur, bu adamların hamısından silah-sursat çıxır? Guya, adamlar özləri razılıq veriblər ki, gəlin, evimizdə axtarış aparın. Razılıq ərizələrinin mətninə baxsaq, görərik ki, təqsirləndirilən şəxslərin hamısında mətn eynidir”.

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

“TƏSADÜFƏN SEÇİLMİŞ HAL ŞAHİDLƏRİ DEYİL”

Buna da bax: E.Sabiroğlu: 'Oğlumu sındırmaq istəsələr də...'

Təqsirləndirilən şəxslərin hamısının həbs olunarkən və ondan sonra istintaq dövründə müdafiə hüququnun pozulduğunu deyən Z.Sadıqova söyləyib ki, qanunsuz yollarla əldə olunmuş sübutların, o cümlədən işgəncə altında alınan ifadələrin hüquqi qüvvəsi yoxdur. Qanun da bunu qadağan edir: “Guya evlərdən silah-sursat tapılanda iştirak eləmiş hal şahidləri var, onların adlarına başqa işlərdə də rast gəlirik. Deməli, bunlar təsadüfən seçilmiş hal şahidləri olmayıb”.

Buna da bax:​ Ana: 'Deyirlər, Bayramı döyüblər. Döymək nədir? Vandalizmdir bu...'

Mehman Quliyevin atası ilə birlikdə saxlandığını deyən vəkilin sözlərinə görə, onu Sabunçu Rayon Polis İdarəsinə aparıb, orada işgəncə veriblər: “Mehman Quliyevi istintaqda dörd dəfə dindiriblər, Taleh Bağırova qarşı ifadə almağa cəhd göstəriblər. Bu adamın Taleh Bağırovla şəxsi tanışlığı olmayıb, Müsəlman Birliyi Hərəkatının da üzvü deyil”.

Z.Sadıqova çıxışının sonunda hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsini, saxlanılanlara işgəncə vermiş polislərin cinayət məsuliyyətinə cəlb olunması üçün onların haqqında xüsusi qərardad çıxarılmasını istəyib.

Məhkəmə oktyabrın 23-də davam edəcək.

Buna da bax: Fikrət Hüseynli: Məni Əfqan kimi oğurlamaq istəyirlər [Yenilənib]

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölüm hadisələri bu qarşıdurmada baş verib.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, onun müavini Abbas Hüseynova 20 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG