Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 02:39

Vəkil: 'Deputat Əfqan Muxtarlı işi üzrə dindiriləcək'


Elman Nəsirov

Bu gün, iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi həbsdəki jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması istəyi ilə bağlı aşağı məhkəmənin rədd qərarından verilən şikayəti də təmin etməyib.

Ə.Muxtarlının da iştirak etdiyi məhkəmə prosesi qapalı olub.

Proseslə bağlı AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Buna da bax:​ Muxtarlının işi Gürcüstan deputatlarının müzakirəsində

Şikayətə hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası baxıb. Jurnalistin vəkilləri Elçin SadıqovNemət Kərimli Ə.Muxtarlının ev dustaqlığına buraxılmasından ötrü heç bir hüquqi əngəlin olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıblar.

Ancaq məhkəmə heyəti gətirilən arqumentləri diqqətə almayaraq şikayəti rədd edib.

Elçin Sadıqov
Elçin Sadıqov

İyunun 20-də Nəsimi Rayon Məhkəməsi Əfqan Muxtarlının ev dustaqlığına buraxılmasından imtina etmişdi.

Buna da bax:​ Leyla Mustafayeva: 'Azərbaycana gəlməyim əllərinə kart verəcək'

E.Sadıqov qərarla razılaşmadıqlarını, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Vəkil Əfqan Muxtarlının işi ilə bağlı bəzi yeniliklərin olduğunu da açıqlayıb.

Səhhətində problemlər qalır

“Əfqan Muxtarlının səhhətində problemlər davam edir. Ancaq əlaqəli qurumlara müraciət olunsa da, ona yardım göstərilməsi ilə bağlı gərəkli addımlar atılmır”, – deyən vəkil jurnalistin qanuni maraq kəsb edən şəxslərlə görüşməsinə də imkan verilmədiyini bildirib. Onun sözlərinə görə, bu, təqsirləndirilən şəxslərin qanunvericilikdə təsbit olunmuş hüquqlarını pozur.

Buna da bax:​ Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib

E.Sadıqov əlavə edib ki, Ə.Muxtarlı Gürcüstanın Azərbaycandakı səfirliyinin onunla maraqlanmamasından narazıdır.

“Jurnalist Gürcüstan səfirliyinin nümayəndəsinin yolunu gözləyir”

“Jurnalist hələ də, Gürcüstanın Azərbaycandakı səfirliyinin nümayəndəsinin onunla görüşə gələcəyini gözləyir. Bundan əvvəl Ə.Muxtarlının səfirliyə müraciəti olmuşdu. O, hesab edir ki, Gürcüstan hökuməti onun Tbilisdən oğurlanıb gətirilməsinə aydınlıq gətirməlidir”.

Jurnalistin işi "Meydan TV"nin cinayət işi ilə birləşdirilib

Vəkil həmçinin deyib ki, Əfqan Muxtarlı ilə bağlı açılmış cinayət işi bir neçə il əvvəl açılan başqa bir cinayət işi ilə - Almaniyadan fəaliyyət göstərən Meydan TV internet televiziyasının cinayət işi ilə birləşdirilib. İki cinayət işinin birgə araşdırılacağını söyləyən vəkil istintaq qrupuna əlavə şəxslərin cəlb olunacağını xəbər verib.

Buna da bax: Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

Vəkilin deməsinə görə, Əfqan Muxtarlının işi ilə bağlı daha bir yenilik deputat Elman Nəsirovun işə cəlb edilməsi ilə bağlıdır.

Deputatın da dindirilməsi gözlənir

“İTV-nin əməkdaşının və deputat Elman Nəsirovun Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana gətirilməsinin xüsusi əməliyyat olması haqda açıqlaması olmuşdu. Biz bununla əlaqədar vəsatət vermişdik. İTV-nin “Carçı” proqramının əməkdaşının və deputatın istintaqa cəlb edilib dindirilməsini istəmişdik. Bu vəsatətlərimizi istintaq təmin edib”, - deyə vəkil bildirib.

Ancaq sonra deputat Elman Nəsirov əvvəlki fikirlərindən imtina edərək yanlışlığa yol verdiyini bildirib.

Buna da bax:​ Deputat: 'Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb?'

Vəkilin jurnalistin bəzi yaxınları ilə görüşünə icazə verilmədiyi və səhhətində problemlərin qaldığı haqda dediklərinə isə, hələlik, Penitensiar Xidmətdən açıqlama almaq mümkün olmayıb.

Bir müddət əvvəl vəkilləri demişdi ki, təcridxanada həkimlər Əfqan Muxtarlını müayinə edib:

“Həkimlər təcridxanada Ə.Muxtarlının şəkərini yoxlayıb. Onlar rəy veriblər ki, jurnalistin şəkəri çox yüksəlib və təhlükəli həddədir. Həkimlər resept də yazıblar. Ancaq təcridxanada Ə.Muxtarlı dərmanla təmin edilməyib”, - vəkil demişdi.

Buna da bax:​ Vəkil: ‘Əfqan Muxtarlının ürəyində ağrılar var’

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ Dövlət Sərhəd Xidməti: '10 min avronu bir neçə dəfə sayıblar...'

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

İki il əvvəl, 2015-ci ildə “Meydan TV”nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi:

«Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Buna da bax:​ 'Əliyev hökuməti KİV azadlığı izlərini məhv edir'

Emin Milli ittihamları əsasız və uydurma adlandırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG