Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 07:57

Deputat: 'Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb?'


E.Nəsirov
E.Nəsirov

«Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq nümayiş etdiriblər. Peşə vərdişlərinə uyğun olaraq, bu addımı atıblar».

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov AzadlıqRadiosuna müsahibəsində jurnalist Əfqan Muxtarlının həbsindən danışarkən belə deyir.

Deputat Elman Nəsirov: «Əfqan Muxtarlı satqındır»
Gözlə

No media source currently available

0:00 0:12:35 0:00
Direct-ə keçid

– Elman bəy, Azərbaycan adambaşına düşən siyasi məhbus sayına görə dünyada liderdir. Bu barədə «Freedoom House» təşkilatının hesabatında deyilir, hesabata görə, təxminən 10 milyonluq ölkədə 80-100 nəfər siyasi məhbus var. Azərbaycan bu siyahıda Çini belə ötür. Deputat kimi qurumun gəldiyi qənaət, bu rəqəm haqda siz nə düşünürsünüz? Niyə ölkədə bu qədər çox siyasi məhbus var?

– Guya insan hüquqlarının müdafiəsində dayandığını elan edən bu təşkilat – «Fredoom House» indiyədək Azərbaycanda atılan müsbət addımlarla bağlı bir kəlmə də ifadə etməyib. Bu təşkilatın fikri-zikri ondan ibarətdir ki, Azərbaycanla bağlı çox qaranlıq mənbələrdən məlumatlar götürsün, ölkəylə bağlı mənfi beynəlxalq rəyin formalaşmasına nail olsun. O ki qaldı 10 milyonluq əhalinin bir 100 nəfəri siyasi məhbusdur yanaşmasına, əvvəla onu deyim ki, beynəlxalq hüquqda siyasi məhbus məsələsinin tərifi yoxdur. Azərbaycanda cinayət üstündə saxlanılan insanlar var, ölkədə hamı qanun qarşısında bərabərdir, həmin məntiqlə də ixtisasından, peşəsindən asılı olmadan hərəkətində, fəaliyyətində cinayət tərkibi olan insanlar layiqli cəzalarını alırlar. Ona görə də Azərbaycan ictimaiyyəti müxtəlif beynəlxalq qüvvələrin əlində alətə çevrilən «Fredoom House» təşkilatının hesabatlarına inanmır. Bir çox hallarda bu hesabatlar Azərbaycanı sevməyən, onun uğurlarını qəbul etməyən mənbələrin məlumatları əsasında hazırlanır.

– «Siyasi məhbus» termini həmişə mübahisə mövzusu olsa da, Azərbaycanda siyasi baxışlarına, siyasi çıxış və fəaliyyətinə görə həbs edilənlər az deyil. Məsələn, Qiyas İbrahimovla Bayram Məmmədov narkotik ittihamıyla 10 il azadlıqdan məhrum edilsələr də, onlar mərhum prezident Heydər Əliyevin heykəlinin üstünə «Qul bayramınız mübarək» yazdıqlarına görə həbs edildiklərini bildirirlər.

– Biz nəyə şahid oluruq. Cinayət yolunu tutan, qanunları pozanlar bir çox hallarda onlara adi cinayətkar kimi deyil, siyasi məhbus kimi yanaşılmasında maraqlı olurlar. Öz cinayətlərini ört-basdır etmək üçün siyasi terminlərdən, siyasi şüarlardan və bəyanatlardan istifadə edirlər. Buna görə də saxlanılanda etdikləri cinayət deyil, vaxtilə səsləndirdikləri siyasi bəyanatlar yada salınır. Bu, cinayətkar əməlini ört-basdır etməkdən başqa bir şey deyil. Heç kimi oturduğu yerdə, qanunlara əməl etdiyinə, vətən sevgisinə görə həbs etməzlər. Bu adamları araşdıranda bəlli olur ki, neçə dairəyə işləyirlər, hansısa sifarişləri yerinə yetirirlər, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğuldurlar və s. Narkotiklə həbs ediləndə bunlara immunitet, özünümüdafiə lazımdır. Bunun üçün də müəyyən məqamlarda, müəyyən yerlərdə siyasi bəyanatlar verirlər, tənqidi, alternativ, bəzən də təhqiredici fikirlər səsləndirirlər. Həbs ediləndə də bunu önə çəkirlər.

– Adıçəkilən gənclər məhz mayın 10-na keçən gecə, tutulmamışdan bir neçə saat öncə Heydər Əliyevin heykəlinə şüar yazmışdılar...

– Məqsədyönlü şəkildə edirlər. Bunu bir gün əvvəl edirlər, amma narkotik satışıyla bir il, beş il əvvəl məşğuluydular. Özlərini sığortalamaq üçün belə addımlar atırlar. Bu, siyasi avantüradır və daha keçməz. Məsələn, Əfqan Muxtarlı kimi adam jurnalist olmayıb, fotoqraflıq edib, sonra da Xədicə İsmayılovanın (AzadlıqRadiosunun araşdırmaçı jurnalisti– red.) cangüdəni olub. Xədicə İsmayılova kimi «Fredoom House» və digər anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilib. Ən qəribəsi budur ki, İsmayılova anti-Azərbaycan qüvvələrin əlində alətdir, Əfqan Muxtarlı isə Xədicə İsmayılovanın əlində alət idi, yəni alətin aləti idi. Gedib Gürcüstanda sığınacaq tapıb ermənipərəst qüvvələrin əlində alətə çevrilmişdi, şəbəkə yaratmışdılar. Məqsədləri də Azərbaycanda sabitliyi pozmaq və bununla ölkəmizdə inkişafın qarşısını almaq, vətəndaş həmrəyliyini pozmaq idi. İndi belə adamlara siyasi məhbusmu adı verilməlidir?! Necə olur ki, bu gün erməni saytları, erməni ziyalıları Əfqan Muxtarlını müdafiə etməyə başlayıblar? Həmin erməni mətbuatı, ziyalıları girov götürülən iki soydaşımızın müdafiəsi ilə bağlı niyə səslərini çıxarmırlar? Amma Əfqan Muxtarlının müdafiəsinə qalxırlar. Bu fərqin səbəbi nədir? Çünki bu iki nəfər vətənini sevir, amma Əfqan Muxtarlı satqındır. Onu qəhrəman səviyyəsinə qaldırırlar. İstəyirlər onu siyasi məhbus elan etsinlər, indi də yazsınlar ki, Azərbaycanda 101 siyasi məhbus var.

– Elman bəy, Əfqan Muxtarlı ilə bağlı istintaq başa çatmayıb, ortada məhkəmə hökmü yoxdur, amma siz bəri başdan onu «satqın», «anti-Azərbaycan qüvvələrin əlində alət» adlandırırsınız. Bu bir deputat tərəfindən, özü də parlamentin İnsan haqları komitəsinin üzvü tərəfindən qanunun, bir insanın haqlarının pozulması deyilmi?

– Bilirsiniz, ictimai qınaq deyilən bir şey var. Millət vəkilliyi qalsın bir qırağa, mən vətənini sevən bir insan kimi düşünürəm. Siz deyən kimi, hələ onu ittiham etməyək. Heç ona «satqın» da deməyək, başqa ifadələr də işlətməyək. Onda mən sual verirəm. Bu Əfqan Muxtarlının axı nəyinə... «O olmasın, bu olsun»da məşhur ifadə var: «Axı, bunun nəyinə aşiq olublar?». Nədən Ermənistanda və Gürcüstanda ermənipərəst QHT-lər, «Freedom House» kimi təşkilatlar Əfqan Muxtarlının müdafiəsinə qalxıblar? Nədən erməni mətbuatı onu milli qəhrəman səviyyəsinə qaldırıb? Bu suallara cavab tapa bilmirəm. Əslində, bilirəm cavabını, erməni Azərbaycanı hansı gündə görmək istəyirsə, yəni burda xaos, vətəndaş qarşıdurması, sabitliyin pozulmasını istəyirsə, Əfqan Muxtarlı da məhz bu niyyətin gerçəkləşməsi üçün çalışır. Bu yerdə mən ictimai qınaq prizmasından çıxış edərək deyirəm ki, bu xəyanətdir! Mənim bu ifadələri işlətməyimin əsası var və xahiş edirəm, məni düzgün başa düşün.

– Əfqan Muxtarlının həbsi bu gün beynəlxalq mətbuatın da diqqətindədir. Səbəblərdən biri jurnalistin başına torba keçirilərək Azərbaycana gətirilməsidir, hər halda, özü və vəkili belə söyləyir. Bu deyiləndən sonra Azərbaycan hökuməti, az qala, adam oğrusu kimi qələmə verilir. Elman bəy, bu durumda Azərbaycanla bağlı bu imici Əfqan Muxtarlı yaradır, yoxsa ölkənin xüsusi-xidmət orqanlarının keçirdiyi əməliyyat? Sizcə, vətəndaş niyə bu şəkildə saxlanılmalıdır?

– Hadisələrin təhlili onu göstərir ki, Əfqan Muxtarlı bir fiqurdur, böyük bir şəbəkənin tərkib hissəsidir. Daha böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimiləri toplayıblar, orda böyük maliyyədən, təşkilatlanmadan da söhbət gedir. Söhbət təkcə Əfqan Muxtarlıdan getsəydi, təbii ki, heç onun bu şəkildə həbsinə də ehtiyac qalmazdı. Həmin şəbəkə Azərbaycanda pozuculuq fəaliyyətini həyata keçirən Əfqan Muxtarlını təbii ki, qoruyur və çalışacaqdılar ki, onun Azərbaycana gətirilməsinin qarşısını alsınlar. Bu baxımdan, Azərbaycanın Gürcüstanla birgə belə bir addım atması xüsusi-xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Bunun da özünəməxsus qaydaları, prinsipləri var. Təhlükəsizlik prinsiplərinə uyğun olaraq, Əfqan Muxtarlının Azərbaycana gətirilməsi bu şəkildə reallaşdırılıb. Yenə deyirəm, söhbət böyük şəbəkədən gedir, həmin şəbəkə də Əfqan Muxtarlının Azərbaycana gedib çıxmaması üçün hər cür addım ata bilərdi, çox böyük qarşıdurma yarana bilərdi. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanları çox böyük peşəkarlıq göstəriblər. Peşə vərdişlərinə uyğun olaraq bu addımı atıblar. Burda qarşıdurma, toqquşma baş vermədən fəaliyyətində cinayət tərkibi olan şəxs artıq Azərbaycana gətirilib. Onun gətirilməsinə don geyindirmək, fərqli mülahizələr irəli sürmək, Azərbaycan tərəfi ittiham etmək heç bir real əsasa malik deyil. Əslində, həbsin bu şəkildə olması ağlabatandır. Və son illərdə reallaşdırılan çox uğurlu tədbirlərdən biri kimi dəyərləndirilə bilər.

– Elman bəy, dəqiqləşdirək, siz Əfqan Muxtarlının bu cür gətirilməsinə, yəni başına torba keçirilərək, az qala, oğurlanmasına haqq qazandırırsınız?

– Onun başına torba keçirilib-keçirilməyib, bu kimi texniki nüanslarla bağlı məlumatlı deyiləm. Amma onu bilirəm ki, bütün addımlar təhlükəsizlik məntiqindən çıxış edilərək atılıb. Bu zaman beynəlxalq hüququn tələblərinə riayət olunub. ABŞ-ın İraqdakı hərbi əməliyyatları zamanı biz şahid olmuşuq ki, bəzən texniki və peşəkarlıq səviyyəsində qüsurlar olması həyata keçirilən addımın uğurlu alınmasına gətirib çıxarmayıb. Bu baxımdan, Muxtarlının Azərbaycana gətirilməsi zamanı bəzi addımlar texniki şəraitin diktəsi altında atılıb. Bu da beynəlxalq praktikada dəfələrlə sınaqdan keçirilib, Azərbaycanın icadı deyil. Burda insan hüquqlarının pozulması kimi yanaşmalar çox gülünc görünür. Əfqan Muxtarlı gətiriləndə burnumu qanayıb? Gətirilməsində hüquqlarımı pozulub?

– Vəkilinin dediyinə görə, gətirilərkən jurnalist döyülüb, hətta qabırğası sındırılıb.

– Müxtəlif ittihamlar səslənə bilər. İnformasiya əsridir, istənilən təhrif olunmuş məlumatı yaymaq olar. Amma bir həqiqət dəyişməzdir, Muxtarlı Azərbaycanda təhlükəsizlik mühitinin pozulmasına xidmət göstərən şəbəkənin üzvü olub, ona görə də saxlanılıb. Bundan sonra onun fəaliyyətinə hüquqi müstəvidə qiymət veriləcək. Belə insanlar ictimai qınaq obyektinə çevrilməlidir.

– Elman bəy...

– Gəlin söhbəti yekunlaşdıraq.

– O zaman son sual. Jurnalist Elmar Hüseynovun qətlindən az sonra rəsmi qurumlar qətli törədən iki nəfərin axtarışda olduğunu bəyan etdilər. Bir qədər sonra mətbuat yazdı ki, axtarışda olan bu adamlar Gürcüstanda yaşayırlar, hətta onların ünvanı da göstərildi. Niyə Azərbaycanın hüquq-mühafizə orqanları Elmarın qatillərini və ya rəsmi versiyaya görə, ADNA-da törədilən aksiyanın təşkilatçısı sayılan erməni əsilli şəxsi də həbs edilərək bura gətirmədilər? Eyni operativliyi göstərmədilər?

– Bir var dəqiq məlumat, bir də var versiyalar. Bir şeyi deyim ki, Azərbaycan hüquq-mühafizə orqanları cinayətin açılması faizinə görə peşəkardırlar. Azərbaycan polisi, mühafizə qurumlarımız üzərlərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirirlər. Azərbaycanda çox az cinayət ola bilər ki, üstü açılmasın. Bu da zaman məsələsidir, geci-tezi var. Cinayəti törədənlər mütləq tapılıb cəzalarını alırlar. Elmar Hüseynovun qatillərinin hələ tapılmaması o demək deyil ki, tapılmayacaqlar. Bir gün mütləq məhkəmə qarşısında cavab verəcəklər.

– O qətlin üstündən artıq 12 il ötür.

– Amma elə cinayətlər var ki, 10 ildən çox keçir, həmin cinayətkar özü dünyasını dəyişir, bununla belə, cinayətin üstü açılmır. Beynəlxalq hüquqda belə nümunələr olub. Ancaq qiyabi də olsa, onlar öz cəzalarını çəkəcəklər.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumları onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG