Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Mustafa Hacılı: 'Bunu eləməkləri bəs deyil...'


O.Kazımov və M.Hacılı
O.Kazımov və M.Hacılı

Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacılıya 2 il sınaq müddəti olmaqla, 5 il 6 ay şərti cəza verilib. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Hökmdə yazılıb ki, M.Hacılının rəhbərlik etdiyi bastainfo.com saytında Gəncə hadisələri və Mingəçevir SES-də ölkəni işıqsız qoyan qəza ilə bağlı yazılarda dövlət əleyhinə çağırış xarakterli fikirlər yer alıb. Lakin məhkəmə onun himayəsində azyaşlı övladını, üçüncü qrup Qarabağ əlili olmasını nəzərə alaraq, ona münasibətdə CM-in 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

«7 aydır siyasi təqiblərlə üz-üzəyəm»

Hökmdən öncə M.Hacılı məhkəmədə ifadə verib. Deyib ki, bu, Azərbaycanda söz-ifadə azadlığına qarşı qurulmuş məhkəmədir. CM-in 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və 281-ci (dövlət əleyhinə çağırışlar) maddələri ilə ona verilən ittihamların əsassız olduğunu deyən M.Hacılının sözlərinə görə, prokurorluq məhkəmə hökmü olmadan, hətta istintaqda da dindirmədən onun haqqında rəsmi məlumat yayaraq, təqsirsizlik prezumpsiyası hüququnu pozub.

«Prokurorluğun həmin məlumatı yayılandan bəri 7 aydır ki, siyasi motivli təqiblərlə üz-üzəyəm. Prokurorluqda bəzən 10-11 saat davam edən dindirmələrdə təzyiqlə üzləşmişəm. Sayt məhkəmə qərarı olmadan bloklanıb. Mobil telefonum, kompüterim «DTX-da ekspertizadadır» adı altında aylarla qaytarılmayıb. Əgər ədalət mühakiməsi varsa, məhkəmə mənə qarşı bu cinayət işini nəinki xətm etməli, hətta bu qanunsuzluğa görə mənim tapdalanan hüquqlarımı tanımalıdır. Məhkəmə mənə bu mənəvi təzyiqləri yaşadanların məsuliyyətə cəlb edilməsi üçün təqdimat verməlidir», – M.Hacılı ifadəsində bildirib.

Baş redaktor deyir ki, onu vəzifəli şəxs kimi təqdim etmək absurddur, çünki onun nəinki vəzifəsi, heç iş yeri yoxdur. Onun sözlərinə görə, bir məqaləni sayta yerləşdirmək vəzifə saxtakarlığı deyil: «Məsələn, Dövlət Gömrük Komitəsinin keçmiş sədri rəsmi sənədlərdə, yaxud komitənin saytında toplanmış gömrük haqlarının məbləğini doğru göstərməyibsə, əgər o, deputat Vahid Əhmədovun dediyi kimi, ildə bir milyard manat vəsaiti gizlədibsə, bu, vəzifə saxtakarlığı və sənəd saxtakarlığıdır».

«O fotoya diqqətlə baxanda görünürdü ki...»

M.Hacılı Gəncədə sabiq icra başçısı E.Vəliyevin güllələnməsi və həmin hadisəyə görə həbs olunan Yunis Səfərovun üzərində zorakılıq əlamətləri olan fotosunun yayılması barədə də danışıb. Bildirib ki, həmin günlərdə Azərbaycan hökumətinin özü bir-birinə zidd məlumatlar yaymaqla cəmiyyəti çaşdırırdı. M.Hacılı prezidentin köməkçisi Əli Həsənovun müsahibələrini yada salıb. Hadisə barədə ilk açıqlamasında Ə.Həsənov E.Vəliyevin güllələnməsini «adi kriminal olay» adlandırmışdı. Bir neçə gün sonra isə baş verənlər terror kimi qiymətləndirildi: «Yaxud da Yunis Səfərovun qanlı fotosu yayılanda əvvəlcə Daxili İşlər Nazirliyi açıqlama yaydı ki, Yunis Səfərov deyil. Bir gün sonra yenə elə həmin nazirliyin sözçüsü dedi ki, Yunis Səfərov saxlanılarkən polisə müqavimət göstərib, bu səbəbdən zərərsizləşdiriləndə xəsarət alıb. Xüsusən Yunis Səfərovun üzərində işgəncə əlamətləri olan şəkillərinin yayılması adamlarda qəzəb yaradırdı. Hətta o fotoya diqqətlə baxanda görünürdü ki, adamın əynindən şalvarını da çıxarıblar. Dövlət orqanında bu cür halların baş verməsi nə deməkdir? Bunu eləməkləri bəs deyil, hələ bir paylaşırdılar. Bu şəkillər paylaşılandan sonra sosial şəbəkələrdə ictimai etirazlar başladı».

M.Hacılıdan sonra prokuror çıxış edərək, ittihamların məhkəmə istintaqında sübuta yetirildiyini bildirib. O, baş redaktorun 5 il 6 ay azadlıqdan məhrum edilməsini, amma CM-in 70-ci maddəsi tətbiq olunmasını - 2 il sınaq müddəti təyin edilməkdə, şərti cəza verilməsini təklif edib.

Ardınca M.Hacılının vəkili Osman Kazımov müdafiə çıxışı edib, müvəkkilinə bəraət verilməsini istəyib.

Daha sonra M.Hacılıya son söz demək təklif olunanda o, qısa danışıb: «Mənim son söz deməyim üçün tezdir. Mən nə qədər yaşayıram, azad sözün tərəfində olacağam. Nə qədər sağam, haqq sözümü deməyə davam edəcəm. Rəsulzadənin partiyasının əsgəri olacam və bu əqidədə də mübarizəmi davam etdirəcəyəm».

Bundan sonra hakimlər müşavirəyə gedib və bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü elan edib.

Xatırlatma

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. Saytda Mingəçevirdəki Su Elektrik Stansiyasında qəza və bütün ölkənin işıqsız qalması fonunda yenə də repressiyaların davam etməsi, bir də Gəncənin icra başçısı E.Vəliyevin güllələnməsi haqda iki yazıya görə M.Hacılıya qarşı 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlar üzrə 8 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG