Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

'İstəyirdim, insanlar belə korrupsioner məmurları tanısınlar...'


N.İsmayılov (Xoca)
N.İsmayılov (Xoca)

«Bu məlumatları yaymaqda yeganə məqsədim o idi ki, insanlar belə korrupsioner məmurları tanısınlar. Mənim nə Etibar Priverdiyevlə, nə də Elmar Vəliyevlə düşmənçiliyim vardı...», - Qarabağ müharibəsinin iştirakçısı, «Bozqurd» batalyonunun komandiri Nurəddin İsmayılov (Xoca) fevralın 14-də məhkəməsində belə deyib.

Rəhbərlik etdiyi teref.info saytında ötən ilin yayında Mingəçevir Su Elektrik Stansiyasında bütün ölkənin işıqsız qalmasına səbəb olan qəza, ardınca da Gəncədə icra başçısının güllələnməsi barədə yazılara görə dövlət əleyhinə çağırışlarda suçlanan N.Xocanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Məhkəmədə ifadə verən N.Xoca özünü təqsirli bilmədiyini deyib. Bildirib ki, əvvəla, onun saytında dərc edilən və ittihamda bəhs olunan iki yazının heç birində dövlətə qarşı çağırış yoxdur: «İkincisi də, o yazılar başqa saytdan götürülüb. Mən Etibar Pirverdiyevlə («Azərenerji»nin sabiq rəhbəri-red.) bağlı yazını da istinadla vermişəm. İstinad olunan yazıya görə məsuliyyəti mən daşımıram. Yazıların biri musavat.com saytından götürülüb. O da hökumətyönlü saytdır. Fikirləşirəm, orada dövlətə qarşı heç nə ola bilməz axı...».

«İstəmirəm ki, kimsə dövlətin əleyhinə informasiya yaysın»

N.Xoca deyir ki, bu dövləti quran adamlardan biri özüdür, onun dövlət əleyhinə çağırışda ittiham olunması absurddur: «Bu dövləti mən qurmuşam, onun əleyhinə necə çağırış edə bilərəm?».

Hazırda məhkəməsi gedən digər iki jurnalistin (criminalaz.com saytının baş redaktoru Anar Məmmədov və bastainfo.com saytının rəhbəri Mustafa Hacılı) işində olduğu kimi, bu cinayət işində də teref.info-dakı yazıları oxuyub narahatlıq keçirdiyini, həyəcanlandığını iddia edən iki şahid var. Onlar ər-arvaddır.

Məhkəmədə şahid qismində ifadəyə başlamazdan öncə «şahidin andı» mətnini üzündən oxumağı bacarmayan Ürfan Dadaşovun saytdakı yazını necə oxuyub həyəcanlandığını N.Xocanın vəkili Elçin Sadıqov şahiddən soruşub. Deyib ki, yazını həyat yoldaşının köməyi ilə oxuyub: «Ötən ilin iyulunda evdə yoldaşımla oturmuşdum, teref.info saytına baxırdım. Gördüm ki, orada işıqların sönməsi və Gəncə hadisələri ilə bağlı yalan məlumatlar yazılıb. Buna görə yoldaşımla şəhər prokurorluğuna gəldik, şikayət ərizəsi verdik. Mən anamı-atamı itirmiş, yetim adamam. Bu dövlət mənə baxıb, kimsəsizlər evində böyümüşəm. İstəmirəm ki, kimsə dövlətin əleyhinə informasiya yaysın».

Ü.Dadaşovun həyat yoldaşı Rəhilə Məmmədova da bənzər ifadə verib.

Məhkəmə fevralın 18-də davam edəcək.

N.Xocaya qarşı CM-in 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, lakin o, həbs olunmayıb, istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

Jurnalistlər A.Məmmədov və M.Hacılı da eyni maddələr üzrə mühakimə olunur.

İttihamlar təsdiqlənərsə, N.Xoca 8 ilədək azadlıqdan məhrum edilə bilər.

XS
SM
MD
LG