Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:04

Boykot qərarını oxuyan fəalın saxlandığı və... buraxıldığı bildirilir


Siyasi Məhbus Ailələrini Koordinasiya Mərkəzi təmsilçiləri
Siyasi Məhbus Ailələrini Koordinasiya Mərkəzi təmsilçiləri

“Müsəlman Birliyi” hərəkatının fəalı, martın 27-də günorta saxlanılan Xaliq Siyabov axşam saat 20.00 radələrində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən buraxılıb. Dindar fəalın yaxınlarının AzadlıqRadiosu-na bildirdiyinə görə, onun saxlanması bir gün öncə Nardaran məhbuslarının müdafiəsilə bağlı keçirilmiş tədbirdə iştirakıyla əlaqədar olub. Həmin tədbirdə X.Siyabov “Müsəlman Birliyi” hərəkatının prezident seçkisini boykot etməsi barədə bəyanatı elan edib.

Yaxınlarının deməsinə görə, dindar fəal idarədə saxlandığı müddətdə təzyiqlərə məruz qalıb, bir daha belə tədbirlərdə iştirak edəcəyi halda, aqibətinin pis olacağıyla hədələnib: “Ümumiyyətlə, bu cür tədbirlərin keçirilməməsi tələb olunub. Bildirilib ki, əgər təkrarlansa, hətta orada iştirak edən qadınlar üçün də pis olacaq”.

X.Siyabovun saxlanması və təzyiqlərə məruz qalması haqda yaxınlarının söylədiklərinə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

***

"Müsəlman Birliyi" Hərəkatının daha bir üzvü Xalid Siyabovun saxlandığı bildirilir. Bu barədə AzadlıqRadiosu-na onun yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, Siyabov martın 27-də günorta saat 12 radələrində evdən çıxıb. O, hərəkatın başqa bir üzvü ilə görüşə gedib: "Görüşə az qalmış həmin adama zəng edib deyib ki, onu tutdular. Amma onu hansı orqanın əməkdaşlarının saxladığı, hara aparılması haqda heç bir söz deməyib", yaxınları vurğulayıblar.

Yaxınları hesab edir ki, Xalid Siyabovun saxlanması martın 26-da siyasi məhbus sayılan şəxslərin müdafiəsinə həsr olunmuş tədbirdəki çıxışı ilə bağlıdır. Orada Xalid Siyabov "Müsəlman Birliyi" Hərəkatının aprelin 11-nə təyin edilən prezident seçkilərini boykot etməsi haqda bəyanatı səsləndirmişdi. Bəyanatı hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri yayıb.

Xalid Siyabovun saxlanması haqda yaxınlarının söylədiklərinə Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb.

Onu bir neçə ay öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının saxladığı da bildirilmişdi. Onda ona xəbərdarlıq edildiyi deyilirdi. Həmin vaxt da məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

“Müsəlman Birliyi” Hərəkatının sədri, onun müavinləri və bir çox fəalı hazırda həbsdədir. Onlar 2015-ci il noyabrın 26-da baş verən Nardaran hadisələrinə görə, qətl və bir sıra ağır cinayətlərdə ittiham ediliblər. Nardaran hadisələri zamanı 6 nəfər qətlə yetirilib. Ancaq “Müsəlman Birliyi” Hərəkatının təmsilçiləri qətl və başqa cinayətlərdə ittihamları qəbul etmirlər.

***

"Müsəlman Birliyi" hərəkatı da Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkisini boykot etmək qərarı verib. Bu barədə martın 26-da Siyasi Məhbus Ailələrini Koordinasiya Mərkəzinin toplantısında Hərəkatın təmsilçiləri məlumat verib.

"Təəssüf ki, hələ də ölkəmizdə ədalətli məhkəmə, şəffaf seçki sistemi yoxdur. İllərdir ki, bu millət ədalətsiz məhkəmələrdən, saxta seçkilərdən, haqsız həbslərdən əziyyət çəkir. Əlbəttə, bütün bunlar heç bir halda, zülmlə barışmağımıza səbəb olmamalıdır.

Növbədənkənar seçkinin əvvəlkilər kimi formal xarakter daşıyacağını nəzərə alıb, təşkilat olaraq onu boykot edirik", – hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri boykot qərarı ilə bağlı bəyanatında belə yazıb.

2015-ci il noyabrında güc orqanları Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatda «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Onlara bir sıra ağır ittihamlar irəli sürülüb, uzunmüddətli həbs cəzaları kəsilib.

“TƏZYİQLƏR BAŞLAYIB”

Toplantıda Məhbus Ailələrini Koordinasiya Mərkəzinin üzvü Zəfər Əhmədli bildirib ki, Milli Şuranın martın 31-nə təyin etdiyi mitinq öncəsi təzyiqlər başlayıb: "Hər dəfə mitinq öncəsi bu cür hallar yaşanır. Cəmiyyətdə xof yaratmamaqdan ötrü mitinqin təşkilatçıları bir sıra faktları açıqlamır. Bu gün də səhərdən xoşagəlməz xəbərlər alırıq".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin hazırladığı siyahıda 160 nəfərdən çox adamın adı var, onların da 100-ə yaxını dindar kəsimin nümayəndələridir: "Nardaran hadisələri ilə əlaqədar 200-ə qədər adam həbs olunmuşdu. Onlardan bir qisminə inzibati həbs cəzası verildi, 82 nəfərə cinayət işi açıldı. Bu gün də onların 60-dan çoxu həbsdədir. Bir çox dindarlar var ki, axtarışa verildiyinə görə ev-eşiyindən didərgin düşüb".

Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini əsas müxalifət partiyaları boykot edib, ölkədə demokratik seçki üçün şərait olmadığını bildiriblər. Hakimiyyət təmsilçiləri isə bu fikirlə razı deyillər. Hakimiyyət “siyasi məhbus” ifadəsini də qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.

Toplantıda son günlərin əsas müzakirə mövzularından olan mübarizədə etik sərhədlər məsələsinə də toxunulub. O.Gülalıyev deyir ki, hakimiyyət əks tərəfdən etik çərçivədə mübarizə tələb edir, amma bu qaydanı da ən çox özü pozur: "Adamın evinə hücum edib, gülləbaran eləmək, özlərini tutub aparıb ağlasığmaz işgəncə vermək, uzunmüddətli həbsə məhkum eləmək etik hərəkətdi? Adamların yaxınlarını şərləyib həbsə salmaqla ondan imtinaya məcbur eləməyin adı etik mübarizədirmi?"

O.Gülalıyev söyləyib ki, siyasi mühacirlərin yaxınlarına qarşı təzyiqlərlə bağlı hesabat hazırlanıb, yaxın günlərdə açıqlanacaq.

Hollandiyada yaşayan mühacir Orduxan Temirxanın bacıları və digər yaxınlarının polis idarəsinə aparılması yada salınıb.

Toplantı iştirakçıları siyasi məhbusların müdafiəsilə bağlı koalisiyanın genişləndirilməsi haqda təkliflər irəli sürüblər.

Xatırlatma

Prezidentin köməkçisi Ə.Həsənov bir müddət öncə də Facebook səhifəsində oxşar statusla çıxış etmişdi. Həmin statusunda prezidentin köməkçisi bəzi mühacirlərə üz tutaraq yazırdı ki, «heç olmasa aralarında yaşadığınız bu avropalılardan siyasi mübarizə mədəniyyəti öyrənəydiniz».

Mühacirlər iddia edirlər ki, onlardan qisas almaq məqsədilə Azərbaycandakı qohumlarını incidirlər. Azərbaycanın hüquq-mühafizə orqanları isə bəyan edirlər ki, ölkədə heç kim qohumlarının siyasi əqidəsinə görə basqılarla üzləşmir və belə şikayətlərin heç bir əsası yoxdur.

Son həftələr Azərbaycandan mühacirət edən bəzi siyasi fəallar Avropa şəhərlərində prezident İ.Əliyevin nümunəsində «Diktatoru tanıdaq» adlı aksiyalar keçirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG