Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

1945-ci ildə Amerika və alman əsgərlərin müttəfiq olduqları son və yeganə döyüş


"Son döyüş" musiqili klipindən kadr
"Son döyüş" musiqili klipindən kadr

“The National Interest” saytında Sebastien Roblin yazır ki, İtter Qəsri döyüşü Amerika qüvvələri ilə Vermaxt əsgərlərinin çiyin-çiyinə SS qüvvələrinə qarşı vuruşduqları yeganə döyüşdür.

Əslində İkinci Dünya Müharbəsinin bu unikal səhnəsi barədə Stephen Harding-ın “Son döyüş” kitabı 2014-cü ildə çapdan çıxıb. Tarixin bu səhifəsini əsk etdirən musiqili videoklip də var.

Məqalədə nəql olunur ki, Avstriyadakı orta əsrlərə aid İtter qəsrini 1943-cü ildə Heinrich Himmler çox bəyənmiş və öz himayəsi altına almışdı, hərçənd bu qala inzibati baxımdan Daxau ölüm düşərgəsinin nəzdində hesab olunurdu.

Himmler burada Fransanın siyasi və mədəniyyət elitasını əsirlikdə saxlayırdı.

Lakin bu qəsrdə 1945-ci ilin mayında Hollivud filminin ssenarisi olmağa layiq hadisələr baş verəcəkdi.

Heinrich Himmler Daxau ölüm düşərgəsinə baş çəkərkən
Heinrich Himmler Daxau ölüm düşərgəsinə baş çəkərkən

Harding-in kitabında Fransanın 14 VİP əsirindən söhbət açılır. İtter qəsrində saxlanan fransızların arasında İkinci Dünya Müharibəsinin başlanğıcında hakimiyyətdə olmuş hər iki baş nazir - Édouard Daladier və Paul Reynaud da vardı.

Fransanın ali komandanları Maxime Weygand və Maurice Gamelin də burda saxlanırdılar.

Himmler Fransanın mühacirətdəki hökuməti “Azad Fransanın” lideri Charles de Gaulle-un bacısı Marie-Agnès Cailliau-nu və Birinci Dünya Müharibəsi zamanı Fransaya başçılıq etmiş George Clemenceau-nun oğlu Michel Clemenceau-nu, Fransanın tennis ulduzu Jean Borotranı da bu həbsxanaya atmışdı.

Roblin yazır ki, müxtəlif siyasi oriyentasiyaları təmsil edən fransızlar bir-birlərinə sidq-ürəkdən nifrət edirdilər, amma onların hamısını müharibənin son günlərində edam edilmək xofu bir arada saxlayırdı.

Maraqlıdır ki, Himmler bu dəyərli əsirlərdən siyasi məqsədləri üçün istifadə etməmişdi və 1945-ci ilin mayında Avstriya torpağı boyunca irəliləyən Amerika əsgərləri də İtter qəsrinin nə dərəcədə əhəmiyyətli bir obyekt olduğundan xəbərsizdilər.

Mayın 4-də qalanın kommendantı Sebastian Wimmer qaçıb aradan çıxmışdı. Onun ardınca həbsxananın keşiçkçiləri də əkilmişdilər. Əsirlər hətta kiçik silahlarla silahlanmışdılar, amma dörd bir tərəf təslim olmağa tələsməyən Vaffen SS dəstələri ilə dolu idi.

Bu qaladakı əsirlərdən biri – xorvat müqavimətinin döyüşçüsü Zvonimir Cuckovic hələ mayın 2-də qaladan çıxıb yaxınlaşmaqda olan Amerika qoşunları ilə əlaqə yaratmaq istəsə də ağır artilleriya atəşi altına düşmüşdü.

Onun ardınca mayın 4-də qəsrin çex aşpazı Andreas Krobot velosipedlə qaladan çıxmış və amerikalılarla ikinci əlaqə cəhdində bulunmuşdu.

Edouard Daladier rüsvayçı Münhen sazişini imzalayır, 1938
Edouard Daladier rüsvayçı Münhen sazişini imzalayır, 1938

Aşpaz Vörql şəhərində alman mayor Josef Gangl-la görüşmüşdü. Bu mayorun komandirlik etdiyi hərbi birləşmə ABŞ-ın 12-ci zirehli diviziyasının hücumunun qarşısını almalıydı.

Amma mayor bunun əvəzində Avstriya antifaşist müqaviməti ilə əlaqəyə girmiş və hətta onları silahlandırmışdı.

SS dəstələrinə amerikalılarla əməkdaşlığa meyl göstərən avstriyalıları güllələmək əmr olunmuşdu.

Daha sonra mayor Gangl öz kiçik dəstəsi və aşpaz Krobotla birlikdə İtter qəsrinə yollanmışdı. Bu dəstə qaladakı əsirləri SS-dən müdafiə etməli idi.

Amma Gangl-ın dəstəsi qəsrə gedən yolda, Kufsteyn kəndi yaxınlığında Amerika ordusunun 23-cü zirehli batalyonunun kiçik kəşfiyyat qrupu ilə üz-üzə gəlmişdi. Dörd Sherman tankından ibarət kəşfiyyat dəstəsinə leytenant John “Jack” Lee komandirlik edirdi.

Gangl ağ bayraq qaldırmış və situasiyanı amerikalılara izah etmişdi. Nyu Yorklu komandir qərara gəlmişdi ki, İtter qəsrini SS qoşunlarından alman əsgərlərlə birlikdə müdafiə edəcək.

Amerika əsgərləri Fransa sahillərinə desant çıxarır (1944)
Amerika əsgərləri Fransa sahillərinə desant çıxarır (1944)

Onlar ətrafda səpələnmiş SS-çilərin pulemyot atəşlərini yararaq və minalanmış körpünü keçərək qəsrə çata bilmilşdilər.

“Birləşmiş dəstə” qəsrə daxil olanda yalnız 14 alman və 10 amerikalı döyüşçü sağ qalmışdı.

Fransız əsirlər xilaskarlarını elə də böyük ruh yüksəkliyi ilə qarşılamamışdılar.

Əksinə, keçmiş baş nazir Reynaud sonralar yazırdı ki, amerikalıların komandiri Lee “yaman kobud adam idi”.

Buna baxmayaraq leytenant Lee özünün Sherman tankını qəsrin girişində yerləşdirmiş, silahlı fransız əsirlərə isə yaxşıca gizlənməyi tapşırmışdı. İnsafən fransızlar bu təklifi qəbul etməmiş və döyüşən amerikalılara və almanlara qoşulmuşdular.

Mayın 5-də bir neçə SS hücumunu dəf etmək lazım gəlmişdi.

Yalnız bundan sonra amerikalıların əsas qüvvələri gəlib çıxmışdı.

Qısa döyüşdən sonra 200-dək SS əsgəri əsir alınmışdı. Fransızlar isə mayın 10-da Parisə göndərilmişdilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG