Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 06:59

Müctəba Xameneinin qlobal kleptokratiyası necə işləyir? – Müsahibə

Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Maks Meyzliş
Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı Maks Meyzliş

Ayətullah Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin hava zərbələri nəticəsində öldürülməsindən sonra, martın 8-də oğlu Müctəba Xamenei ölkənin yeni ali rəhbəri elan edilib. Uzun illər "sirli fiqur" kimi tanınan Müctəba, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə ali rəhbərliyin nəhəng maliyyə imperiyası arasındakı əlaqələri tənzimləyən əsas kölgə gücü hesab olunur.

"Bloomberg" və ABŞ Maliyyə Nazirliyinin son hesabatlarına görə, M.Xamenei yüz milyonlarla dollar dəyərində mürəkkəb ofşor daşınmaz əmlak şəbəkəsinə rəhbərlik edir. Maraqlıdır ki, o, ali rəhbər təyin olunduğu gündən bəri ictimaiyyət qarşısına çıxmayıb. Bu isə onun da hücumlar zamanı həlak olması və ya ağır yaralanması barədə şayiələri alovlandırıb.

İranın inqilabi teokratiyadan irsi və təhlükəsizlik strukturlarına söykənən kleptokratiyaya (oğru hakimiyyəti) çevrilməsi məsələsini AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğlu araşdırıb. O, mövzu ilə bağlı Demokratiyaların Müdafiəsi Fondunun tədqiqatçısı və ABŞ Xəzinədarlığının (OFAC) keçmiş əməkdaşı Maks Meyzlişsöhbət edib.

Meyzlişin sözlərinə görə, SEPAH və rejim elitası illərdir dövlət aktivlərini mənimsəmək üçün geniş kommersiya şəbəkələri qurub. M.Xamenei isə bu sistemin mərkəzində dayanaraq həm böyük sərvət, həm də siyasi təsir rıçaqları əldə edib.

Bu şəbəkədə 'bonyad'lar (yarı-rəsmi fondlar) xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərir: "Amma əslində bu fondlar vəsaitlərin SEPAH və rejim elitasının nəzarətinə ötürülməsi üçün bir vasitədir. Toplanan maliyyə resursları nəticədə rejimin terror şəbəkələrini — HƏMAS, "Hizbullah", husilər və digər proksi qruplaşmaları dəstəkləmək üçün istifadə olunur".

Tehranda Əli Xamenei və onun oğlu, varisi Müctəba Xameneinin şəkilləri olan banner.
Tehranda Əli Xamenei və onun oğlu, varisi Müctəba Xameneinin şəkilləri olan banner.

Qlobal bazarlarda "kölgə bankçılığı"

Tədqiqatçı qeyd edir ki, İranın maliyyə axınları Qərb paytaxtlarındakı "kölgə bankçılığı" vasitəsilə tənzimlənir. Təkcə 2024-cü ildə ABŞ-ın müxbir bankları vasitəsilə İranın neft və ağır sənaye sektoruna xidmət edən 9 milyard dollara yaxın vəsait dövr edib. Bu vəsaitlər mürəkkəb ofşor sxemlərlə sanksiyalardan yayınaraq Qərb maliyyə institutlarından keçir. Əsas maliyyə qovşaqları kimi Honq-Konq (Çin) və BƏƏ çıxış edir; Sinqapur, Malayziya və Oman da bu zəncirin mühüm halqalarıdır.

Meyzliş bu şəbəkənin tətbiq olunan sanksiyalara rəğmən, hələ də mövcudluğunu qorumasını siyasi iradə və resurs amili ilə izah edir. Belə ki, ABŞ Maliyyə Nazirliyinin (Xəzinədarlıq) indiyədək həyata keçirdiyi tədbirlər, əsasən, "standart" xarakter daşıyıb və daha dərin strukturları hədəf almayıb: "Ən diqqətçəkən məqam aprelin 28-də üzə çıxıb: Həm Çin, həm də maraqlıdır ki, Böyük Britaniyanın bank sistemində Müctəba Xameneinin aktivləri ilə bağlı olan və minlərlə kölgə firmasını idarə edən onlarla şirkət müəyyən edilib".

Ekspertin fikrincə, bu, beynəlxalq maliyyə institutlarına ünvanlanmış ciddi mesajdır: "Əgər balansınızda bu qurumlara və onlara bağlı minlərlə firmaya mənfəət gətirən aktivlər varsa və siz onları dondurmasanız, növbəti hədəf bank olaraq siz olacaqsınız".

Şəbəkənin hələ də fəaliyyət göstərməsinin səbəblərinə toxunan Meyzliş bunun siyasi seçimdən asılı olduğunu vurğulayıb: "Məsələn, müharibəyə iki ayda 25 milyard dollar xərcləndiyi halda, son 10 ildə maliyyə kəşfiyyatı strukturlarına cəmi 3.3 milyard dollar ayrılıb. Bu o deməkdir ki, resurslar müharibənin qarşısını almağa deyil, daha çox onun aparılmasına yönəldilir".

XS
SM
MD
LG