İranın milli valyutası rial ABŞ dolları qarşısında rekord səviyyədə dəyər itirib. İki aydır davam edən münaqişə sanksiyalar altında olan iqtisadiyyata getdikcə daha çox təsir göstərir.
Rial aprelin 29-da dollar qarşısında rekord həddə — 1.81 milyona qədər ucuzlaşsa da, növbəti gün itirdiyi dəyərin bir hissəsini bərpa edib. İran mediasının məlumatına görə, son günlərdə rial təxminən 15 faiz ucuzlaşıb.
Fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri, həmçinin Vaşinqtonun İran limanları və gəmilərinə qarşı tətbiq etdiyi dəniz blokadası Tehranın həyati əhəmiyyətli neft ixracını pozub, daxili istehsalı zəiflədib və inflyasiyanı sürətləndirib.
İran və ABŞ aprelin 8-də atəşkəsə razılaşsalar da, Vaşinqton aprelin 13-də blokada tətbiq etməklə iqtisadi təzyiqi daha da gücləndirib. Bu addım Tehranın ixrac yolu ilə bərk valyuta əldə etməsini xeyli çətinləşdirib.
Müharibədən əvvəl 40 faizdən yuxarı olan illik inflyasiya, aprelin 4-nə olan məlumata görə, 50 faizə yüksəlib. Bu rəqəmləri İran Mərkəzi Bankı açıqlayıb.
İranlılar deyirlər ki, münaqişə başlayandan düyü, yumurta və toyuq kimi əsas ərzaq məhsulları kəskin bahalaşıb. Yanvarda hökumətə qarşı baş vermiş irimiqyaslı etirazların əsas səbəblərindən biri də məhz yüksək inflyasiya idi. Həmin etirazlar amansızlıqla yatırılıb, minlərlə insan həlak olub.
İran da ABŞ və müttəfiqlərinə ciddi iqtisadi zərbə vurmağa çalışır. ABŞ və İsrailin hava zərbələrinə cavab olaraq Hörmüz boğazını beynəlxalq gəmiçiliyin üzünə faktiki olaraq bağlayıb. Bu addım beynəlxalq enerji bazarlarında qarışıqlıq yaradıb.
Aprelin 29-da "Brent" nefti 7 faiz bahalaşaraq 126 dolları keçib. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan bəri görülən ən yüksək qiymətdir.