Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 20:57

ABŞ: Çinin 'çaydan' zavodları İran nefti alır - sanksiya gəlir

Çanqsinq adasında 'Hengli Petrochemical' şirkətinin yeni neft emalı və neft-kimya kompleksi
Çanqsinq adasında 'Hengli Petrochemical' şirkətinin yeni neft emalı və neft-kimya kompleksi

ABŞ Maliyyə Nazirliyi xəbərdarlıq edib ki, Çinin "çaydan" adlanan kiçik müstəqil neft emalı zavodları İran neftinin idxalında oynadıqları rola görə sanksiya riski ilə üz-üzədir. Sözügedən müəssisələr, əsasən, Şandun əyalətində fəaliyyət göstərir.

Nazirliyin məlumatına görə, Çin İranın neft ixracının təxminən 90 faizini alır və bunun böyük hissəsi məhz həmin kiçik emal müəssisələrində işlənir. Tehran isə bundan gəlir əldə edir.

"Bu gəlir son nəticədə İran rejiminə, onun silah proqramlarına və hərbi fəaliyyətinə xidmət edir", - Xəzinədarlıq açıqlamasında bildirib.

ABŞ maliyyə naziri Skott Bessent deyib ki, Vaşinqton İranın beynəlxalq kölgə bankçılığı şəbəkəsini, kölgə donanmasını və Tehranın neft ticarətini dəstəkləyən Çinin "çaydan" zavodlarını hədəf alaraq iqtisadi təzyiqi artırıb. Bu addımlar administrasiyanın "maksimum təzyiq" kampaniyasının bir hissəsidir.

Bessent əlavə edib ki, İranın əsas neft ixrac mərkəzi olan Xarq adasında anbar tutumu, demək olar ki, dolmaq üzrədir. Bu isə Tehranı hasilatı azaltmağa vadar edə bilər. Onun sözlərinə görə, bu, İranın gündə təxminən 170 milyon dollar gəlir itirməsinə və "İranın neft infrastrukturuna daimi ziyan" vurmasına səbəb olar.

"Hengli"yə sanksiya tətbiq olunub

Pekin isə ABŞ-nin "Hengli" neft emalı zavoduna tətbiq etdiyi sanksiyalara etiraz bildirib və Vaşinqtonun sözügedən şirkətin İran neftinin tədarükündə "həddindən artıq mühüm rol oynaması" barədə iddialarını əsassız adlandırıb.

ABŞ Xəzinədarlığı ötən həftə Çinin Lyaonin əyalətindəki "Hengli Petrochemical" neft emalı zavodunu "milyardlarla dollarlıq" İran nefti aldığına görə sanksiyaya məruz qoyub. Vaşinqton bu zavodun İranın neft iqtisadiyyatının saxlanmasında mühüm rol oynadığını bildirir. "Hengli" Çində ikinci ən böyük "çaydan" zavodudur və, Xəzinədarlığın məlumatına görə, "İranın silahlı qüvvələrindən xam neft alışında əsas rol oynayır".

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bu qərarı rədd edərək bildirib ki, Pekin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara hər zaman qəti şəkildə qarşı çıxıb.

Sözçü Vaşinqtonu sanksiyaları "düşünülməmiş şəkildə" tətbiq etməyi dayandırmağa çağırıb. "Hengli" şirkəti də ittihamları rədd edərək İranla heç vaxt ticarət aparmadığını bildirib.

Tanker Xarq adasındakı neft terminalına yan almağa hazırlaşarkən, İran hərbi kateri ərazidə patrul çəkir.
Tanker Xarq adasındakı neft terminalına yan almağa hazırlaşarkən, İran hərbi kateri ərazidə patrul çəkir.

İranın "kölgə donanması" hədəfdə

Vaşinqton İranın "kölgə donanması"nın bir hissəsi olduğu bildirilən 40-dək gəmi və gəmiçilik şirkətini də hədəfə alır. Bu donanma beynəlxalq sanksiyalara baxmayaraq, Tehrana yaxın ölkələrə neft daşıyır.

Fevralın 28-də ABŞ və İsrail İrana qarşı bombardmana başlayandan sonra Tehran Hörmüz boğazını faktiki olaraq bağlayıb. Vaşinqton da İran limanlarına blokada tətbiq edir. Dünyada neft və mayeləşdirilmiş təbii qazın təxminən 20 faizi bu strateji keçiddən daşınır.

Son illərdə Çinin "çaydan" zavodları İranla əlaqələrinə görə mütəmadi olaraq ABŞ sanksiyalarının hədəfinə çevrilir. Tramp administrasiyası 2025-ci ilin aprelində İran neftini tədarük etdiklərinə görə "Shandong Shengxing Chemical" zavodu da daxil olmaqla, dörd belə müəssisəyə qarşı sanksiya tətbiq edib.

Avropa İttifaqı (Aİ) da aprelin 23-də Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə Çin subyektlərini daxil edib. Məqsəd Rusiyanın əvvəlki sanksiyalardan üçüncü ölkələr vasitəsilə yayınmasının qarşısını almaqdır. Altı Çin şirkəti və bir nəfərə qarşı sanksiyalar tətbiq edilib. Həmçinin əlavə 21 qurum üçün ikili təyinatlı mallara ixrac məhdudiyyətlərinin sərtləşdirilməsi nəzərdə tutulur. İkili təyinatlı mallar həm mülki, həm də hərbi məqsədlər üçün istifadəsi mümkün olan məhsul və texnologiyalardır.

Pekin aprelin 25-də bəyan edib ki, yerli şirkətlərin qanuni hüquq və maraqlarını qətiyyətlə qorumaq məqsədilə bütün zəruri tədbirlər görüləcək. Çin tərəfi yaranacaq nəticələrə görə birbaşa Avropa İttifaqının (Aİ) məsuliyyət daşıyacağını xüsusi vurğulayıb.

Çinin Ticarət Nazirliyi isə Aİ-də yerləşən yeddi şirkəti Tayvan hakimiyyəti ilə hərbi əməkdaşlıq iddiası ilə ikili təyinatlı malların ixracına dair qara siyahıya daxil edib.

XS
SM
MD
LG