Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Özbəkistanda seçki. ATƏT-in ilkin rəyi açıqlandı


Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Müşahidəçilərin fikrincə, Kodirovun vergi təklifinin niyyəti elə Mirziyoyevin daha çox səs yığmasını təmin etmək idi

Şavkat Mirziyoyevin 80.1 faiz səs yığdığı bildirilir. Mərkəzi Seçki Komissiyası seçicilərin 80 faizinin səsverməyə getdiyini açıqlayıb.

***

Ölkədə gedən islahatlarda müəyyən canlanmaya baxmayaraq, seçki “gerçəkdən rəqabətli keçməyib”. Bunu ATƏT-in rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bildirir.

“Fundamental azadlıqlara və seçkidə iştiraka məhdudiyyətlər ATƏT öhdəliklərinə ziddir. Seçkiyə çoxsaylı namizəd getsə də, bir - biri və seçicilərlə mənalı ünsiyyət baş verməyib, namizədlər vəzifədə olan prezidenti tənqid etməkdən çəkiniblər”, – ATƏT-in ilkin rəyində deyilir.

Qurumun məlumatına görə, seçki məntəqələrində səssayma prosedurları “çox vaxt izlənməyib, yekun protokollardakı rəqəmlərlə müşahidə aparılan bir çox məntəqələrin nəticələri üst-üstə düşməyib”.

***

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin oktyabrın 24-də keçirilmiş seçkinin qalibi elan olunması gözlənilir. Seçkidə real müxalifət iştirak etməyib.

Mirziyoyevin rəqibləri az tanınan, əsasən hökumətyönlü dörd namizəd olub. Üç müxalifət partiyasının seçkiyə namizəd qeydə aldırmasına imkan verilməyib.

Kərimovdan fərqi və...

Birinci prezidentlik müddətini başa vurmaq üzrə olan Mirziyoyev hökumətin avtoritarizmə meyllənməsi fikirlərinin doğru olmadığını göstərməyə çalışır. Mirziyoyev ölkəni xarici sərmayəyə açıb, qonşularla münasibətləri yaxşılaşdırıb, dini azadlıqlara məhdudiyyətləri yüngülləşdirib və onlarla siyasi məhbusu azad edib.

Ancaq sələfi İslam Kərimov kimi o da məhdudiyyətsiz siyasi hakimiyyət sərgiləyir, qohumları isə sərvət yığmaqda suçlanır.

COVID-19 pandemiyası da Mirziyoyevin ilkin iqtisadi uğurlarına kölgə salıb, işsizlik yüksəlib, həyat səviyyəsi bahalanıb. Seçkiqabağı isə tənqidçilər susdurulub.

Seçici fəallığı azalıb

Oktyabrın 24-də axşam seçki komissiyasının başçısı Zeynəddin Nizomxocayev seçici fəallığının 80.8 faiz olduğunu deyib. Beş il qabaq prezident seçkisində bu rəqəm 87.73 idi.

20 milyondan çox insanın səsvermə hüququ var.

İlkin nəticələr bu gün – oktyabrın 25-də açıqlanacaq.

2016-cı ildə Mirziyoyevin səslərin 88.6 faizini yığdığı açıqlanmışdı.

Özbəkistan qanunvericiliyi yalnız rəsmi qeydiyyatı olan partiyaların seçkilərə qatılmasına imkan verir. Qeydiyyata alınmamış üç müxalifət partiyası namizəd irəli sürmək niyyətini açıqlasa da, onların heç birinə bu şans verilmədi.

Rəqibin təklifi

Namizədlərdən biri Əlişir Kodirov ölkə xaricində işləyən özbəklərin Özbəkistanda vergi verməsi təklifini irəli sürmüşdü. Özbəklər bu təklifdən narazı idilər, çünki çoxları xaricdəki qohumlarının göndərdiyi pulla dolanır.

Mirziyoyev də açıq çəkildə Kodirovun təklifinə qarşı çıxırdı. Müşahidəçilərin fikrincə, Kodirovun vergi təklifinin niyyəti elə Mirziyoyevin daha çox səs yığmasını təmin etmək idi. Kodirovun Milli Dirçəliş Partiyası Mirziyoyevin Özbəkistan Liberal Demokratik Partiyası ilə parlamentdə koalisiya təşkil edir.

ATƏT oktyabrın 8-də aralıq hesabatında qeyd edirdi ki, “bəzi sosial və siyasi məsələlərdə tənqidi fikir bildirmək imkanı artır, amma jurnalistlərin və blogerlərin qorxudulması, media üçün məhdud hüquqi çərçivə kimi vacib məsələlər açıq qalır”.

Qərb müşahidəçiləri indiyədək Özbəkistanda keçirilən heç bir seçkini azad və demokratik hesab etməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG