Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

‘Milli Məclisdə 125 deputat azdır, sayın artırılmasına ehtiyac var’


Milli Məclis, 23 fevral 2016
Milli Məclis, 23 fevral 2016

Azərbaycan hökuməti bu il sosial sahədə bir sıra addımlar həyata keçirib. Minimum əməkhaqqı, bir sıra müavinətlər, təqaüdlər artırılıb. Eyni zamanda, prezident 10 min dollara qədər banklara kredit borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman verib. Hökumət, bütün bunları sosial paketin tərkib hissəsi sayır. Üstəlik, prezident bu günlərdə bəyan edib ki, məhkəmə-hüquq sistemində də islahatlara ehtiyac var.

Bu baxımdan bəzi təhlilçilər də hesab edir ki, ölkədə siyasi islahatlar olmadan iqtisadi, sosial sahədə atılan addımılar ciddi effekt verməyəcək.

Bunun belə olub-olmadığı ilə bağlı biz də bəzi təhlilçilərə üz tutduq.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı vurğulayır ki, ölkədə siyasi quruluş prezidentli respublikadır, belə olanda daxildə islahatlar keçirməklə təkmilləşdirmə aparılır.

Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010
Məhərrəm Zülfüqarlı, 10 noyabr 2010

Məhərrəm Zülfüqarlı hesab edir ki, siyasi islahatlara sovet dövründə ehtiyac olub:

“Milli-azadlıq hərəkatı nəticəsində müstəqilliyimizi bərpa etdik və Azərbaycan Respublikasının əsası qoyuldu. İndi də siyasi sistemin təkmilləşməsi aparılır və bu proses davamlı olacaq. Necə ki, ABŞ, Fransa və İngiltərə siyasi sisteminin də təkmilləşməyə ehtiyacı var, Azərbaycanın da”.

“2003-cü ildən islahat sözü...”

Amma Mərkəzi seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov fərqli düşünür. Onun fikrincə, bütün islahatların təməlində bir neçə amil dayanır, onlardan önəmlisi qanunvericilik əsaslarının yaradılmasıdır:

“Bundan sonra həmin sahənin inkişafı üçün mühit formalaşdırılmalıdır”

Akif Qurbanov, 17 oktyabr 2013
Akif Qurbanov, 17 oktyabr 2013

​Akif Qurbanov bildirib ki, 2003-cü ildən islahat sözü yüksək səslə ifadə olunsa da, hakimiyyət hələ bir nəticəyə çıxmayıb:

“16 il sonra prezident məhkəmə-hüquq islahatlarına ehtiyacın olduğunu deyirsə, deməli, ciddi məsafə qət olunmayıb. Sadəcə, Azərbaycan Avropa Şurasına üzv olarkən, Avropa İnsan Haqları Konvensiyasına qoşularkən götürdüyü öhdəlikləri yerinə yetirməyib. Yaxud, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları məcburi xarakter daşısa da, məhkəmə qərarlarının icrasına yalnız şəxslərə yönəlik fərdi kompensasiyaların ödənilməsi kimi baxıb. Halbuki, qərarlarda ümumi tədbirlər də qeyd olunub. Yəni Ali Məhkəmənin Plenumu tərəfindən bunun icrasına dair qərarların verilməsinə ehtiyac var. Əgər, bu addımlar atılmayıbsa, hər hansı siyasi islahatlardan danışmaq mümkün deyil”.

A.Qurbanovun fikrincə, siyasi-iqtisadi islahatların gerçəkləşməsindən ötrü zəmin olmalıdır:

“Bu zəmin də məhkəmə-hüquq islahatlarından keçir. Azad məhkəmə yoxdursa, siyasi və iqtisadi islahatların özünü doğrultması mümkün deyil. Bütün bunlar üçün siyasi iradə nümayiş etdirilməlidir” .

“Nazirliklərin sayı azalmalıdır”

Məhərrəm Zülfüqarlı siyasi islahatlar deyəndə, ilk növbədə dövlət aparatının Qərb modelinə uyğunlaşdırılmasına diqqət yetirilməsini əsas sayır:

“Nazirliklərin sayı azalmalıdır. Məsələn, Qərb ölkələrində kiçik hökumət modeli var. Amma Azərbaycanda elə nazirliklər var ki, tədricən onlara ehtiyac qalmır. Ona görə bu nazirliklərdə ixtisarlara ehtiyac var, həm də həmin nazirlikləri bölgələrə köçürmək lazımdır. Konkret olaraq, sahələr üzrə nazirlikləri regionlara köçürmək olar, ardınca onlara ehtiyac olduğunu araşdırmaq və müzakirəyə çıxartmaq vacibdir”.

“Məhkəmə islahatları dedikdə...”

AVCİYA Seçki Qərargahının rəhbəri məhkəmə islahatları dedikdə şüurlarda inqilabın vacib olduğunu düşünür:

“Yəni məhkəmələrin müstəqilliyi təmin olunmalıdır. Rayon məhkəməsi icra hakimiyyətinin tapşırığı ilə işlərə baxmamalıdır. Azərbaycanda hələ bu problemlər qalır, əgər buna nail olsaq hakimiyyətin bir-birindən asılı olmayan üç qolu inkişaf edəcək və cəmiyyətin tərəqqisinə təkan olacaq. Prezident özü də məhkəmə islahatlarına toxundu. Yaxud korrupsiyaya qarşı mübarizə idarəsi var, hər il hesabatlar yayır, mübarizə aparır, amma problem qalır. Vətəndaşlar da bu problemlərin həllində fəal olmalıdır”.

M.Zülfüqarlı məhkəmə islahatı ilə bərabər təhsil sahəsində islahatlara ehtiyacın olduğunu deyib:

“Deputatlar özlərinin əmək haqqından çox danışsalar da,...”

“2010-cu ildə Boloniya sisteminə keçilsə də, bir çox müddəalarına əməl olunmur. Maaşlar bu sistemə uyğun deyil, gənclərin elmə gəlməsi üçün stimul yoxdur. Heç olmasa qardaş Türkiyənin təhsil işçilərinin əməkhaqqına baxılsın, onların verdiyi maaş qədər də olmasa, ona yaxın əməkhaqqı verilsin. Məsələn, elmlər doktorunun maaşı çox aşağıdır. Azərbaycan varlı ölkədir, hər yerdə də sürətli inkişafımız olduğunu deyirik. Deputatlar özlərinin əmək haqqından çox danışsalar da, gözlərinin nurunu elmdə əridən alimləri yada salmırlar. Yəqin ki, bunlar nəzərə alınacaq”.

M.Zülfüqarlı bildirib ki, Azərbaycanda Venessiya Komissiyasının tövsiyyəsi ilə seçki qanunvericiliyində islahatlar aparılıb:

“ Komissiyanın bir çox təklifləri nəzərə alındı. İndi də təkmilləşməyə ehtiyac var. Məsələn, sovet dövründə Azərbaycanda 360 deputat yeri vardısa, hazırda 125 yerdir. Elə deputat var ki, 60 min səs alıb deputat olursa, başqa biri 30 min səslə. Ona görə böyük dairələri iki yerə bölüb iki nəfərin mandat almasına şərait yaradılmalıdr. Milli Məclisdə 125 deputat azdır, sayın artmasına ehtiyac var”

“ Ciddi islahat paketi referenduma çıxarılmalıdır”

Azərbaycanda prezident seçkisi, Bakı, 11 aprel 2018
Azərbaycanda prezident seçkisi, Bakı, 11 aprel 2018

Akif Qurbanov isə hesab edir ki, siyasi islahatlardan ötrü ilk öncə siyasi mühitin azad şəkildə formalaşması və opponentlərə münasibəti dəyişmək lazımdır:

“Bir şəxsin iki dəfədən artıq prezident seçilməmək məhdudiyyəti bərpa edilməlidir”

“ Birinci, ciddi islahat paketi referenduma çıxarılmalıdır. Azərbaycanda icra, qanunvericilik və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri bərabər əsasda formalaşmalı, nəzarət mexanizmi bərabər şəkildə təmin olunmalıdır. İkinci, bir şəxsin iki dəfədən artıq prezident seçilməmək məhdudiyyəti bərpa edilməlidir. Üçüncü, proporsional seçki sistemi (Hazırda mojoritar seçki sistemidir. Deputatlar fərdi qaydada seçilir. Proporsinal sistemde partiya siyahılarından sohbet gedir.Azərbaycanda əvvəl qarışıq sistem olub-A.R) bərpa olunmalıdır. Referendumun ardınca seçki qanunvericiliyində ciddi islahatlar aparılmalıdır ki, bura seçki prosesində iştirak, maliyyə resurslarına çıxışın rahat əldə edilməsi, seçki kampaniyasında şərtlər dəyişməlidir. Bilirsiniz, əsas məhkəmə-hüquq sistemində islahatlar olmalıdır, bu olmadan demokratik seçki keçirmək mümkün deyil. İcra hakimiyyətinin pozduğu hüquqları məhkəmə bərpa etməlidir. Paralel olaraq institlar formalaşmalı, siyasi partiyalara münasibət dəyişməli, fikir plüralizminin formalaşması üçün mühit yaradılmalı, ifadə azadlığını məhdudlaşdıran amillər aradan qaldırılmalıdır”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG