Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:22

Bakıda 'Qadına şiddətə yox' aksiyası keçirilib


«Qadına şiddətə yox!» aksiyası
«Qadına şiddətə yox!» aksiyası

Martın 8-i axşam saatlarına yaxın «Qadına şiddətə yox!» aksiyasında saxlananların hamısının sərbəst buraxıldığı açıqlanıb.

+++

İctimai fəalların bildirməsinə görə, «Qadına şiddətə yox!» aksiyasında saxlananlardan bəziləri buraxılıb. Amma aksiya iştirakçılarından 4 şəxsin hələ də Yasamal Rayon Polis İdarəsinin 27 saylı Polis Bölməsində olduğu qeyd olunur.

Bu deyilənləri, hələlik, sözügedən bölmə və Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Bu gün, martın 8-də bir qrup şəxs metronun «Nizami» stansiyası yaxınlığında «Qadına şiddətə yox!» şüarı ilə aksiya keçirib. Aksiyaya yalnız xanımlar yox, bəzi kişilər də qatılıb.

Saat təqribən 14 radələrində aksiya iştirakçılarından bəziləri «Azad qadın» heykəlinin önünə toplaşmaq istəyib. Buna polislər imkan verməyib. Aksiya iştirakçılarının əlindəki plakatlar da alınıb.

Polis aksiyaçıları avtobus dayanacağına və metro stansiyasının girişinə doğru sıxışdırıb. Həmin vaxt bəzi naməlum qadınlar da aksiya iştirakçılarını qınayıblar, müəyyən gərginlik yaşanıb.

«Aksiyaya öyrədilmiş qadınlar qatılmışdılar. Elə əvvəldən təxribata can atdılar. Aksiyanın xanım iştirakçılarına hücum çəkmək istəyirdilər», - bunu jurnalist Xədicə İsmayıl bildirib. Onun sözlərinə görə, aksiyanın sonuna yaxın onlar təxribata əl atıblar və buna görə saxlananlar olub: «Hələlik, say deyə bilmirəm, dəqiqləşdirmələr lazımdır, amma saxlananlar var, bu faktdır».

Aksiya iştirakçıları ilə aralarında gərginlik düşən xanımlardan isə baş verənlərə münasibət almaq mümkün olmayıb. Amma ərazidəki bəzi qadınlar aksiya iştirakçılarına iradlarını «niyə əhalinin sakitliyini pozursunuz» kimi sözlərlə ifadə ediblər.

Son günlər sosial şəbəkələrdə «Feminist qadınlardan ibarət təşəbbüs qrupu» adından «8 Mart - zorakılığa qarşı get» «event»-i yaradılmışdı.

Bakı Şəhər Baş Polis İdarəsi də hələ bir gün əvvəl, martın 7-də yaydığı açıqlamada razılaşdırılmamış aksiyaya imkan verilməyəcəyini bildirmişdi. ««Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.... Razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq», - deyə AZƏRTAC-da yayılan açıqlamada bildirilirdi.

Saxlananlarla bağlı deyilənləri isə Bakı Şəhər Baş Polis İdarəsi və Daxili İşlər Nazirliyindən, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

XS
SM
MD
LG