Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:46

Təbriz yaxınlığında qayalıqlarda oyulmuş kənd [Video, Fotolar]


Təbriz yaxınlığında mağara-evlərdə yaşayan insanlar
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Təbriz yaxınlığında mağara-evlərdə yaşayan insanlar

Ramin Deko

Xüsusi olaraq AzadlıqRadiosu üçün

1397-ci illə 2018-ci ilin qovşağında qalan mağara-kənd…

Qayaları ovaraq özünə yuva quran yüzlərlə ailə illərdi mağaraya bənzər bu evlərdə yaşayır. Bu yaşayış məskəninin ətəyində hərəkət edən texnikanı, burdakı otelləri, müasir tikililəri görməsən, deyərsən, zaman tuneliylə gəlib orta çağlara düşmüşəm.

Yeni zaman gəlib buralaracan, ancaq camaat da öz adət-ənənəsini, yaşayış tərzini yeni zamanacan gətirib çıxarıb. Yenə kiçik hücrələrinə qısılıb ömür sürürlər.

Söhbət Kənduvandan gedir - Təbrizdən 58 kilometr məsafədə, dağların arasında yerləşən bir köydən. Üskü bölgəsinə tabe olan bu kəndə getmək o qədər də çətin deyil. Təbrizdən, Urmiyədən, eləcə də İran Azərbaycanının başqa vilayətlərindən bura marşrut xətti işləyir. Amma ziyarətçilər daha çox xüsusi avtomobillərə üstünlük verirlər.

Turizm, əkinçilik, arıçılıq və maldarlıq

Kənduvana gedən yol dağların arasından çəkilsə də, yaxşıdı. Amma çöllü-biyabanlıq yol boyu adamın gözünü yorur. Tez-tələsik Kənduvana ayaq basıb, bulaq suyundan içib gözəl mənzərəyə tamaşa etmək istəyirsən. Axı gözün də dincəlmək haqqı var.

Kənduvana ayaq basan kimi yol boyu gördüyün boz mənzərələr tamamilə unudulur, hər şey ağ-qaradan al-əlvan rənglərə keçir. Bu kənd ovuc içi boyda olsa da, gəzməklə bitmir. Tin-dalanlar, üzü yonulmuş qayalıqlar adamı orta əsrlərə aparır. Çapılmış daşlar nizə, qılınc izinə bənzəyir. Adama elə gəlir elə bu an o balaca evin arxasından kimsə ürəyinə xəncər saplayasaq. Amma uşaqların bir neçə metrlik evlərinin önündə düzəldilmiş eyvanvarı yerdə oynamaları, səs-küyləri insanı qara-qura fikirlərdən ayırır.

Kənduvanda 200-ə yaxın ev var. Əhalisi də 1000-ə çataçatdadı. Əsas məşğuliyyəti turizm, əkinçilik, arıçılıq və maldarlıqdır. Yayı sərin, qışı sərt keçən bu kənddə həyat istilər düşəndə qaynamağa başlayır. İlin 7-8 ayı başı qarlı dağlar kimi donur. Kənduvanda tam patriarxatlıq hökm sürür. Qadınlar toxuculuqla məşğul olur, kişilər mal-qaraya baxır, düzən torpaqları əkib-becərir, arıçılıqla məşğul olur, yaya - turistlərin gəlişinə hazırlıq görürlər.

Buna da bax: Təbrizdən son görüntülər

Buranın sakinləri varlıdı

Kənduvanda hamı varlıdı, çünki hər ailənin bir neçə evi var. Bir tinə burulursan onlarla ev var, amma sonra məlum olur ki, bura üç-dörd ailənindi. Dəhliz, qonaq otağı, məhsul hazırlamaq üçün, öz təbirləricə desək, fabrik, hamam-tualet, mətbəxin hər biri bir mənzildi. Sahəsi 3-4 kvadrat metrdən ibarət olan, əhənglə ağardılmış dümağ otaqlardan ailə başçıları övladlarına oynamaları üçün mənzil düzəldib. Köhnə evlərin damı günbəzə bənzəyir, sonradan düzəldilmişlər yolları kimi düzdü, üstü qırlanıb. Bir ailənin evinin damı başqa bir ailənin həyət-bacasıdı.

Buradakı evlərin 800-1000 il yaşı var. İnsanlar ulu babalarını – bu evdə ilk dəfə yaşamış insanların adını belə unutmayıblar. Hətta beyinlərində rəsmlərini də çizib övladlarına ötürüblər.

Kənduvanda nə məktəb var, nə də bağça. Uşaqlar dərs almaq üçün yaxınlıqdakı Səhənd kəndinə xüsusi ayrılmış mikroavtobuslarla gedir. Məktəb onlara daha çox yazıb-oxumaq üçün gərəkdi. Böyüklər öz bildiklərini şüuraltı balacalara ötürür, yazmağı cızma-qara da olsa bacarırlar. Əsas odu “Saqqallı uşaq” kimi haqq-hesabları divarlara, daşlara işarələmirlər, kiçik kağız parçalarına qeyd edirlər.

Yerə döşənmiş xalılar, patriarxatlıq və…

Yuxarıda dağların qoynunda evlərdi, aşağıda isə daşlı-çınqıllı yolda boy sırasıyla tikilmiş qapısı olmayan, piştaxtaya bənzər dükanlardı. Burada qışda hazırladıqları məhsulları satırlar. Şıdırğı alver gedir.

Kənduvanlılar Azərbaycan dilində danışsalar da, şivələri təbrizlilərdən, Üskü bölgəsində yaşayan sakinlərinkindən fərqlənir. Bir piştaxtanın önündən keçirik. Gözümüzə sataşan çəhrayı, əllə toxunan çantanın qıymətini soruşuruq. Satıcı bizə diqqət yetirmədən arvadına “Başuva daş düşsün”, “Köpəx qızı, cəhənnəm ol qazanı gətir”, “Belün qırılsın”, - dil boğaza qoymadan qarğış yağıdırır. Məlum olur ki, piştaxtanın yanında qaladığı ocaqda dovğa bişirməlidir, arvadı isə qazanı gətirməyib. Qadın isə kirmişcə ərinin ona verdiyi əmri yerinə yetirir, sonra çiyinlərinə düşmüş şalı başına qaldırıb uc hissəsini düyünləyir və toxumağa başlayır. Bir az ürkək halda yenidən qiyməti soruşuruq. Kişi hirslə “30 min tümən” (3 manat 75 qəpik) deyir, iri çəlləklərdəki ayranı qazana boşaldır. Patriarxatlıq hökm sürdüyü üçün qiyməti endirmədən kirmişcə çantanı alıb daşlı-çınqıllı yolun o biri üzünə atlayırıq - yeməkxanalar olan hissəyə.

Qayalıqdakı evlər boyda mətbəxi olan restoranlar Şərq üslubunda yerə döşənmiş xalılardan ibarətdi. Yerdə ya bardaş qurmalı, ya da iri yastıqlara dirsəklənib çox da zəngin olmayan menyüdən nəsə sifariş edirsən: kabab, özü də lüləkabab...

***

Kənduvan dağlıq ərazi olsa da, internetə daxil olmaq mümkündü. Amma bu, onların özünə yaddı. Sakinlər telefonu yalnız turistlərin əllərində görürlər. İnsanları gülərüz və safdılar. Onları aldatmaq, nəyəsə inandırmaq çox asandı. Amma hələ ki, kimsə onları aldatmağa çalışmayıb. Özləri belə deyirlər, bəlkə də aldanıblar, xəbərləri yoxdu. İranda indi hicri-şəmsi təqviminə görə 1397-ci ildi. Kənduvan isə 1397-ci illə 2018-ci ilin qovuşağında yerləşir…

Buna da bax: Urmiyə gölündən son görüntülər

Quruyan Urmiya gölündən son videogörüntülər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG