Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Azərbaycan məhkəmələri bir işə 50 aya baxır?


Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli

2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı cinayət işi başlananda xeyli qeyri-hökumət təşkilatının və onların rəhbərlərinin bank hesabına həbs, özlərinin də ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Üstündən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bir sıra təşkilat və rəhbərlərinə qadağalar hələ də qüvvədədir. Amma onlardan biri martın 4-də aradan qaldırılıb - Ali Məhkəmə Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin şikayətini təmin edib. Söhbət bank hesabı üzərindəki həbsin aradan qaldırılmasından gedir. Ə.Hacıbəylinin ölkədən çıxışına qadağa isə hələ də qüvvədədir.

Ə.Hacıbəyli AzadlıqRadiosuna danışır ki, istər ölkədən çıxışına məhdudiyyətin, istərsə də bank hesabı üzərindəki həbsin qanunsuzluğu məsələsini illərdir ki, Azərbaycan məhkəmələrində mübahisələndirir. Deyir ki, yerli məhkəmələrdəki süründürməçiliyə görə paralel olaraq, Avropa Məhkəməsinə də şikayət göndərmişdi. Orada bu şikayət üzrə artıq kommunikasiya (şikayətlə əlaqədar hökumətlə yazışmalar) mərhələsi başa çatır. Ancaq Azərbaycan məhkəmələrinə də müraciətlərini davam etdirib.

«50 aydan çoxdur ki, «istintaq gedir» bəhanəsi ilə qadağa var»

Hüquqşünasın sözlərinə görə, ötən beş ildə 19 dəfə məhkəmələrə müraciətindən sonra hesabının üzərindən həbsin götürülməsinə nail olub. Ölkədən çıxışına məhdudiyyət isə hələ də aradan qalxmadığına görə bu məsələ ilə əlaqədar yaxın vaxtlarda yenidən məhkəməyə müraciət etməlidir.

Bir işə görə məhkəmələrə illərlə ayaq döyməsinə gəlincə, Ə.Hacıbəyli bildirir ki, Azərbaycan məhkəmələri ən adi hallarla bağlı yekdil fikrə gələ bilmirlər.

QTH-lərlə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılırdı. Məhdudiyyətlər də prokurorluğun təqdimatı əsasında tətbiq olunmuşdu. Hüquqşünas bildirir ki, prokurorluğun hərəkətindən üç dəfə məhkəmə nəzarəti qaydasında iddia qaldırıb. Amma məhkəmə onun şikayətlərinin qəbulundan imtina barədə qərardad çıxarıb. Bundan verilən apellyasiya şikayətlərinin də nəticəsi olmayıb: «Qanunda yazılıb ki, şikayət qəbul edilməyəndə iddiaçıya izah olunmalıdır ki, o, hara müraciət etsin. Üçüncü dəfə apellyasiya məhkəməsində işimə baxılanda qanunun bu tələbini hakimlərə xatırlatdım. Dedilər ki, ölkədən çıxış məsələsinə görə inzibati məhkəməyə müraciət olunmalıdır, hesab üzərindəki həbs məsələsi mülki qaydada mübahisələndirilməlidir. Mən hüquqşünasam, bilirəm ki, istintaq orqanının hərəkətləri inzibati qaydada mübahisələndirilə bilməz. Amma bir halda ki, apellyasiya məhkəməsinin hakimləri belə deyir, o cür də etdim».

Hüquqşünas deyir ki, tövsiyəyə uyğun şəkildə yenidən məhkəmələrə müraciət edib. Amma yenə də şikayətlərinə baxmaqdan imtina olunub. Ayrı-ayrılıqda hər iki iş üzrə həm birinci, həm də apellyasiya instansiyasını keçib, Ali Məhkəməyə çıxandan sonra aşağı instansiya məhkəmələrinin qərarları ləğv olunub. Başqa sözlə, proses yenidən başlayıb. Bu dəfə məhkəmələr şikayətə baxıb, amma təmin etməyib. Yenə də iş gedib Ali Məhkəməyə çıxıb: «Bu dəfə Ali Məhkəmədə hakim Sənan Hacıyevin sədrliyi ilə məhkəmə iclası oldu, təxirə salındı. Orada da bildirdim ki, cinayət işi üzrə istintaq müddəti 10 aydır. Amma 50 aydan çoxdur ki, «istintaq gedir» bəhanəsiylə mənim hesablarım üzərində həbs, ölkədən çıxışıma qadağa var. Mən şahid statusunda dindirilmişəm, nə özüm, nə də təşkilatımla bağlı cinayət işi var».

Ali Məhkəmədə bu proses təxirə salındığı müddətdə - fevralın 13-də prokurorluq Səbail Rayon Məhkəməsinə təqdimat verib ki, hesab üzərindən həbs götürülsün. Martın 4-də Ali Məhkəmə də Səbail Rayon Məhkəməsinin sözügedən qərarını – artıq hesab üzərindən həbsin götürülməsini nəzərə alaraq icraata xitam verib.

Ə.Nuriyev
Ə.Nuriyev

«Bəzi hallarda hakimlər çatdıra bilmirlər»

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də yerli məhkəmələrdə bir sıra hallarda süründürməçiliyə, eyni məsələyə fərqli yanaşmalara yol verilməsi fikriylə razılaşır. Bunun vətəndaşların narazılığına səbəb olduğunu, amma məhkəmələrin fəaliyyətinə nəzarət edən Məhkəmə-Hüquq Şurasının bu cür hallara biganə qalmadığını vurğulayan hüquqşünas yada salır ki, Şura məhz bürokratiya, süründürməçiliyə görə xeyli hakimi cəzalandırıb. Hətta fəaliyyətinə xitam verilənlər olub. Ə.Nuriyev süründürməçilik hallarını həm də hakimlərin iş yükünün çox olmasıyla izah edir: «Məhkəmələrdə xüsusən mülki qaydada mübahisələr çoxdur, bəzi hallarda hakimlər çatdırmırlar. Düzdür, son hakim seçkilərindən sonra Bakıda, demək olar, artıq vakansiyalar dolub, amma rayonlarda yenə qalıb. Bəzən bürokratiya halları olur. Qərarın hazırlanıb tərəflərə çatdırılması prosesini uzadırlar. Bu da artıq məsuliyyət məsələsidir».

Məhkəmələrin eyni tipli işlərlə bağlı bir-birinə zidd nəticələr çıxarmasına gəlincə, Ə.Nuriyev hesab edir ki, məhkəmə sistemində qərarların ümumiləşdirilməsi məsələsinə diqqət yetirilməlidir. Onun fikrincə, bu məqsədlə hakimlər üçün treninqlərin artırılmasına və ölkədə məhkəmələrə inam və etimadın artırılması üçün cəmiyyətdəki psixoloji baryerlərin aradan qaldırılmasına ehtiyac var: «İnsanlarda məhkəmələrin ədalətli qərar çıxaracağına daxili inamın gücləndirilməsi istiqamətində işlər görülməlidir».

Azərbaycan prezidenti İlham Əliyev də bu günlərdə məhkəmə-hüquq sahəsində islahatlara ehtiyac olduğunu deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG