Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:43

S.Seyidov: 'Barışıq daha üstündür, nəinki hansısa qanunun icrası'


S.Seyidov
S.Seyidov

«Qanun qanundur, amma münasibət də var, sosial ədalət də var, humanist yanaşma da var. Hesab etmirəm ki, qanun pozulub, əksinə, qanunun tətbiqi öz yerində, ancaq qanunun tətbiqi zamanı cənab prezident humanist yanaşma göstərmişdir. Bunların arasında ziddiyyət görmürəm».

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində belə deyib.

AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqda olan Səməd Seyidov videobloqer Mehman Hüseynovla bağlı yeni ittihamlara xitam verilməsi, bunun beynəlxalq təşkilatda necə qarşılanması haqda danışıb:

- Hesab edirəm ki, bu, cənab prezidentin atdığı humanist addımdır. Yanvarın 18-də bir qrup qeyri-hökumət təşkilatı prezidentə bununla bağlı müraciət etmişdi. Daha sonra Mehman özü məktubla müraciət etdi. Bu iki müraciət üst-üstə düşdü və cənab prezident dərhal buna reaksiya verdi. Siz bir müddət əvvəl məndən müsahibə götürəndə danışmışdıq ki, bu məsələ həm beynəlxalq təşkilatlarda, həm də dünyanın başqa insan haqları təşkilatlarında da müzakirə olunmağa, bundan sui-istifadə edilməyə başlamışdı. Hesab edirəm ki, prezident bununla humanist addım atdı. O, cavan oğlandır, həbs müddəti artıq yekunlaşır və atasının yaşını, özünün vəziyyətini nəzərə alsaq, bu, çox düzgün və yerində olan hərəkətdir. Sui-istifadələrə, bu işin ətrafında qeyri-sağlam qüvvələrin vəziyyəti gərginləşdirmək cəhdlərinə qarşı həm humanist, həm obyektiv, həm Mehmanın özünə, həm də Azərbaycana xeyir gətirən bir addım atıldı.

- Səməd müəllim, indiyədək rəsmilər, elə siz özünüz də açıqlamalarınızda hüquq-mühafizə orqanlarının araşdırmasının başa çatmasını təklif edirdiniz. Amma prezident göstəriş verən kimi hüquq-mühafizə orqanları araşdırmanı dayandırıb dərhal həmin işə xitam verdilər. Bundan sonra hüquq-mühafizə orqanlarının müstəqilliyinə, ədalətinə inanmaq olarmı?

- Sizinlə müsahibədə demişdim ki, hüquq-mühafizə orqanlarının işinə şübhə etməyə əsasım yoxdur. Belə bir ifadə işlətmişdim. Cənab prezident də hər iki tərəfi barışmağa çağırırdı. Bu da yerinə yetirildi. O demək deyil ki, hansısa hadisə baş verməyib. Hadisə baş verib. Hüquq-mühafizə orqanları araşdırma aparıb, ancaq təkrar edirəm - bəzi faktorlar, onun yaşı (yeri gəlmişkən, hüquq-mühafizə orqanında çalışan da gəncdir) nəzərə alınaraq konstruktiv mövqe nümayiş etdirildi. Yəni, bu cür konstruktiv yanaşma, barışıq daha üstündür, nəinki hansısa qanunun icrasına əməl etmək. Qanun qanundur, amma münasibət də var, sosial ədalət də var, humanist yanaşma da var. Hesab etmirəm ki, qanun pozulub, əksinə, qanunun tətbiqi öz yerində, ancaq qanunun tətbiqi zamanı cənab prezident humanist yanaşma göstərmişdir. Bunların arasında ziddiyyət görmürəm.

- Siz Mehman Hüseynovun gənc olduğunu, prezidentin humanist yanaşma sərgilədiyini söylədiniz. İlkin Rüstəmzadə, Seymur Həzi, Qiyas İbrahimov, Bayram Məmmədov kimi gənclərlə bağlı da belə humanistlik göstərilməsi mümkündür?

- Təbii, heç kimin həbsxanada qalması arzulana bilməz. Allah hamının qapısını açsın. Hər kəsin öz məsuliyyəti var. Hər bir iş özəl şəkildə təhlil olunmalıdır, araşdırılmalıdır. Bu məsələ konkret olaraq Mehmanın, QHT-lərin müraciəti əsasında birbaşa prezidentin tapşırığı əsasında araşdırıldı. QHT-lər, məhbuslar hər an prezidentə müraciət edə bilərlər. Burda məhdudiyyət yoxdur. Bu da bir qanuni yoldur. Bu da cəmiyyətin püxtələşməsini, formalaşmasını göstərən amildir, bizim cəmiyyətdə vətəndaşın mövqeyi nəzərə alınır. Ancaq xahiş edirəm, bir məqamı yaddan çıxarmayaq.

- Hansı məqamı?

- Vətəndaş cəmiyyətinin, yəni, qeyri-hökumət təşkilatlarının, həmin məhbusların müraciəti də qanuni bir yoldur. Qanunsuz kimisə azad etmək, sadəcə, həbsxanaların qapısını açmaq xaosdur. Bu yoldan – sivil, qanuni, ədalətli, düzgün yoldan hər kəsin istifadə etməyə ixtiyarı var. O zaman məsələlər araşdırılacaq, obyektiv faktorlar nəzərə alınacaq və həllini tapa biləcək. Qanuni yolu xaotik proseslə qarışdıra bilmərik. Təzyiq və qanuni yol başqa-başqa şeylərdir. Mehmanın timsalında qanuni yoldan istifadə edilərək problem həllini tapdı. Hüquq-mühafizə orqanları öz işini ortaya qoydu, vətəndaş cəmiyyəti öz mövqeyini ortaya qoydu və vətəndaş cəmiyyəti ilə yanaşı, məhbus öz mövqeyini ortaya qoydu və bütün bunlar dövlət başçısı tərəfindən təhlil olunaraq qərar verildi. Bu, həm cəmiyyət, həm məhbus, həm də Azərbaycan üçün xeyirli oldu. Bu yoldan istifadə edəcəklərsə, çox şey etmək mümkündür və biz elə bu yolun tərəfdarıyıq.

- Mehman Hüseynovla bağlı qərar AŞPA-da necə qarşılandı?

- Bütün strukturlar, həmməruzəçilər, rəsmilər çox müsbət qarşıladılar. Buna qədər qeyri-sağlam qüvvələr bundan sui-istifadə edib üç məqamı gündəmə gətirmək istəyirdilər. Birincisi, Azərbaycan nümayəndə heyətinin yanvar sessiyasında təsdiqlənməsi məsələsi var, onun işini şübhə altına almaq istəyirdilər. İkincisi, nümayəndə heyətinin rəhbərinin vitse-prezident seçilməsini də şübhə altına almaq niyyəti vardı. Üçüncüsü də, Mehman məsələsini Avropa Parlamentində olduğu kimi ayrıca gündəmə gətirmək istəyirdilər. Amma alınmadı. Avropa Şurasında oturanlar da gördülər ki, demokratik cəmiyyətdə olan sivil yollardan istifadə edildi. İnsan Haqları Komitəsində dinləmələr oldu, məruzə etdim, məruzəçilər də bu addımı alqışladılar.

- Siz Mehman Hüseynov məsələsi ilə bağlı Avropa Şurasında nümayəndə heyətinin və konkret sizin bəzi problemlərlə üzləşəcəyinizi dediniz. Belə başa düşmək olar ki, bloqerlə bağlı atılan addım AŞPA-dakı nümayəndə heyətinin xeyrinə işləyib. Sizin işinizi orda bir xeyli asanlaşdırmış oldu.

- Mənim Avropa Şurasında fərdi işim yoxdur. Mən Avropa Şurasında Azərbaycanı təmsil edirəm və İlqar Məmmədovun, Mehman Hüseynovun məsələsi ilə bağlı addımlar bizim, Azərbaycanın burda ən əsas işinə - ərazi bütövlüyü, Dağlıq Qarabağ məsələsi, beynəlxalq qurumlarla konstruktiv əməkdaşlıq məsələlərinə kömək edir, işimizə müsbət təsir göstərir.

- Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennax AzadlıqRadiosuna deyib ki, indi beynəlxalq ictimaiyyət hakimiyyətdən növbəti addımları gözləyir, növbəti addım isə başqa siyasi məhbusların azadlığa çıxması ola bilər.

- Mən axı, artıq dedim ki, məruzəçilər bəyanat veriblər. Şennax burda bir bəyanat verib, orda başqa bəyanat verəcəksə, bu, onun öz işidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG